Babək Quliyev: “O, Azərbaycan futbolunun bəlası, Ramin Musayevsə poqonları Heydər Əliyev tərəfindən cırılaraq həbsə atılan şəxsdir”
Keçmiş FİFA referisi Babək Quliyev bu gün mətbuat konfransı keçirib. Əvvəlcədən də məlumat verdiyi kimi, B.Quliyev AFFA prezidenti Rövnəq Abdullayevin paxırlarını açan sensasion açıqlamalar verdi və ilginc faktlar açıqladı.
Virtualaz.org-un məlumatına görə, B.Quliyev öncə media nümayəndələrinin mətbuat konfransına maraq göstərməməsindən danışdı, jurnalistlərin çoxunun tədbirə gəlməməsindən söz açdı və bunun R.Abdullayevin mətbuata, xüsusən də idman mətbuatına təzyiq və əmrlətinin nəticəsi olduğunu söylədi: “Oktyabrın 2-də mətbuat konfransı keçirəcəyimizlə bağlı bütün media nümayəndələrinə əvvəlcədən xəbər göndərmişik, əksər internet portallarında da bu haqda məlumat yayılıb. Aldığım dəqiq xəbərə görə, bu, Rövnəq Abdullayevin tapşırığıdır ki, jurnalistlər mənim keçirdiyim mətbuat konfransımda iştirak etməsinlər. Rövnəq Abdullayevin pul verdiyi qəzetlər və internet portalları mənim haqqımda ümumiyyətlə xəbər verməmək tapşırığı alıblar. Ramin Musayev də saytlara tapşırıb ki, Babək Quliyevi mətbuata çıxarmayın”.
B.Quliyev R.Abdullayevi Azərbaycan futbolunun bəlası adlandırdı: “Rövnəq Abdullayevin 2008-ci ildə AFFA prezidenti seçilməsi Azərbaycan futbolu üçün bəlaya çevrildi. Həmin ildən etibarən biz geriyə gedirik. Təsəvvür edin ki, bu adamın federasiyanın 5 mərtəbəli binasında iş otağı belə yoxdur. Deməli, heç AFFA-ya da gəlib getmir. Yaxşı, bəs onda o, necə AFFA prezidentidir? Qurumu, futbol təsərrüfatını necə idarə edir? Qəzetləri, saytları, televiziyaları əllərinə alıblar. Guya ki, Azərbaycan futbolu inkişaf edir. Bunların hamısı prezidentin düşmənidir. Yalandan süni ot örtüklü stadionlar tikdirib camaatın başını aldadırlar. Futbolun inkişafı hansı ölkədə süni örtüklü stadionlarla olur?”
AFFA-da dələduzların olduğunu deyən FİFA referisi dəyişikliyin zəruri olduğunu vurğuladı: “Prezident olmasa, orada dələduzluq, özbaşınalıq yüz faiz olacaq. Futboldan anlayan, başı çıxan adam federasiyanın başında olmalıdır. Hazırda AFFA-da özbaşınalıqdır. Kim nə istəyirsə, onu da edir”.
AFFA prezidentinin yalnız pul silmək işi ilə məşğul olduğunu deyən B.Quliyev Azərbaycan-İsrail oyununun heç-heçə bitməsindən sonra millimizin oyunçularının hər birinə 50 min dollar mükafat verilməsini özbaşınalıq kimi qiymətləndirdi: “Qrupda 6 komanda arasında 6-cı yeri tutan komandanın oyunçularına 50 min dollar niyə verilib? Bununla da biz uçuruma gedirik. Azərbaycanda futbolun inkişafından söz gedə bilməz. Rövnəq Abdullayev və ətrafındakılar mətbuatı ələ alıb gördükləri işləri tərif etmək işi ilə məşğuldurlar”.
B.Quliyev jurnalistlərin “Hafiz Məmmədov AFFA prezidenti seçiləcəyi halda futbolun inkişafında müsbət dəyişiklik ola bilərmi” sualına isə belə cavab verdi: “Bu, mənim şəxsi fikrimdir ki, Hafiz Məmmədov futbolumuzu yaxşı günə çıxara biləcək yeganə şəxsdir. O, AFFA prezidenti seçilsə, çox gözəl olar”.
Sabiq FİFA hakimi Rövnəq Abdullayevin AFFA prezidenti seçiləndən sonra özü ilə gətirdiyi “yenilik”lərdən də danışdı: “Mən hakim işləyərkən Tofiq Bəhramov adına Respublika stadionunda hakimlərin pulsuz müayinə olunması üçün tibb məntəqəsi var idi. Rövnəq Abdullayev prezident seçildikdən sonra hakimlər ona məxsus olan “Modern Hospital”da müayinə olunmağa məcbur edildilər. Buna görə də onların adına müayinədən keçmək üçün 300-400 manat pul yazılır. “Modern Otel” də Rövnəq Abdullayevindir. Bütün qonaqlar orada qəbul edilir. Mətbuat konfransları həmin oteldə təşkil edilir. Bunların hamısı məcburi şəkildə edilir. Məqsədləri ancaq büdcədən pul silməkdir”.
B.Quliyev Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevin jurnalistlərə açıqlamasında “klub prezidentlərindən biri mənə ölkə kuboku üçün 1 milyon təklif etmişdi” açıqlamasına da sərt münasibət bildirdi: “Ramin Musayev poqonları Heydər Əliyev tərəfindən cırılaraq həbsə atılan bir şəxsdir. Jurnalistlərə deyir ki, mənə 1 milyon təklif edən klub prezidenti var. Ramin Musayev, bəs adını niyə açıqlamırsan? Deməli, onunla əlbir olmusan. Rövnəq Abdullayev niyə çıxıb cavab vermir? Bu açıqlamanı verdiyi jurnalistlər də gülür. Əksər idman jurnalistləri Ramin Musayevdən aldıqları 300-500 manata şəxsiyyətlərini satır. Ramin Musayev onlara deyir ki, mənim konfranslarıma gəlməsinlər”.
Rövnəq Abdullayevin “əlində üç qarpız tutduğunu” deyən B.Quliyev fikrini belə əsaslandırdı: “Rövnəq Abdullayev həm AFFA prezidentidir, həm deputatdır, həm də Dövlət Neft Şirkətinin prezidentidir. Ondan başqa bu ölkədə bu işi bacaracaq adam yoxdur? Mütləq bacarmadığı halda bu işləri o görməlidirmi?”
Mətbuatda onu görmək istəməyənlər arasında “Qarabağ” klubu rəhbərliyinin də olduğunu deyən B.Quliyev bunu da sonuncunun Ramin Musayevlə yaxınlığı ilə əlaqələndirdi: “Bu yaxınlarda internet saytlarının birində açıqlamam verilmişdi. Orada Azərbaycan futbolundan, Ramin Musayevin futbolumuza vurduğu ziyanlardan danışmışdım. Həmin məlumat şəxsən “Qarabağ” klubunun direktoru Əmrah Çəlikəlin sifarişi ilə o saytdan çıxarılıb. Əlimdə buna dair faktım var. Onların da Ramin Musayevlə yaxınlığı var. Əmrah Çəlikəldən soruşmaq lazımdır ki, Ramin Musayev sənin nəyindir”.
B.Quliyev sonda Azərbaycan futbolu üçün illərdir çalışan şəxslərin Rövnəq Abdullayevin futbol siyasəti sayəsində kənarda qaldığını da dedi.