ABŞ Konqresi binası qarşısında atışma olub

ABŞ-ın Konqres binasının önündə atəş açılandan sonra bina ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

Kapitoli polisinin məlumatına görə, atışma nəticəsində bir nəfər yaralanıb. Yaralanan şəxsin Kapitoli polis zabiti olduğu müəyyən edilib.

Atışmaya nəyin səbəb olduğu hələlik məlum deyil, ancaq müxtəlif məlumatlara görə, polis maşınla olan silahlı şəxsi Ağ Evin yanından Konqres binasınadək təqib edib.

Emaillə göndərilən xəbərdarlıqda Kapitoli polisi Nümayəndələr Palatasında olan insana içəridə qalmağı məsləhət görüb. Polis habelə insanlara pəncərələrdən uzaq olmağı və qapıları bağlayaraq içəridə qalmağı məsləhət görür.

Amerikanın Səsinin Konqresdəki müxbiri Sindi Seyn deyib ki, Konqresin bəzi üzvləri Nümayəndələr Palatasının binasında saxlanılır.

Senat hazırda bütün fəaliyyətini dayandırıb. Xüsusi Xidmət İdarəsinin əməkdaşları deyib ki, Ağ Evin qarşısında başlayaraq Pensilvaniya küçəsindən bütün insanlar uzaqlaşdırılıb.

Rəsmilər hadisə zamanı Barak Obamanın Ağ Evdə olduğunu və insident barədə məlumatlandırıldığını bildirib.

Xatırladaq ki, insident Konqresin büdcənin təsdiqi barədə razılığa gəlməyərək hökumətin fəaliyyətini qismən dayandırmasından iki gün sonraya təsadüf edir.