AXCP GK sədri məhbus fəalın bəyanatını erməni əsirliyindəki azərbaycanlıların hərəkətinə bənzətdi
AXCP fəalı olaraq bu ilin əvvəllərində həbs və 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilən Daşqın Məlikovun adından oktyabrın 3-də məktub yayılıb. Məktubda D.Məlikov özünün AXCP sıralarından, adının isə siyasi məhbuslar siyahısından çıxarılmasını istəyir və seçkidə İlham Əliyevə səs verəcəyini bildirir.
D.Məlikov II qrup əlildir, astma xəstəliyindən əziyyət çəkir. Hazırkı durumu bəlli olduğundan onun belə bir məktub yazması demokratik qüvvələrdə etiraz və qınaq doğurmayıb. Əksinə, bu barədə xəbər yayılan kimi sosial şəbəkələrdə D.Məlikovun buna məcbur edildiyi haqda mülahizələr geniş yayılıb və hakimiyyət darda olan insanlarla belə rəftara görə mühakimə olunub.
AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı da Daşqın Məlikovu qınamadıqlarını bəyan edib. Bu barədə o, facebook səhifəsində yazıb.
“Daşqın Məlikovdan İlham Əliyevin xeyrinə açıqlama alıblar. Bu, erməni işğalçılarının azərbaycanlı əsirlərlə rəftarı kimi bir şeydir. Yadınızdadır, əsir azərbaycanlı qadın erməni əsgərinin ayağına düşmüşdü. Biz o zavallı qadını qınamışdıqmı? Esla yox! Daşqını da qınamırıq. Əksinə müdafiəmizi davam etdirəcəyik. Daşqın 2-ci qrup əlildir. İlham Əliyev xəstə, əlil gənci təzyiqlə, hansısa məkrli vasitələrlə yolundan sapdırmaqla onun səsinə möhtac olduğunu bildirdi. Darıxmayın, Daşqınlar həbsdə olmayacaq, Azərbaycan işğalda qalmayacaq”, – deyə Ə.Qurbanlı qeyd edib.