Ağdaşda Cəmil Həsənli həyacanı

Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli Ağdaş seçiciləri ilə görüşə qatıla bilməyib. O bu gün İTV-də çıxacağı debata gecikməmək üçün Gəncədən Bakıya qayıdıb. AXCP sədri Əli Kərimli də onu Bakıya dönüşdə müşaiyət edib.

Ağdaş seçicilərinin qarşısına Cəmil Həsənlinin vəkilləri Gözəl Bayramlı, Əbülfəz Qurbanlı və Məcid Mərcanlı çıxıb.

***

Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli və AXCP sədri Əli Kərimli başda olmaqla onu müşaiyət edənlər Gəncədən sonra Ağdaş seçiciləri ilə görüşə yolanıblar.
Artıq Ağdaşda olan əməkdaşımız Ramin Deko xəbər verir ki, başqa bölgələ görüşləri kimi, burada da tədbirin baş tutmasına süni maneələr yaradılır. Yerli hakimiyyət orqanları seçicilərin Cəmil Həsənli ilə görüşə qatıla bilməməsi üçün nə mümkündür edib.
Görüş üçün mərkəzdən xeyli kənarda yerləşən meydança ayrılıb. Ora aparan yolla nəzarətə götürülüb, nəqliyyatın hərəkəti dayandırılıb. Hətta taksilərə və fərdi maşınlara belə, görüş üçün ayrılmış Humanitar Kollecin idman meydançasına tərəf getməyə əngəl yaradılır.
Polis və mülki geyimlilər rayonu demək olar ki, tamamilə nəzarətə götürüblər. Əhalini görüşdən çəkindirmək üçün hədə mesajları yayır, qeyri-rəsmi çəkilişlər aparırlar.
Əhali arasında görüşə böyük maraq var. Müxalifətin vahid namizədini dinləməyə getmək istəyənlər çoxdur və bu baxımdan görüşün uğurlu alınacağını gözləmək olar.