“Mən bu həyatda ilk dəfə Əbülfəz Elçibəy kimi xalqını sevən dövlət başçısı gördüm”
(Marqaret Tetçer).
Məşhur “Qurdlar vadisi – pusu” serialının son bölümündə baş qəhrəman Polad Ələmdarın Azərbaycandan bəhs edən monoloqunun məhz seçki ərəfəsində daxil edilməsi və məhz bu seriyadan əvvəl yaradıcı heyətin Qəbələ səfərinə mətbuatın geniş yer ayırması nəzərimizdən qaçmadı. Baş qəhrəman obrazını canlandıran Necati Şaşmaz və qardaşı, eyni zamanda, serialın ssenari müəllifi, həmçinin rejissoru olan Raci fövqəladə hallar naziri Kəmaləddin Heydərovla birlikdə obyektivlərə poz verirdilər.
Məsələ burasındadır ki, bu populyar heyət Azərbaycandakı oliqarx-məmurlar və onların övladlarının əlamətdar günlərinin “vazkeçilməz” qonaqlarına çevrilib. Nəzərə alsaq ki, Polad Ələmdar ondan adi bir müsahibə almaq üçün ağlasığmaz qiymət “oxuyur”, bir neçə günlük səfər və o məşhur monoloqa görə ödənilən məbləği təsəvvür etmək çətin deyil.
Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov da Polad Ələmdarın daimi müştərilərindədir. Çox güman ki, Kəmaləddin Heydərovun “Qurdlar vadisi” serialının qəhrəmanları ilə görüşünü əks etdirən fotolar da elə bu məqsədlə yayılmışdı ki, o “məşhur” monoloqun sifarişçisini məlum dairələr ayırd edə bilsin.
Məncə, ehtiyac yox idi, çünki Azərbaycan siyasi reallığına azacıq bələd olan hər kəsə bu monoloq çox tanışdır. Nöqtə-vergülünə dəymədən bu ifadələri Qüdrət Həsənquliyevin çıxışlarında da tapmaq mümkündür. Ona görə də bunu Anar Məmmədovun təşkil etdiyini iddia etmək ədalətsizlik olar və gəlin, hər kəsin “haqqını” özünə verək.
Inanmayacaqsınız, Polad Ələmdar obrazını yaradan Necati Şaşmaz iki il əvvəl isə Azərbaycana gəlmək və nə vaxtsa Əbülfəz Elçibəy obrazını canlandırmaq istədiyini bildirmişdi. Sonradan bunun hansı məqsədlərlə edildiyi məlum oldu…
Hətta serial çərçivəsində “Qurdlar vadisi – Qarabağ” ideyası, eləcə də “Elçibəy sevgisi”, sən demə, bir blef və ölkənin məmur-oliqarxları üçün “primanka” (tələ, yəni, pusu – X.Ə.) imiş. Onlar gözəl bilirdilər ki, bu anonsun ardından Azərbaycan hakimiyyəti onlarla təmasa keçəcək. Və oliqarx-məmurlar Qarabağ və Elçibəy “ideya”sının gerçəkləşməməsi üçün “fədakarlıq” yapacaqlar. Mesaj qəbul olundu… Ardından Polad Ələmdar və komandası Azərbaycanı “su yoluna” döndərdilər. Hər şey onların istədiyi kimi alındı, Qarabağ Qəbələ ilə, Əbülfəz Elçibəy də Heydər Əliyevlə “əvəzləndi”. Pul, yəni, para, serialın qayəsini – türkçülük ideyasını (!) sözün əsl mənasında “soldurdu”.
On ildən artıqdır ki, davam edən bu serial, Türkiyəni sözün əsl mənasında bezdirmişdi. Inadından dönməyən yaradıcı heyət sponsor problemi yaşayırdı. Dəfələrlə təkrarlanan süjet xətti artıq, mafiya filmlərinə parodiya təsiri bağışlayır, türk yazarların təbirincə desək, məşhur Kamal Sunal filmlərini xatırladırdı.
Serialda “öldürülən” personajların sayı bir neçə mini keçib, “yaralanların” hesabı isə artıq çoxdan itib. Türklər Polad Ələmdarı artıq unudulmaz Şaban obrazı ilə müqayisə edirlər. Atışma, döyüş səhnələri zamanı tamaşaçı ələ salınır. Təsəvvür edin, baş qəhrəman əlində “Naqan”, qəddini pozmadan meşədə gizlənmiş və müasir silahlarla təchiz edilmiş quldurların üzərinə gedir və… növbə ilə onları öldürür. Diqqətlə fikir versəniz, Polad Ələmdarın onlarla qulduru qətlə yetirdiyi səhnələrdə saç düzümü belə, dağılmır, ütülü kostyumu və uzun paltosuna toz belə qonmur.
Hollivudun mafiya filmlərinin süjet xətləri ustalıqla oğurlanır. Demək olar ki, hər seriyada məşhur “Xaç atası”, “Karlitonun yolu”, “Kazino” filmlərindən bir epizoda rast gəlmək mümkündür. Müasir, demokratik Türkiyə, serialda uzaq depressiya illərindəki ABŞ kimi təsvir edilirdi. Seriala inansaq, qardaş ölkədə korrupsiya və monopoliya baş alıb gedir, havadan barıt qoxusu gəlirdi.
Bütün bunlar mənim serial haqqında subyektiv fikirlərimdir və etiraf etmək lazımdır ki, serialın istər Türkiyədə, istərsə də Azərbaycanda auditoriyası var. Plagiatlıq baş alıb getsə də, əbədi və kəskin süjet xətti çoxlarını cəlb edir.
Belə bir şəraitdə serialın yapısına, qəhrəmanlarının xarakterinə uyğun gələn ən ideal türk dövlət başçısı obrazı yalnız və yalnız Elçıbəy ola bilərdi. Bunu unutdular, amma onun adını alver predmetinə çevirdilər. Necati və Raci Şaşmaz qardaşları yəqin ki, bunu Atatürkə yapmağa cəsarət etməzdilər.
Heç olmasa, buna şükür…