Pərviz Həşimliyə məcburi ərizə yazdırılıb

Jurnalist MTN-nin təcridxanasında saxlanılmasını istəmir

Vəkil Elçin Sadıqov oktyabrın 3-də MTN-nin təcridxanasında saxlanılan jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimli ilə görüşüb. Bu barədə “Azadlıq”a Elçin Sadıqovun özü məlumat verib. Onun sözlərinə görə, Pərviz Həşimlinin səhhəti normaldır. Lakin jurnalist saxlanma şəraitindən narazıdır: “Pərviz Həşimli kamerada tək saxlanılır. Kamerada təbii işıqlandırma yoxdur. Yaxınları ilə görüşə icazə verilmir. Müdafiə etdiyim şəxs Bakı İstintaq Təcridxanasına köçürülməsini istəyir”.
Elçin Sadıqov daha sonra bildirib ki, MTN təcridxanasının əməkdaşları ondan Pərviz Həşimli ilə görüşündə etdiyi qeydləri onlara verməyi tələb ediblər: “Mənə dedilər ki, onları rəhbərliyə göstərməlidirlər. Mən imtina etdim. Lakin  məni buraxmadılar, sonra məcburən qeydəri götürüb baxdılar. Dedilər ki, bu, rəhbərliyin göstərişidir”.
Elçin Sadıqov bunu vəkillik haqqında qanunun pozulması kimi qiymətləndirib və Baş Prokurorluğa, Vəkillər Kollegiyasına şikayətlə müraciət edib.
Vəkil həmçinin bildirib ki, Pərviz Həşimlinin həbsinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət qaldırılıb.
Eyni gündə Pərviz Həşimli ilə vəkil Anar Qasımlı da görüşüb. Bu barədə “Azadlıq”a açıqlama verən vəkil bildirib ki, görüşdə jurnalistin onun xidmətlərindən imtina etməsinə aydınlıq gətirilib: “Pərviz Həşimlinin ailəsi onun adından açıqama yayıb ki, mənim xidmətlərimdən imtina edir. Bu açıqlama yayılanda mən əvvəlcə müstəntiqlə əlaqə saxladım, lakin o dedi ki, Pərviz Həşimlidən belə bir ərizə daxil olmayıb. Daha sonra digər vəkil Elçin Sadıqovla əlaqə saxladım. O da bildirdi ki, bu barədə məlumatı yoxdur. Ona görə də qərara aldım ki, Pərviz Həşimlinin özü ilə görüşüm. Pərviz Həşimlinin sözlərinə görə, Elçin Sadıqov ona bildirib ki, ailəsi belə istəyir və o da bu addımı atıb. Ailəsi səbəb kimi mənim İqbal Ağazadə ilə yaxınlığımı göstərib. Mən də Pərviz Həşimlinin nəzərinə çatdırdım ki, İqbal Ağazadə ilə onunla müqavilə bağlamamışdan əvvəl yaxınam, onun vəkiliyəm. Digər tərəfdən Pərviz Həşimli özü məndən namizədlərə müraciət etməyi xahiş etmişdi. O da bildirdi ki, İqbal Ağazadə ilə bağlı heç bir problem yoxdur. Ona yenidən həbsini gündəmdə saxlamaq üçün yazılı müraciət etdi, həmin müraciət məndədir.  Bundan başqa Pərviz Həşimli yazılı olaraq bildirdi ki, həqiqətən ona təzyiq edilməyib, AXCP sədri Əli Kərimliyə qarşı ifadə almağa cəhd olunmayıb. Bu ərizə də məndədir, kim istəyir tanış ola bilər. Lakin həmin ərizəni yazanda Elçin Sadıqov buna mane olmaq istədi. Dedi ki, bu məsələnin siyasi çalarını azaldır”.
Anar Qasımlının sözlərinə görə, bundan sonra onda belə qənaət yaranıb ki, baş verənlərin arxasında Elçin Sadıqov dayanıb. Ona görə də o, həmkarının məhkəməyə verməyə hazırlaşır. “Eyni zamanda Elçin Sadıqovdan Vəkillər Kollegiyasına şikayət edəcəm”, – deyə Anar Qasımlı bildirib.
Elçin Sadıqov isə həmkarının dediklərini təkzib edib. O, “Azadlıq”a bildirib ki, məsələ Anar Qasımlının dediyi kimi olmayıb: “Mən baş verənləri təfərrüatları ilə danışsam, Anar Qasımlının nüfuzuna xələl gələr. Pərvizə ona işgəncə verilmədiyi və işin Əli Kərimli ilə bağlı olmadığı barədə  ərizə yazdırmaq istəyirdilər. Onu məcbur edəndə mən etiraz etdim. Bu zaman məni otaqdan çıxardılar. Amma otaqda Anar Qasımlı və 2 müstəntiq qaldı. Pərvizə digər 2 ərizə də yazdırmaq istəyirdilər , amma otaqda olmadığıma görə bunun nə ilə bağlı olduğunu bilmədim”.
E.Sadıqov deyir ki, onun iştirakı olmadan Pərviz Həşimov hansısa ərizə yazıbsa, o məcbur edilib. Pərviz 3 oktyabrda vəkili Anar Qasımlıdan imtina ilə bağlı ərizə yazıb və imzalayıb.
Pərviz Həşimlinin ailəsi ” Azadlıq” a deyib ki, vəkil Anar Qasımlıdan imtina edilməsinə səbəb mətbuata yalan məlumat verməsidir. “Necə olur ki, MTN-də  Pərvizin əlini “Quran”a basıb and içməsin istəyiblər ki, Əli Kərimliyə pul transfer etməyib, vəkil də deyir ki, onun həbsinin Əli Kərimli ilə əlaqəsi yoxdur. Buna görə də onun müdafiəsindən imtina etmişik”.
Pərviz Həşimli “Bizim yol” qəzetinin əməkdaşı, Siyasi və Mülki Hüquqların Müdafiə Mərkəzinin rəhbəri, AXCP üzvüdür. O, sentyabrın 17-də qaçaqmalçılıq və qanunusz silah saxlamaq ittihamı ilə həbs olunub.

Sevinc Vaqifqızı