Milli Şuranın mitinqinə qarşı təxribatlar puç oldu; əhali öz namizədilə görüşə axışdı
“İlham Əliyev kalkulyatorlu prezidentdir, işi xalqdan oğurladıqlarını saymaqdır”
Demokratik Qüvvələrin Milli Şurasının vahid namizədi Cəmil Həsənli dünən Şəki şəhərində görüş-mitinq keçirib. Mitinq keçirilən meydan şəhərin kənarında olsa da, hakimiyyət bununla kifayətlənməyərək meydana adam yığılmaması üçün çoxsaylı maneələr yaratmışdı. Məsələn, meydana gələn marşrutlar xətdən çıxarılmışdı.
Şəhərdə icra hakimiyyətinin təşkilatçılığı ilə öyrədilmiş adamlar meqafonla çağırış edərək Milli Şuranın mitinqinə getməmək barədə fikirlər səsləndirirdilər.
Polislər mitinqə xüsusi diqqət ayırmışdılar: meydan dörd bir yandan polislə əhatələnmişdi. Polis qəsdən meydanın əsas giriş qapısını bağlayaraq uzaq bir yerdən dar keçid açmışdı. Dəfələrlə Dairə Seçki Komissiyasına və polisə müraciət edilsə də, bunun qarşısı alınmadı.
Cəmil Həsənlini müşayiət edən səlahiyyətli nümayəndəsi Rəvan Şirvanini polis səbəb göstərmədən saxlayaraq ərazidən uzaqlaşdırdı.
Təxribatçıların səsi necə batdı?
Həmişəki kimi bu dəfə də mitinqdə ara qarışdırmaq üçün 6-7 arvad səfərbər olunmuşdu. Onlar saxta vətən harayları çəkib “92-də torpaqları verib qaçdınız, bizə Ilham Əliyev kimi vətənpərvər rəhbər lazımdır” şüarları səsləndirsələr də, mitinqə toplanan etirazçıların “İlham, istefa” şüarları onların səsini batıra bildi.
Aksiya boyunca öyrədilmiş təxribatçılar tədbiri pozmaq istəsə də, arzularına çatmadı.
Milli Şura liderləri meydana yüksək coşqu və alqışlar altında daxil oldular.
Şəki mitinqinin aparıcısı Müsavat Partiyasının yerli şöbəsinin sədri Həbibulla Manaflı idi. O, müxalifətin dayaqlarının hər yerdə olduğu kimi, Şəkidə də güclü olduğuna diqqət çəkdi və bildirdi ki şəkililər ölkədə tüğyan edən haqsızlığa son qoymaq üçün Milli Şuranın namizədi Cəmil Həsənliyə səs verəcəklər.
Hakimiyyət harınlıqdan ayağının altını görmür
Daha sonra söz AXCP sədri Əli Kərimliyə verildi.
Əli Kərimli bildirdi ki, dəyişiklik üçün təkcə müxalifətin birliyi kifayət deyil, bu prosesdə xalq özü də səfərbər olub aktiv mövqe tutmalıdır. Cəmil Həsənlinin teledebatda səsləndirdiyi korrupsiya faktlarına toxunan natiq dedi ki, onlara statistika kimi yanaşmaq olmaz, həmin rəqəmlərin sayəsində bu gün yüz minlərlə azərbaycanlı yoxsul, işsiz, gücsüz həyat yaşayır. Əli Kərimli dedi ki, Azərbaycan hakimiyyəti harınlıqdan artıq öz ayaqlarının altını görmür, bu zümrə Azərbaycanda varlı olmaqla kifayətlənməyib, dünya varlıları sırasına daxil olub.
Əli Kərimli Ilham Əliyevin seçki kampaniyasında şəxsən iştrak etməməsinə də toxundu. O dedi ki, bu, Ilham Əliyevin özünü şahənşah kimi aparmasından qaynaqlanan davranışdı: “O, hesab edir ki, heç nə etməsə də xalq ona səs verməlidir”.
AXCP sədri dedi ki, xalq rejimin korrupsioner və mənəviyyatsız mahiyyətinə artıq bələddir, onların hakimiyyət hərisləri olduğunu bilir.
“Bir az özümüzə inam problemi var” deyən AXCP sədri bildirdi ki, nicatımız öz əlimizdədir, hansı zaman ayağa qalxsaq, “bu zülm dursun” desək, o da baş verəcək: “Artıq dünyada sülalə hakimiyyətləri süqut edir. Buna Qəzzafi, Mübarək ailəsi bariz nümunədir”.
Hafiz Hacıyevin arxasında gizlənən hakimiyyət Şəkidən səs almayacaq
Əli Kərimlinin çıxışından sonra mitinq əslən şəkili olan, Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Sahib Kərimlinin çıxışları ilə davam etdi.
Sahib Kərimli dedi ki, hakimiyyət öz idbar təmsilçisi Hafiz Hacıyevin dili ilə şəkililərə xitab edib “Milli Şura üzvlərini ordan itlərlə qovun” desə də,reallıq göstərdi ki, Şəki camaatı Cəmil Həsənliyə və müxalifətə rəğbətlə yanaşır. Məhz buna görə də bu gün onlar gül-çiçəklə qarşılandılar.
Sahib Kərimli meydana gələn etirazçılara minnətdarlığını da ifadə elədi. Bildirdi ki, bu insanlar hakimiyyətin sifətinə sərt şapalaq endirib. Çünki hakimiyyət 2-3 gün imiş bütün kəndlərdə ağsaqqalları, sözü keçən adamları səfərbər edibmiş ki, potensial mitinq iştirakçıları tədbirə gəlməsin, buna baxmayaraq onlar yetkin iradə nümayiş etdirərək gəliblər.
Sahib Kərimli Cəmil Həsənlinin parlaq simasına diqqət çəkdi və dedi ki, hakimiyyət bütün çirkinliklərinə baxmayaraq bu günə qədər bir nəfər tapıb ortaya çıxara bilmir ki, o desin ki, Cəmil Həsənliyə rüşvət verib: “Biz bu əxlaqı, bu mənəviyyatı üstün tutan insanı seçmək istəyirik. Polis dəyənəyinin, Hafiz Hacıyevin arxasında gizlənən hakimiyyət isə fərqli mənəviyyatı təmsil edir və elələri Şəkidən səs qazanmayacaq”.
Daha sonra Müsavat başqanının müavini Gülağa Aslanlı çıxış etdi. Gülağa Aslanlı da Şəki əhalisinin daim siyasi ayıqlıq və fəallığından bəhs etdi və dedi ki, məhz bu üstünlüyə görə bütün seçkilərdə hakimiyyətin dişi burda daşa dəyib, nə səs ala bilib, nə də saxtakarlıq edə.
Cəmil Həsənlinin vəkili Vidadi Mirkamal çıxış edərək professor Cəmil Həsənlinin xalqın layiqli namizədi olduğunu, onun seçiləcəyi təqdirdə ölkədə haqq-ədalətin bərpa olunacağını bildirdi. O eyni zamanda dedi ki, ölkədə total hüquqsuzluq mühiti var, qanunlar ayaq altındadır və bunun başında birbaşa Ilham Əliyev dayanır. O, Ilham Əliyevin namizədliyinin qanunsuz olduğuna diqqət çəkərək, Cəmil Həsənlini hüququ ayaqlar altından qaldıracaq şəxs kimi dəyərləndirdi.
44 ildir Əliyev sülaləsi millətimizi zəlalətə düçar edib
Mitinqdə yekun çıxışı Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli etdi. Cəmil Həsənli də öncə Şəkinin Azərbaycanın tarixində, mədəniyyətində oynadığı böyük roldan söz açdı və bildirdi ki, hakimiyyət əslində xaraba sayılacaq bu yerdə seçicilərlə görüş verməklə öz bayquş xislətini biruzə verir. Bildirdi ki, bu günlərdə ildönümü tamam olan Gülər Əhmədova ilə bağlı yayılan videolardan bəlli olur ki, mandat alverinin başında Ilham Əliyev dayanır və buna görə o, cavab verməlidir: “Bizim ölkənin prezidenti kalkulyatorlu prezidentdir. Onun işi xalqdan oğurladığı pulları kalkulyatorla hesablamaqdır. 44 ildir Əliyev sülaləsi millətimizi zəlalətə düçar edib”.
Hakimiyyətin apardığı siyasət nəticəsində təhsilin bərbad duruma düşdüyünü deyən Cəmil Həsənli vurğulayıb ki, kütləvi savadsızlığa görə hakimiyyət məsuliyyət daşıyır: “Bəyəm biz ona görə müstəqil olmuşuq ki, şagirdlərimizin hər ikisindən biri ana dilindən ”iki” alsın?! Bu, təhsildən yetim qalan hakimiyyətdəkilərin əməllərinin nəticəsidir”.
Natiq Güləhmədoğlu