Azərbaycanın dövlətçilik tarixində vəzirlik

Abbasilərdən başlanan vəzifə

Türk xalqlarının, o cümlədən Azərbaycanın tarixində mövcud olmuş dövlətlərdə vəzirlik önəmli bir vəzifə sayılmışdır. Bu barədə tarixi mənbələrdə və bədii əsərlərdə kifayət qədər maraqlı hekayətlər var. Əsasən, birinci şəxsin “sağ əli” sayılan bu şəxslər çox hallarda böyük nüfuz sahibi olmuş və xalq arasında xeyli məşhurlaşmışlar.

Tarixi mənbələrdən məlumdur ki, I Şah Abbasın zamanına qədər vəzir vəzifəsi sırf mülki vəzifə olmuşdur. O, divanın gəlirinə, habelə bütün əyalətlərdən xəzinəyə daxil olan məbləğlərə və digər “büyutat”a nəzarət edirdi.

Abbasilərə qədər idari sistem içində rəsmən “vəzir” ünvanı ilə çağırılan bir vəzifəli şəxs olmamışdır. 750-ci ildə Abbasi dövləti yaranıb inkişaf başlayanda xəlifənin işlərini üstünə götürən və ona yardım edən təsisat da inkişaf etməyə başladı. Bu səbəbdən, Abbasilərin ilk xəlifəsi Əbul-Abbas Abdullah Əs-Səffah 750-754-cü illər zamanında, Həmədanlı Əbu Sələmə Hafs ibn Süleyman əl-Hallal ilk dəfə bu ünvanla vəzifəyə təyin edildi. Bundan sonra bütün Müsəlman dövlətlərdə həmin kəlimə işlədilməyə başlandı.

Mənbələrdəki məlumatlara görə, Abbasilərin ilk dövrlərində vəzirlər, dövlət idarəsi baxımından böyük səlahiyyətlərə malik idilər. Necə ki, Harun ər-Rəşid (786-809) xəlifə olanda Yəhya ibn Xalid əl-Bərməkiyi çağırıb özünə vəzir təyin etdiyini, dilədiyini vəzifəyə götürə biləcəyini, istədiyini vəzifədən azad edə biləcəyini, bu baxımdan, hər mövzuda tam bir səlahiyyətə sahib olduğunu söyləmişdi.

Həqiqətən, Harun ər-Rəşid zamanında onun baş vəziri olmuş Yəhya qeyri-məhdud ixtiyar sahibi idi, hətta Harun bunun nişanəsi olan hakimiyyət üzüyünü ona vermişdi. Yəhyanın iki oğlu Fəzl və Cəfər xəlifənin sevimlisi idilər. Xüsusilə Fəzl Harun ər-Rəşidin süd qardaşı olduğuna görə, onun üzərində böyük təsirə malik idi. Deyilənlərə görə, Harun Fəzlin xatirini o qədər çox istəyirdi ki, heç bir məclisdə onsuz oturmurdu. Bərməkilər özlərinə hədsiz sərvət toplamışdılar. Onların Xorasanda 500 min nəfərlik qoşunu vardı, bu qoşunun 20 min nəfərini Bağdadda yerləşdirmişdilər.

Amma gün gəldi ki, Bərməkilərin artmaqda olan nüfuzundan qorxuya düşən Harun öz nökəri vasitəsilə Cəfərin başını kəsdirdi. Yəhya və oğlu Fəzl zindana salındılar. Onların bütün əmlakı müsadirə olundu. Yəhya ilə Fəzl ağır işgəncələr altında zindanda dünyalarını dəyişdilər. Bərməkilər Abbasilər xilafətində 17 ildən artıq vəzirlik etdilər. Onların yüksəliş və süqutunu tarixin ən ibrətli səhifələrindən hesab etmək olar. 

Iki ibrətamiz hekayət

O dövrün şairlərindən biri belə rəvayət danışır: “Bir gecə Fəzl Bərməki məni sarayına çağırdı. Məlum oldu ki, həmin gecə oğlu olub, körpənin haqqında şeir deməyimi istəyir. Mən uşağın barəsində bir beyt şeir qoşub dedim. Fəzl mənə yüz min dirhəm ənam verdi, sonra tapşırdı ki, atası Yəhyanın və qardaşı Cəfərin də yanına gedib, şeiri onlara oxuyum. Elə də etdim, Yəhya ilə Cəfər də hər biri mənə yüz min dirhəm pul bağışladı. Öz-özümə dedim: ”Bircə beytə görə 300 min dirhəm qazandım”.

Bu hadisənin üstündən illər keçdi. Ruzigar məni Misirə aparıb-çıxartdı. Yolun toz-torpağından təmizlənmək üçün hamama getdim. Bir cavan hamam xidmətçisi gəlib, kürəyimi kisələməyə başladı. Nədənsə, o an Fəzlin körpəsi haqqında dediyim beyt yadıma düşdü, həmin beyti ucadan oxudum. Hamam xidmətçisi şeiri eşidən kimi ürəyi gedib yıxıldı. Özünə gələndən sonra mənim bu şeiri haradan bildiyimi soruşdu. Dedim ki, mən beytin müəllifiyəm. Oğlan söylədi: “Mən isə Fəzlin həmin oğluyam, bu şeiri sən mənim doğum günümdə demisən”.

Şair Bərməkilərin verdiyi bəxşişi özünə sərmayə etmiş və gözəl şərait yaratmışdı. Cavana yaxşılıq etmək məqsədilə, Fəzlin vaxtilə verdiyi yüz min dirhəmi ona qaytarmaq istəyir. Amma oğlan etiraz edib deyir: “Atamın verdiyini mən geri almaram”.

Ümumiyyətlə, tarixdə mövcud olmuş dövlətlərin vəzirləri ilə bağlı çox maraqlı hekayətlər var. Onlardan daha biri Şah Abbasın vəziri olmuş şəxslə bağlıdır. Deyilənə görə, şəhər divanxanasında bir qaraçının da işinə baxılacağını eşidən Şah Abbas vəzirdən təəccüblə soruşur: – Onun günahı nədir? Vəzir təzim edərək deyir: – Şah sağ olsun, onun günahı böyükdür. – Məsələn? – Dünən bazar meydanında o, əlahəzrət şahı söymüşdür. Onu ən ağır cəza gözləyir, şahım. Şah Abbas sanki ilk dəfə görürmüş kimi, hələ ayaq üstə olan vəzirə diqqətlə baxır: – Vəzir, mən birdən-ikiyə qaraçı ilə oturub-duranam?.. Vəzir diz çökür: – Allah eləməsin, əlahəzrət? Şah Abbas yenə əvvəlki təmkinlə soruşur: – Bəs, onda görməzə-bilməzə qaraçı məni niyə söysün? Söydürən olmasaydı, onun başına hava gəlməmişdi ki?.. Vəzirin çaşıb qaldığını görən Şah Abbas qəzəblə əmr edir: – Həmin qaraçını bu saat açıb buraxın! Vəzir, sənə də iki gün vaxt verirəm, məni söydürəni tapıb cəzalandırmasan, özün başınla cavabdehsən! O gündən Şah Abbas oğlu Səfi Mirzəyə öyüd verərmiş ki, “şahı öydürən də vəzir-vüzarə, xanzadə-bəyzadələrdir, söydürən də. Onları gözdən qoyma, oğul!”.

Abbasilər imperiyasının dağılması gedişində Azərbaycanda bir sıra müstəqil feodal dövlətləri meydana gəldi. Şirvanşahlar dövründə də şahın hakimiyyəti mütləq hesab olunurdu. Şahın hakimiyyəti varislərə irsən keçirdi. Bir qayda olaraq əyalətləri şahzadələr idarə edirdilər. Inzibati və maliyyə işlərinə vəzir baxırdı. Şirvanşahlar vəzirin məsləhəti ilə hərəkət edirdilər. Şahlıq kimi vəzirlik vəzifəsi də çox vaxt atadan oğula irsən keçirdi.

Səfəvilərdə vəzirlik

Azərbaycan türklərinin qurduqları qüdrətli Səfəvi dövlətində də vəzirlərin xüsusi rolu olmuşdur. Səfəvilərin ilk vəziri uzun müddətÿAğqoyunluÿhökmdarlarına vəzirlik etmişÿŞəmsəddin Zəkəriyyə Keçəçi Təbriziÿolmuşdu. O, 1500-ci ildə, Şah Ismayıl Şirvanşahlara qalib gəlib Mahmudabadda qışladığı vaxt ona qoşulmuş və vəzarət-divani əla vəzifəsinə təyin edilmişdi. “Vikipedia” yazır ki, Şah Ismayıl onun mühüm rolunu qeyd edərək ona “Azərbaycanın açarı” adını vermişdi. Iki il sonra 1503-1504-cü ildə Əmir Zəkəriyyə ilə birlikdəÿSultan Əlvənd bəyÿAğqoyunlunun divanında qulluq etmiş Qəvaməddin Mahmud xan (yaxud Mahmudcan) Deyləmi Qəzvini vəzir təyin olunmuşdu. Sonrakı tarixdə, Çaldıran vuruşmasına qədər vəzir vəzifəsinə təyinatlar barədə məlumat yoxdur. Şah Hüseyn Isfahani vəkil olduğu dövrdə bu vəzifəyəÿXacə Cəmaləddin Məhəmməd Təbriziÿilə birgə Qazi Cahan Qəzvini təyin olunmuşdu.

Tarixdən məlum olduğuna görə, I Şah Ismayılın sonuncu dəfə təyin etdiyi vəzir onun ölümündən dərhal sonra edam edilmişdir. Bununla, “yüksək divan” üzərində nəzarət Qazi Cahan Qəzviniyə etibar edilmiş, sonra isə o, 1524-1525-ci ildəÿvəkilÿvə əmir əl-üməraÿDiv sultan Rumlu tərəfindən vəzifəsindən kənar edilmiş, qalaya salınmışdılar. Daha sonra onun yerinə Mir Cəfər Savəci təyin olunmuşdur. Div Sultanın vəziri (Ağa Molla Qəzvini),ÿÇuxa sultan Təkəlininÿvəziri Xacə Arux Savəci kimi ona da hər gün irili-xırdalı bütün işlər barədə Div Sultana, Köpək Sultana və Çuxa Sultana məlumat çatdırmaq əmr edilmişdi. Əldə olan məlumatlara görə, Mir Cəfər Savəci və Xacə Arux bərabər hüquqla birlikdə 1531-1532-ci ilədək vəzir vəzifəsini tutmuşlar. Həmin ildə Hüseyn xan Şamlı vəkil vəzifəsini zorla ələ keçirmiş, ilk növbədə hər iki vəziri həbs etmiş, onların topladıqları çoxlu əmlak və pullarını əllərindən almışdı. Çünki 10 ilə yaxın Iraqın, Azərbaycanın, Farsın və Xorasanın bütün əmlak və pul işləri bu iki şəxsin əlindən gəlib keçmişdi. Bundan sonra Mir Cəfər Savəci edam edildi, Xacə Arux isə işgəncələr nəticəsində öldü. Hüseyn xanın məmurlarından biri – Əhməd bəy Nur Kamal Isfahani divan-i əla vəziri oldu.

Tarixdən məlum olduğuna görə səfəvilər hakimiyyətinin sonunadək bu vəzifə dövlətdə mühüm yer sayılmış, onların hakimiyyətindən sonrakı illərdə də uzun zaman davam etmişdir.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir