Azərbaycan internet üzrə də qismən azaddır

«Freedom House» təşkilatının «İnternet Azadlığı 2013: İnternet və Rəqəmsal Medianın Qlobal Vəziyyəti» adlı yeni hesabatı 60 ölkəni əhatə edir.

Hesabatda deyilir ki, bu il üçün qiymətləndirilməsi aparılmış ölkələrdən 29-u internetdə müəyyən siyasi və sosial məzmunları bloklayıb.

Çin, İran və Səudiyyə Ərəbistanı kimi ölkələr interneti bloklamaq və filtrləmək üçün ən müasir vasitələrə malikdirlər. Bu ölkələrdə minlərlə internet saytına giriş qapalıdır.

Lakin hətta Hindistan və Cənubi Koreya kimi demokratik ölkələrdə də bəzən müəyyən vaxtlarda siyasi məzmunlu saytları bağlayıblar.

İnternet saytlarını əvvəllər ara-sıra bağlayan Rusiya və İordaniya isə indi bu prosesi daha da intensivləşdirib.

Hesabatda sosial şəbəkələrdə və bütövlükdə internetdə siyasi fəallığa və postlarına görə istifadəçilərin özünü hədəfləyən ölkələrdən də söz açılır.

Belə ölkələrə misal kimi Türkiyə, Banqladeş və Azərbaycan göstərilir.

Sənəddə deyilir ki, Belarus, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Ukrayna İnformasiya və Kommunikasiya Texnologiyalarına nəzarət sistemini tətbiq etməyə başlayıblar. Onlar belə bir təcrübəni SORM kimi tanınan Rusiya sistemindən götürüblər.

Adları çəkilən ölkələr internetin və istifadəçilərin güdülməsini genişləndirən qanunvericilik aktları da qəbul ediblər.

Hesabatda qeyd olunur ki, son vaxtlar ABŞ-da müşahidə və izləmə fəallığı diqqət mərkəzinə gəlsə də, ötən il dünya ölkələrinin əksəriyyətində bu cür fəaliyyətlər genişlənib.

60 ölkədən 35-ində hökumətlər internetin güdülməsi üçün təkmil texnologiyalar almış, bununla da internet fəaliyyəti izlənilənlərin dairəsini genişləndirmiş və onlara daha səmərəli izləmə imkanları verən qanunlar qəbul etmişlər.

Bu da qeyd olunur ki, yerdə qalan 25 ölkədə də izləmə sistemlərinin yaxşılaşdırıldığını güman etmək olar. Ola bilsin, bu ölkələr sadəcə olaraq güdmə fəaliyyətlərini daha bacarıqla gizlədə biliblər.

GÜRCÜSTAN VƏ ERMƏNİSTAN AZAD, AZƏRBAYCAN QİSMƏN AZADDIR

«Freedom House» qiymətləndirmə üçün bu dəfə də özünün ənənəvi bal sistemindən istifadə edib və ölkələri «azad», «qismən-azad» və «azad olmayan» adlı 3 kateqoriyaya bölüb.

Qiymətləndirmə 0-dan 100-dək bal sistemi ilə keçirilib. Burada 0 ən yüksək, 100 isə ən aşağı qiymətdir.

Hesabatda, «azad» ölkələr kateqoriyasında (0-30) ABŞ, Britaniya, Fransa kimi ölkələrlə yanaşı, Gürcüstan (26), Ukrayna (28) və Ermənistan (29) da var.

Azərbaycan (52) 31-60 bal arasında qiymətləndirilmiş «qismən azad» ölkələrin sırasındadır. Keçmiş sovet respublikalarından bəziləri də bu kateqoriyadadır: Qırğızıstan(35), Rusiya(54), Qazaxıstan (59).

Keçmiş sovet ölkələrindən ikisi –Belarus (67) və Özbəkistan (78), Pakistan(67) və İranla (91) birlikdə  «azad olmayan» ölkələrin kateqoriyasına düşüb.