Oqtay Gülalıyev DİN-dən izahat istəyir

«Bu qurum son bir həftədə bir-birindən fərqli, ziddiyyətli üç açıqlama yayıb, bunların hansına inanaq?»

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru və prezidentliyə namizəd Cəmil Həsənlinin mətbuat katibi Oqtay Gülalıyev oğlu 16 yaşlı Əlgürşadın bıçaqlanmasıyla əlaqədar müvafiq dövlət strukturlarına, o cümlədən daxili işlər naziri Ramil Usubova müraciət edib. Hüquq müdafiəçisi oğlunun başına gələnləri özünün ictimai-siyasi fəaliyyətilə əlaqələndirir.
Daxili Işlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə “Trend”ə bildirib ki, Oqtay Gülalıyev məişət zəminində baş vermiş hadisəni siyasiləşdirir, bu məqsədlə də oğlunun istintaqa ifadə verməsini müxtəlif bəhanələrlə əngəlləməyə çalışır: “Bu barədə polisə məlumat daxil olan kimi hadisə yerinə əməliyyat qrupu göndərilib, təhqiqat aparılıb. Daha sonra cinayət tərkibi olduğuna görə faktla bağlı Xətai Rayon Polis Idarəsinin Istintaq Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində həmin hadisənin 1996-cı il təvəllüdlü, Bakı şəhər sakini Rəşad Şirinov tərəfindən törədildiyi müəyyən edilib. Məlum olub ki, bir müddət əvvəl Əlgürşad Gülalıyev tanışlarının Rasim kimi tanıdığı, Rəşad Şirinovun yaxın dostu Rahib adlı şəxsin bacısı haqqında təhqiramiz fikirlər səsləndirib. Bu zəmində də sentyabrın 22-də Rəşad, Niyaz, Zamiq və Şirvan adlı şəxslərin iştirakı ilə mübahisə baş verib, münasibətlərin ayırd edilməsi zəminində Əlgürşad Gülalıyev Rəşad Şirinovu yumruqla vurub, o da öz növbəsində sonuncuya bıçaqla bud nahiyəsindən xəsarət yetirərək, hadisə yerindən qaçıb”.
Orxan Mansurzadənin sözlərinə görə, polis tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində Rəşad Şirinov tutulub və o, cinayətin aləti olan bıçağı da istintaqa təqdim edib. Hazırda faktla bağlı zəruri istintaq hərəkətləri davam etdirilir.
Bu məlumatla əlaqədar Oqtay Gülalıyevin də fikirlərini öyrəndik. Hüquq müdafiəçisi deyir ki, Daxili Işlər Nazirliyi sözügedən hadisəylə bağlı belə bir nəticəyə gəlsə də, ona bu barədə heç bir rəsmi və ya qeyri-rəsmi məlumat verilməyib: “Bu, Daxili Işlər Nazirliyi mətbuat xidmətinin məsələ ilə bağlı yaydığı üçüncü açıqlamadır. Birinci dəfə hadisənin Bayram Soltanlı adlı şəxsin qohumları tərəfindən törədildiyi bildirilirdi. Daha sonra Rüstəm adlı bir şəxs tərəfindən həyata keçirildiyi deyildi. Indi isə bu versiya ortalığa atılıb. Bu açıqlamalardan hansına inanasan? Daxili Işlər Nazirliyi bu məsələ ilə bağlı rəsmi sübutlar ortaya qoysun ki, hansısa fikir bildirmək də mümkün olsun. Son bir həftədə bir-birindən fərqli, ziddiyyətli üç açıqlama verilib, bunların hansına inanaq? Hesab edirəm ki, bu məsələlər həll olunmalı və Daxili Işlər Nazirliyinin mətbuat xidməti adından yayılan açıqlamalar peşəkar olmalıdır. Nazirliyin bir-birini təkzib edən bu cür məlumatlar verməsi anlaşılan deyil”.

Nigar