Səlahiyyətli nümayəndənin evinə basqın oldu, özü isə polisə aparıldı
Bir qrup Lənkəran sakini Cəmil Həsənlinin platforması ilə tanış olmaq üçün seçki qərargahına müraciət edib. Bu müraciət əsasında Cəmil Həsənlinin vəkili Nurəddin Məmmədli oktyabrın 3-də Lənkərana ezam olunub. Ancaq sakinlərlə görüşdən 2 saat əvvəl Nurəddin Məmmədliyə rayondan çıxmaq üçün təzyiq göstərilib. Nurəddin Məmmədli bunun qanunsuz olduğunu bildirib və Cəmil Həsənlinin Lənkərandakı səlahiyyətli nümayəndəsinin mənzilində sakinlərlə görüş keçirilib. Bir müddətdən sonra polislər mənzilə basqın edib, mənzildə olan vətəndaşları hədələyib və Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsini polis bölməsinə aparıb.
Nurəddin Məmmədli qəzetimizə açıqlamasında bildirdi ki, hakimiyyət öz qanunsuz əməllərini daha kobud formada Lənkəranda davam etdirir: “ İnsanlara təzyiq edir, hədə-qorxu gəlirlər. Görüşün ortasında basqın edib, quldurluq nümayiş etdirirlər. Mənə bildirdilər ki, rayonu tərk etməlisən. Mən isə prezidentliyə namizədin vəkili olduğumu və seçicilərlə görüşmək hüququmun olduğunu bildirdim. Buna baxmayaraq tədbirimiz dağıdıldı və mənimlə telefonda danışan “Komisar Katani” ləqəbli rəis bildirdi ki, rayonu tərk edim. Hərəni bir yerə dağıtdılar, səalhiyyətli nümayəndəni də polisə apardılar”.