Gəncə və Ağdaşda Cəmil Həsənli həyəcanı FOTO/VİDEO

Hakimiyyət Milli Şuranın mitinqlərinə mane olmaq üçün fövqəladə rejimə keçdi

Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli və onun vəkilləri oktyabrın 3-də Gəncə və Ağdaşda seçicilərlə görüşdü.
Gəncədəki görüş saat 12:00-da Cəfər Cabbarlı adına Dövlət Dram Teatrında baş tutdu.

Gəncə başdan-başa nəzarətdə…

Hakimiyyət görüşə gələcək insanların qarşısını almaq üçün öncədən planlar həyata keçirdi. Belə ki, bir gün öncədən sözügedən teatr binasının qarşısında təmir-tikinti işlərinə başlanıldı. Bu azmış kimi görüşə bir neçə saat qalmış yaxınlıqdakı körpünün altında təkər və başqa yararsız əşyalar yandırıldı. Məqsəd ətrafda pis qoxu yaymaqla yoldan ötənləri geri qaytarmaq idi.

Hüquq-mühafizə əməkdaşları da boş oturmayaraq işə başlamışdılar. Onlar teatrın binasına doğru hərəkət edənləri diqqətlə izləyirdilər. Mülki geyimdə, ancaq özünü təqdim etməyən şəxslər isə görüşə gələnləri kamerayla müşaiyət edirdilər.
İcra hakimiyyəti bu görüşdən narahat olduğu üçün Dram Teatrının ətrafı, şəhərin əsas gediş-gəliş yerləri polis nəzarətinə götürülmüşdü. Görüşə gələnlərə müxtəlif maneələr yaradılırdı. Əsasən gənclərin nəzarətə götürüldüyü barədə xəbərlər dolaşırdı.

“Bir neçə gənc polis bölmələrinə aparılıb. Gəncə Dövlət Universitetinin tələbələrinə təhsil ocağını tərk etmək qadağan edilib. Hətta müəllim heyətini iclasa az qalmış universitetə çağırılıb. Bu azmış kimi universitetlərdə gənclər təşkilatı saat 12-də iclas keçirməyi planlaşdırırdı. İclasda iştirak etməyib. Görüşə gələnləri isə bir zala toplayaraq çıxmağa imkan verilməyib” – deyə Cəmil Həsənliylə görüşə gələn Füzuli bildirir.

Orada olan zaman o da məlum oldu ki, seçiciləri Cəmil Həsənli ilə görüşə gətirən bir mikro-avtobus isə Şəmkir dairəsində saxlanılıb və seçicilərin görüşə getməsinə imkan verilmədi.

“Siz bu sərvətin daha bir müddətdə talan edilməsi ilə barışmalı deyilsiniz”

Təxminən yarım saat gecikmədən sonra Cəmil Həsənli, AXCP sədri Əli Kərimli, Bakıdan gələn cəbhəçilər, müsavatçılar, VHP-çilər, “Nida”çılar, “Azad Gənclik” təşkilatlarının üzvləri görüşə gələn seçicilərin alqışlarıyla zala daxil oldular.

Oturacaqlarda boş yer olmadığı üçün onlarla seçici ayaq üstə və bu azmış kimi qapının kənarından seyr etməyə başladı.

Dövlət himni səsləndirildikdən sonra ilk çıxışçı AXCP sədri Əli Kərimli oldu. Builki seçkilərdə seçicilər üçün asan bir seçimin olduğunu söyləyən AXCP sədri dedi ki, on il ərzində İlham Əliyevin nələrə qadir olduğunu görmüşük:

“O bu 10 ildən istifadə edib ailəsindən başlayaraq öz ətrafındakı nazirlərin hamısını milyarder edib. Onu da yaxşı bacarıb ki, neft pulları hesabına “Xuruşşovka”lara üz vurduraraq inkişaf təəssüratı yaradır. Bir kilometr yol Azərbaycan büdcəsinə 23 milyona başa gəlir. Azərbaycan talan edilir. Ölkə vətəndaşı ən kiçik ehtiyaclarını belə ödəyə bilmir. Valideynlər övladlarına necə təhsil verməsini, məktəbə göndərməsini, iş tapmağının dərdini çəkir. Hökumət isə Heydər Əliyevin heykəlinin bir müddət Meksikada qalması üçün 4 milyard da təklif edir. Bu sizin sərvətinizdir. Siz bu sərvətin daha bir müddətdə talan edilməsi ilə barışmalı deyilsiniz. Sizin qarşınızda İlham Əliyevə alternativ olan, bütün həyatı ilə təmiz, bütün zamanlarda haqsızlığa susmamış elmi, dünya görüşü və mənəviyyatı ilə nəinki Azərbaycanda, dünyanın bir çox ölkələrində nüfuz qazanmış Cəmil Həsənli seçiminiz var. Ona görə də dəyişiklilərə, Cəmil Həsənliyə səs verin”.

“Müstəqillik Əliyev hökuməti üçün ölkəni sökmək, müstəqil dağıtmaq məqamına çevrildi”

Cəmil Həsənlinin vəkili olan tanınmış hüquqşünas Vidadi Mirkamal çıxışında yollara çəkilən hasarlardan danışdı: “İnsanlara verilən sosial müavinət, təqüd, əmək haqqını sərf olunmalı halda həmin pullar daşa, divara, hasara sərf edilir. Yolların kənarında kilometrlə hasarlar tikilib. Bu pulla böyük şəhər salmaq olar, insanların həyat şəraitini indikindən qat-qat yaxşı etmək olar. Bizim üçün hüquqi islahatlar ön sıralardadır. Ölkədə qanuni meyarlarla işləyən sistem formalaşdıracağıq. Ona görə də kim sülalə hakimiyyətinə son qoyulmasını, kim korrupsiya və rüşvətin kökünün kəsilməsinin, kim insanların sosial güvənli yaşamasının, kim vətəndaşların qocalandan sonra normal təqaüd almasını istəyirsə bu hakimiyyətə yox deməli, Cəmil Həsənliyə səs verməlidir”.

Sonda prezidentliyə namizəd Cəmil Həsənliyə söz verildi. O da hakimiyyətin siyasətini tənqid edərək, ölkədə tüğyan edən korrupsiyadan, ədalətsizlikdən, məmur özbaşınalığından danışdı. Bütün bu problemlərə son qoyulmasının yolu dəyişiklikdən keçdiyini deyən Cəmil Həsənli İlham Əliyevin 10 illik mifini seçicilərin gözləri qarşısında 10 dəqiqəyə dağıtdığını söylədi: “Çünki bu yalançı mifdir, çünki bu talançılıq üzərində qurulan mifdir. Azərbaycan 20 ildir müstəqil olub. İnsanlar bu müstəqilliyin rifahını yaşamalıdır. Bunun siyasi, mədəni, mənəvi zövqünü yaşamalıdır. Ancaq müstəqillik Əliyev hökuməti üçün ölkəni sökmək, müstəqil dağıtmaq məqamına çevrildi. Azərbaycanı şəxsi varlanması üçün istifadə edənlərə ar olsun”.

Öz xalqının iradəsini zorlayan, hakimiyyəti mənimsəyən diktatorların məğlubiyyətə məhkum olduğunu bildirən Milli Şuranın prezidentliyə namizədliyi söylədi ki, bunun ayrı yolu ola bilməz: “Köhnə diktator nəsillərindən indi dünyada iki nəsil qalır – Şimalı Koreyada Kim İr, Azərbaycanda isə Əliyevlər nəsli. Bizlərin əsas vəzifəsi bu nəslin hakimiyyətinə son qoymaqdır”.

Çıxışlar bitən kimi zalda təxribat törətməyə cəhd oldu. Təxribatçılardan biri isə sual vermək adı ilə tribunaya qalxmaq istədi. Mühafizəçilər onun qarşısını aldı.  Görüş iştirakçıları isə “Cəmil bəy!” şüarları ilə təxribat törətmək istəyənlərin səsini batırdı.

Ağdaşda da polis rejimi quruldu

Gəncədəki görüş bitən kimi Cəmil Həsənlini müşayiət edən vəkilləri Ağdaşa yola düşdü. Milli Şuranın prezidentliyə namizədi saat 19:00-da İTV-dəki debata gecikməmək üçün Gəncədən Bakıya qayıtdı. Ağdaşda seçicilərin önünə AXCP sədrinin müavini Gözəl Bayramlı, partiyanın gənclər komitəsinin sədri Əbülfəz Qurbanlı, “Azad Gənclik” təşkilatının idarə heyətinin üzvü Məcid Mərcanlı çıxdı.

Başqa bölgələrdə olan görüşlər kimi, burada da tədbirin baş tutmasına süni maneələr yaradıldı. Yerli hakimiyyət orqanları seçicilərin Cəmil Həsənli ilə görüşə qatıla bilməməsi üçün nə mümkündür etdi. Belə ki, səhər saatlarından kəndlərdən rayonlara sərnişin gətirən mikro-avtobusların fəaliyyəti məhdudlaşdırıldı. Görüş üçün mərkəzdən xeyli kənarda yerləşən meydança ayrılmışdı ki, ora aparan yollar belə nəzarətə götürülmüşdü. Hətta taksilərə və fərdi maşınlara belə, görüş üçün ayrılmış Humanitar Kollecin idman meydançasına tərəf getməyə əngəl yaradılırdı.
Polis və mülki geyimlilər rayonu demək olar ki, tamamilə nəzarətə götürmüşdülər. Əhalini görüşdən çəkindirmək üçün hədə mesajları yayır, qeyri-rəsmi çəkilişlər aparırdılar.

“İlham Əliyev necə güclü namizəddir ki, Cəmil Həsənlinin bütün keçirdiyi görüşlərə polisiylə müdaxilə edir?”

Gözəl Bayramlı yaradılan süni maneələrə görə hökumətə ismarıcını yolladı: “Bəs deyirdiniz ölkədə demokratiya var. Söyləyirdiniz ki, bütün nümaizədlərə eyni şərait yaradılıb. Yeni Azərbaycan Partiyasının namizədinə şərait yaratdığınız, məktəbləri bağlayıb şagirdləri apardığınız halda, öz ürəyinin səsi ilə gələn seçicilərin qarşısını maneçilik törədirsiniz, onları çörəklə imtahana çəkirsiniz, işdən çıxarmaqla hədələyirsiniz. Bütün bunların xeyri yoxdur. İnsanlar bu dəfə də ürəklərinin səsi ilə demokratik düşərgənin vahid namizədi professor Cəmil Həsənliyə səs verəcəklər”.

Əbülfəz Qurbanlı isə İlham Əliyevin güclü olmadığını söylədi: “İlham Əliyevin tərəfdarları deyirdi ki, onun təbliğata ehtiyacı yoxdur. O güclü namizəddir. O necə güclü namizəddir ki, Cəmil Həsənlinin bütün keçirdiyi görüşlərə polisiylə, hüquq-mühafizə orqanlarıyla müdaxilə edir?”.

Məcid Mərcanlı çıxışına şəhərin mərkəzindən uzaq yer verilməsindən başladı: “Özləri villalarda, bahalı otellerdə istirahət edir, ancaq sizə verilən qiymətə bax. Günün altında, staionda, şəhərin mərkəzindən uzaq bir yer. Ancaq mən bura gəlib sizi görəndən sonra məyusluğum itdi. Burada xeyli gənclər, xeyli ağbirçəklər var. Biz Gəncədə olanda öz gözlərimizlə gördük, qulaqlarımızla eşitdik ki, 2-3 manata ağbirçək qadınlar təxribat edirlər. Görün bu milləti hansı günə salıblar ki, onlar 2-3 manata möhtac olublar”.
Çıxışlar bitəndən sonra görüşə gələnlər Cəmil Həsənlinin vəkilləri ilə fakir mübadiləsi apardılar, öz dərdlərini, şikayətlərini söylədilər.

Ramin DEKO
Bakı-Gəncə-Ağdaş