asad-aliyev

Əliyev Əsədin aqibətini yaşamaqdan qorxur

“İlham Əliyevin də ABŞ-la münasibətləri yaxşı deyil və o da neftdən müxalifəti əzmək üçün istifadə edir”

«Bloomberg»: «İlham Əliyev neft pulları hesabına digər müsəlman diktatorların taleyini yaşamaqdan yayınmaq istəyir»

ABŞ-ın “Bloomberg” agentliyi Azərbaycanda seçki öncəsi siyasi situasiyadan, o cümlədən Ilham Əliyevin sərvətlərindən bəhs edən geniş material hazırlayıb. “Ilham Əliyev neft pulları hesabına Bəşər Əsədin taleyini yaşamaqdan yayınmaq istəyir” başlıqlı məqalənin tərcüməsini təqdim edirik:

***

Suriyadan təxminən 500 mil şimal-şərqdə yerləşən başqa bir dünyəvi müsəlman sülaləsinin beşinci onillikdə hakimiyyətdə qalmaq cəhdləri fonunda tez-tez daha çox azadlıq, daha az korrupsiya çağırışları eşidilir.
Suriya prezidenti Bəşər Əsəd kimi Azərbaycan prezidenti Ilham Əliyevin də ABŞ-la münasibətləri yaxşı deyil və o da neftdən müxalifəti əzmək üçün istifadə edir.
On il əvvəl mübahisəli seçki vasitəsilə ölkəni atasından miras almış Əliyev oktyabrın 9-da üçüncü müddətə prezident olmağa çalışır. Türkiyə və Iranla sərhəddə yerləşən bu ölkənin təxminən 9 milyon əhalisi var. Əfqanıstana gedən yüklərin 30 faizi Azərbaycan vasitəsilə daşındığından və enerji daşıyıcılarının Rusiyadan kənar dünya bazarına çıxarılmasında da bu ölkənin rolu olduğunu nəzərə alaraq, ABŞ səfiri Azərbaycanı “möhkəm müttəfiq” adlandırıb.
Birləşmiş müxalifət ilk dəfə seçkidə vahid namizədlə  iştirak edir. Bu namizəd Cəmil Həsənlidir. Sentyabrın 22-də minlərlə adam küçəyə çıxaraq, Əliyevin istefasını tələb etdi. Bu, 2005-ci ildən bəri hakimiyyətə qarşı ən böyük nümayiş idi.
“Yaxın Şərqdə baş vermiş hadisələrə yoluxmaq potensialını istisna etmək olmaz. Bu ölkədə xeyli narazı adam var. Çünki imkanlar yoxdur”, – deyə britaniyalı politoloq Keyt Mallinson Azərbaycandakı hadisələri dəyərləndirərkən bildirib.
BP-nin Azərbaycana 40 milyard dollar investisiya qoyduğunu nəzərə alan Əliyev düşünür ki, bu səbəbdən etirazların qarşısını ala, digər müsəlman diktatorların aqibətini yaşamaqdan yayına bilər.
Bakıda dəniz kənarında neft buruqları ilə yanaşı, çox böyük bədxərcliklə tikilmiş villalar da görünür.
Əliyev böyük neft pullarının bir qismindən istifadə edərək, “Alov qüllələri” kimi hündürmərtəbəli binalar, milyonlarla dollara mədəniyyət mərkəzləri tikməsinə baxmayaraq, onun hakimiyyəti “Transparency International”, “Sərhədsiz reportyorlar” kimi təşkilatların hesabatlarında dünyada ən korrupsioner və repressiv rejimlərdən biri kimi yer alır.

Dubay imarətləri

Hələ 2010-cu ildə “The Washington Post” Dubaydakı daşınmaz əmlak departamentinə istinadən xəbər vermişdi ki, Əliyev həmin vaxt 12 yaşı olan yeganə oğlu üçün orada 44 milyona 9 villa alıb. Əliyev isə bu məlumatı təkzib etməyib və onun oğlu hələ də azyaşlıdır.
Cəmil Həsənli teledebatda bu faktı qaldırdığına görə Əliyevi dəstəkləyən digər namizədlərdən biri elə debatın gedişində ona butılka atıb.
“Bu prezident ailəsinin böyük sərvət sahibi olduğu hamıya məlumdur. Əliyev sərvətlərin bir qismini ətrafındakılar arasında bölüşdürməklə onların narazılığının qarşısını alıb” – bunu isə Londonda yerləşən Risklərə Nəzarət Məsləhət Qrupunun analitiki Anna Uoker bildirib.
“Bu ölkədə son il yarımda onlarla siyasi fəal, jurnalist, blogger və digər tənqidçilər yalan ittihamlarla həbs olunub. Həbsxanaya salınanlar sırasında müxalif ”Respublikaçı Alternativ” (REAL) hərəkatının rəhbəri Ilqar Məmmədov da var”, – deyə “Human Rights Watch” beynəlxalq hüquq-müdafiə təşkilatının hesabatında qeyd olunur.
Ötən həftə prezidentin mətbuat xidmətinə üç elektron məktub göndərilib, dörd dəfə də telefonla zəng olunub. Lakin bunların heç birinə cavab verilməyib.
Ilham Əliyev sentyabrın 30-da çıxışında korrupsiyaya qarşı mübarizəni fəaliyyətinin prioritet istiqamətlərindən biri adlandırıb. Deyib ki, “biz bu xəstəlikdən qurtulmalıyıq”.
“Azərbaycanda söz və ifadə azadlığı, din azadlığı, sərbəst toplaşma azadlığı var. Bizim əsas məqsədimiz demokratik inkişafdır. Bu gün Azərbaycan demokratik inkişaf məsələsində heç kimə güzəştə getmir” – bunu isə Əliyev iyunun 7-də rəhbərlik etdiyi hakim partiyanın qurultayında bildirib.
Azərbaycanın dövlət başçısı 2003 və 2008-ci illərdə 77 və 87 faiz səslə prezident olub. Hərçənd, ABŞ və Avropa Birliyinin müşahidəçiləri bu seçkilərin azad və ədalətli keçirilmədiyini bəyan edib. 2009-cu ildə o, Konstitusiyaya dəyişiklik edərək, eyni şəxsin ardıcıl iki dəfədən artıq prezidentliyinə qadağanı aradan qaldırdı. Bu ilin aprelində isə ABŞ və Böyük Britaniyadan maliyyələşən, demokratiya və insan hüquqlarını dəstəkləyən Azad Fikir Universitetini bağladı.

ABŞ-ın maraqları

“ABŞ Azərbaycanı daha demokratik və azad bazarın olduğu ölkə kimi görmək istəyir. Amma Əliyevlə danışıqlarda ABŞ-ın bu ölkə ilə bağlı digər strateji maraqları da nəzərə alınmalıdır. ABŞ-ın təhlükəsizlik, iqtisadi əməkdaşlıq və enerji maraqları da var”, – deyə 2010-2011-ci illərdə ABŞ-ın Azərbaycanda səfiri olmuş Metyu Brayza bildirib.
Brayzadan sonra ABŞ-ın Azərbaycanda səfiri olan Riçard Morninqstar da Senatda çıxışında təsdiqləyib ki, Azərbaycan beynəlxalq təhlükəsizlik məsələsində ABŞ-ın müttəfiqidir.
Yaxın Şərqdə diktatorların devrilməsilə nəticələnən ərəb inqilablarından sonra Bakıda da etirazlar başlandı. Lakin o etirazların qarşısı zorakılıqla alındı.
Hakimiyyət işsizliyin aşağı salınmasıyla bağlı bəyanatlar versə də, Beynəlxalq Valyuta Fondunun qiymətləndirməsinə görə, bu ölkədə 16-24 yaş arası hər üç nəfərdən biri işsizdir.

Demoqrafik partlayış

Liviya, Tunis, Misir kimi ölkələrdə diktatorların devrilməsilə nəticələnən inqilabların əsas səbəbi demoqrafik partlayışlar olmuşdu. Dünya Iqtisadi Forumunun məlumatına görə, dünyada 1,2 milyard və ya əhalinin 17 faizi işsiz və onların da əksəriyyəti 15-24 yaş arasında olanlardır. Işsizliklə bağlı ən pis vəziyyət Yaxın Şərq və Şimali Afrika ölkələrindədir ki, burada hər dörd nəfərdən biri işsizdir.
Əliyev idarəçiliyinin tərkib hissəsi atasının şəxsiyyətinə pərəstiş yaratmaqdır. Bu ölkədə addımbaşı onun atasının heykəl və portretləridir.

“KQB” generalı

Əliyev hələ də onlarla xarici ölkələrdə atasının heykəlini ucaltdırır. Keçmiş “KQB” generalı olan Heydər Əliyev 1969-cu ildə – Bəşər Əsədin atası Hafiz Əsədin çevrişinindən bir il əvvəl hakimiyyətə gəlib.
ABŞ-ın Bakıdakı səfirliyinin yazılı bəyanatında ümid ifadə olunub ki, gələn həftə Azərbaycanda keçiriləcək seçkilər ölkədə böyük siyasi azadlıqlar istiqamətində addım olacaq: “Hesab edirik ki, stabilliyin və ölkənin çiçəklənməsi siyasi islahatlardan keçir. Şəxsi və açıq söhbətlərimizdə hökuməti insan hüquqlarına hörmət etməyə, idarəçiliyin yaxşılaşdırılmasına, korrupsiyaya qarşı mübarizəyə və şəffaflığa çağırırıq”.
Cəmil Həsənli “demokratiyaya dinc keçid” platformasını hazırlayıb. O, üzərinə prezident səlahiyyətlərini azaltmaq və parlament respublikasına keçid öhdəliyi götürüb. Bundan başqa, iki ildən sonra hakimiyyətdən gedərək, yeni parlament və prezident seçkiləri keçirməyi vəd edib.
Brüsseldə yerləşən Beynəlxalq Böhran Qrupunun hesabatında  bildirilir ki, Azərbaycanda hakimiyyət rəsmiləri seçkidən sonrakı qarışıqlıqdan narahatdır.

Siyasət şöbəsi