Rayonlardan seçki saxtakarlığı xəbərləri gəlməkdədir

Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin seçki qərərgahından «Azadlıq»a verilən məlumata görə, rayonlarda yerli icra strukturları müxalifət namizədinin təbliğatına maneələr yaratmaqdadır. Seçki qərərgahının rəhbəri səlahiyyətlərini icra edən Gözəl Bayramlının verdiyi məlumata görə, bu gün Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi, AXCP sədrinin müavini Nurəddin Məmmədlinin Lənkaranda seçicilərlə görüşünə imkan verilməyib. Belə ki, tədbirin keçiriləcəyi yer, C.Həsənlinin nümayəndəsi Elşən Axundova məxsus obyektin qapıları bağlanıb və heç kim ora buraxılmayıb.

N.Məmmədlinin “Azadlıq”a verdiyi məlumata görə, baş verənlərlər bağlı rayon polis idarəsinin müavini ilə görüşüb söhbət ediblər: “Rəsi müavini məni görüşü keçirməməyə razı salmaq istəyirdi. Ona bildirdim ki, əgər siz istəyirsiniz Lənkəran seçki şəraitinin olmadığı rayon kimi tarixə düşsün, bunu sizin üçün təşkil edə bilərəm. Bütün dünya bilər ki, Lənkəranda seçki şəraiti yoxdur”. 

Qanun pozuntusu ilə bağlı digər məlumat isə 58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən daxil olub. Müğan kəndində orta məktəbdə yerləşən 12 və 13 saylı seçki məntəqələrinin qarşısındakı lövhədən Milli Şuranın namizədi Cəmil Həsənlinin şəkilləri cırılır. Bu iş məntəqə sədri, məntəqənin yerləşdiyi məktəbin direktorunun tapşırığı ilə həyata keçirilir.

Fizzə