Mehman Hüseynovu niyə saxlamışdılar?Bloqqer azadlıqda- VİDEO

Bir neçə saat Baş Prokurorluqda saxlanılan fotoreportyor Mehman Hüseynov sərbəst buraxıldıqdan sonra AzadlıqRadiosuna qısa müsahibə verib.

 – Səhər saatlarında 2 mülkü geyimli şəxs bizim ofisə gələrək, ofisdə hansı tədbirin keçirilməsiylə maraqlandılar. Sonra məni özləriylə birlikdə Baş Prokurorluğa aparmalı olduqlarını dedilər. Mən də onlarla getdim. Mən hiss etdim ki, dünən yaydığım videoya görə aparırlar. Bir neçə saat məni bu video ilə bağlı sorğu- sual etdilər. Sonra dedilər ki, prezident seçkiləri ərəfəsində fəallığımı bir az azaldım. Mənsə bildirdim ki, mən jurnalistəm, satirik videolar hazırlayıram və bu işə də davam edəcəm. İlham Əliyev tez-tez səsləndirdiyi “Azərbaycanda internet azaddır” fikrini də diqqətlərinə çatdırdım… Mənim hazırladığım videoda qanunsuz heç bir şey yoxdur. Bundan sonra da tənqidi, satirik videoları hazırlamağa davam edəcəm.

Mehman Hüseynova bildirib ki, ona qarşı heç bir ittiham irəli sürülməyib.

«Mənimlə sadəcə söhbət etdilər və sərbəst buraxdılar».

***

Mehman Hüseynovla bağlı rəsmi açıqlama

Baş Prokurorluq fotoreportyor Mehman Hüseynovun saxlanılması barədə məlumatlara aydınlıq gətirib.

Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, sosial şəbəkələrdə yayılmış cinayət xarakterli məlumatların araşdırılması məqsədilə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı Mehman Hüseynov izahatının alınması üçün Baş Prokurorluğa dəvət edilib.

***

Vəkil Elçin Sadıqovun order və vəkalətnaməsinin olmasına baxmayaraq,  fotoreportyor Mehman Hüseynovun dindirildiyi yerə – Baş Prokurorluğa buraxılmır.

Vəkilin sözlərinə görə, M.Hüseynov prezident seçkilərinə həsr olunmuş “300 spartalı” satirik videoçarx ilə əlaqədar saxlanılıb.

Videoçarxın mahiyyəti ondan ibarətdir ki, filmin qəhrəmanları prezidentliyə namizədlərin teledebatlar zamanı işlətdikləri frazalarla danışırlar (contact.az).

***

Mehman Hüseynovun BŞBPİ-dən Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə aparıldığı deyilir.

***

RATİ-nin əməkdaşı Mehman Hüseynovun səhər saatlarında polis tərəfindən saxlanılıb. Son məlumatlara görə onun Bakı şəhər Baş Polis İdarəsinə aparıldığı söylənilir.

RATİ-dən AzadlıqRadiosuna verilən məlumata görə, səhər saatlarında bir neçə mülki geyimli şəxs ofisə gəlib. Onlar Mehman Hüseynovla görüşmək istədiklərini bildiriblər. Mehman ofisin qarşısındakı həyətə çıxanda özlərini təqdim etmədən onu “Prado” markalı maşına mindirib aparıblar. Gələnlər RATİ əməkdaşlarına kim olduqlarını deməyiblər. Bir onu deyiblər ki, Mehman Hüseynovu Baş Polis İdarəsinə aparırlar.  RATİ əməkdaşlarının dediyinə görə, onlar Bakı Şəhər Baş Polis idarəsində olublar. Ancaq onlara Mehman Hüseynovun idarəyə gətirilmədiyini bildiriblər. Bakı şəhər Baş Polis İdarəsinin növbətçi hissəsindən AzadlıqRadiosuna bildiriblər ki, onlar hər hansı məlumat verə bilməzlər: “DİN-in mətbuat xidmətinə zəng etmək lazımdır”.