Hakimiyyətin 42 dəqiqəsinə qarşı Cəmil Həsənlinin 6 dəqiqəsi
Mehman Əliyev: «Teledebatlar müxalifətin namizədinə rəğbət, hakimiyyətə isə nifrət yaratdı»
Etiraf edək ki, prezident seçkiləri öncəsi ITV-də keçirilən namizədlərin teledebatı çox mətləblərə aydınlıq gətirdi. Dünənə kimi bəzi məqamları qəzetlərdən, sosial şəbəkələrdən, kimlərinsə dilindən eşidən xalq, reallıqları öz gözü ilə görüb, qulağı ilə eşitdi.
Indi normal düşüncəsi olan tamaşaçı bilir ki, bu namizədlərin hansı prezident olmaq üçün, hansı missiya yerinə yetirmək üçün irəli sürülüb.
Bildiyimiz kimi hər namizədə 6 dəqiqə vaxt verilir və namizəd bu 6 dəqiqə ərzində seçiciyə kimliyini, nə edəcəyini çatdırmalıdır. Ancaq yaranmış mənzərə onu göstərir ki, Cəmil Həsənlinin 6 dəqiqəsinə qarşı, Ilham Əliyevin 42 dəqiqəsi var. Çünki yerdə qalan namizədlər içində Iqbal Ağazadə və Sərdar Cəlaloğlunu çıxsaq, qalan 7 namizəd Cəmil Həsənliyə qarşı hücumdadır və Ilham Əliyevi məhd edir. Məsələyə daha çılpaq şəkildə yanaşsaq, ITV-dəki teledebatın 42 dəqiqəsini “YAP vaxtı” adlandırmaq olar. Qəribədir ki, bu qədər vaxt ədalətsizliyinə imza atmış hakimiyyət, Cəmil Həsənlinin 6 dəqiqəsinə dözüm gətirə bilmir. Bu 6 dəqiqədə müxtəlif təxribatlar edirlər, Cəmil bəyin danışığına maneə törədirlər, hətta təhqirə də keçirlər. Beləliklə, arxada qalan 7 teledebat qalibi müəyyənləşdirə bildi. Cəmil Həsənlinin 6 dəqiqəsi, YAP-ın 42 dəqiqəsini “nokaut”a saldı. Hətta, demək olar, YAP “vaxt qıtlığı” yaşayır.
Bəs, bu teledebatlar ictimaiyyətdə necə qiymətlənidirilir, ictimaiyyət kimi bu yarışın qalibi hesab edir?
“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev hesab edir ki, namizədlərin teledebatları hakimiyyətə nifrət, müxalifətə rəğbət qazandırdı: “Onsuz da insanların hakimiyyətə qarşı münasibəti mənfidir. Son sorğuların nəticəsi də bunu göstərir ki, mövcud rejimi cəmiyyət qəbul etmir. Belə bir vaxtda hansısa namizəd kobud şəkildə hakimiyyəti müdafiə edirsə, cəmiyyətdə həmin namizədə və hakimiyyətə nifrət daha da artır. Digər tərəfdən, 7 nəfərin birbaşa müxalifət namizədinə hücum etməsini, təhqirlər işlətməsini cəmiyyətin heç bir təbəqəsi müsbət qarşılamır. Bunu debat adlandırmaq da düzgün deyil. Çünki debat 2 şəxsin arasında olmalıdır, burda isə 7 nəfərin 1 nəfərlə yarışı gedir. Bu məqamlar Cəmil Həsənlinin reytinqinə işlədi. Hələ teledebatlardan öncə əhalinin 43 faizi müxalifətin namizədini dəstəkləyirdi. Indi bu rəqəm yüksəlib və şəffaf seçki keçirilsə, müxalifətin namizədi qələbə qazanacaq”.
Ilham Hüseyn