Obama yenidən Konqresə çağırış etdi
Dövlət idarələrinin qismən bağlanması və hökumətin işinin dayandırılmasının hər saatı ABŞ-a 12 mln., günü 300 mln., həftəsi isə 1,6 mlrd. dollara başa gəlir. Bu barədə ABŞ-ın En-Bi-Si (NBC) telekanalı məlumat yayıb. Məlumata görə, müvafiq hesablamalar “IHS Global Insight” konsaltinq şirkəti tərəfindən aparılıb.
Şirkətin hesablamalarına görə, ödənişsiz məzuniyyətə göndərilmiş 800 min dövlət qulluqçusunun hər saatının dəyəri məhz qeyd olunan məbləğə bərabərdir. “Başqa sözlə, vergi ödəyiciləri işini dayandırmış hökumətə hər saat milyonlarla pul ödəyirlər”, deyə telekanalın müxbirləri qeyd edir.
“Büdcə ilə bağlı məsələdə kompromis tapmaqda və dövlət idarələrinin maliyyələşməsinə razılıq verməkdə Konqresin qabiliyyətsizliyi ABŞ-ın iqtisadiyyatına təhlükə yaradır”. Bunu ABŞ prezidenti Barak Obama bəyan edib: “Mən Konqresə təkrar çağırış edirəm – hökumətin işinin maliyyələşdirilməsi üçün tədbirlər görülsün. Hökumətin işinin respublikaçılar tərəfindən dayandırılması milli iqtisadiyyatı təhlükə altına atır. Konqres nəinki idarələrinin maliyyələşməsini bərpa etməlidir və böhrandan siyasi xallar əldə etməməlidir. Bu vərdişi tərgitmək vaxtıdır”. ABŞ prezidenti respublikaçıların səhiyyə islahatlarının dayandırılması istiqamətində göstərdikləri səyləri nəticəsiz adlandırıb(APA).