Bloggerin seçki klipi hökuməti təşvişə saldı -VİDEO

Mehman Hüseynovu Baş Prokurorluqda 5 saat dindirib xəbərdarlıq etdilər

«Dedilər bu video bizə problem yaradıb, araşdırmalıyıq»

«Onları ən çox narahat edən Cəmil Həsənlinin səsi ilə spartalının «bu hakimiyyət getməlidir» sözü olub»

Tanınmış gənc fəal, blogger, Reportyorların Azadlıq və Təhlükəsizlik Institutunun (RATI) əməkdaşı Mehman Hüseynov oktyabrın 2-i səhər saatlarında naməlum şəxslər tərəfindən saxlanılıb. RATI-dən verilən məlumata görə, bir neçə mülki geyimli şəxs əvvəlcə ofisə gəlib. Onlar Mehman Hüseynovla görüşmək istədiklərini bildiriblər. Mehman ofisin qarşısındakı həyətə çıxanda isə özlərini təqdim etmədən onu “Prado” markalı avtomobilə mindirib aparıblar.
Gələnlər RATI əməkdaşlarına kim olduqlarını deməyiblər. Yalnız onu bildiriblər ki, Mehman Hüseynovu Bakı Şəhər Baş Polis Idarəsinə aparırlar. Hadisədən dərhal sonra RATI əməkdaşları adıçəkilən idarədə olublar. Ancaq onlara Mehman Hüseynovun idarəyə gətirilmədiyini bildiriblər. Idarənin növbətçi hissəsi də hər hansı məlumat verə bilməyəcəyini bəyan edərək Daxili Işlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamağı tövsiyə edib. DIN-in mətbuat xidməti isə həmin ərəfədə telefon zənglərinə cavab verməyib.
Vəkil Elçin Sadıqovun açıqlamasından sonra məlum olub ki, M.Hüseynovu Baş Prokurorluğa aparıblar: “Onu saxlayanda heç bir açıqlama verməyiblər. Noutbukunu istəyiblər. Hələ ki, başqa bir məlumat verilmir”. E.Sadıqovu da M.Hüseynovla görüşə buraxmayıblar: “Deyirlər hələ cinayət işinə başlamamışıq. Amma Cinayət Prosessual Məcəlləsinin 19.3-cü maddəsi vəkilin iştirakına heç bir halda qadağa qoyula bilməyəcəyini deyir. Bunu onlara çatdırdım, ancaq əhəmiyyət verən yoxdur”.

Baş Prokurorluqdan maraqlı açıqlama

Baş Prokurorluğun mətbuat xidmətinin günortaya yaxın yaydığı məlumatdan sonra məlum olub ki, Mehman Hüseynov bir neçə gün əvvəl sosial şəbəkələrdə yaydığı “300 spartalı” videosuna görə saxlanılıb: “Mehman Hüseynov sosial şəbəkələrdə yayılmış cinayət xarakterli məlumatların araşdırılması məqsədilə bu gün izahatının alınması üçün Baş Prokurorluğa dəvət edilib. Hazırda müvafiq araşdırmalar davam etdirilir”.
Bir neçə saat Baş Prokurorluqda saxlanılan jurnalist sərbəst buraxıldıqdan sonra “Azadlıq” radiosuna müsahibə verərək bunları deyib: “Səhər saatlarında 2 mülkü geyimli şəxs bizim ofisə gələrək, ofisdə hansı tədbirin keçirilməsiylə maraqlandı. Sonra məni özləriylə birlikdə Baş Prokurorluğa aparmalı olduqlarını dedilər. Mən də onlarla getdim. Hiss etdim ki, dünən yaydığım videoya görə aparırlar. Məni Baş Prokurorluqda 5 saat dindirəndən sonra xəbərdarlıq edib buraxdılar. Dindirmədə isə dedilər ki, sosial şəbəkələrdə prezidentliyə namizədlərlə bağlı bir video yayılıb. Dedilər bu video bizə problem yaradıb, onu araşdırmalıyıq. Onları ən çox narahat edən həmin videoda Cəmil Həsənlinin səsi ilə spartalının ”bu hakimiyyət getməlidir” sözü olmuşdu. Bununla nə demək istədiyimi soruşdular. Cavab verdim ki, heç bir məqsədim olmayıb, videobloggerəm, belə satiraları yayıram. Onu da dedim ki, Cəmil Həsənli bu sözü ITV-də canlı yayımda deyib. Onlar dedi ki, bir var bu canlı efirdə deyilir, bir də var bunu zorakılığa çağırışı kimi yayırsınız. Onu da dedim ki, Ilham Əliyev hər çıxışında deyir ki, Azərbaycanda internet azaddır, söz azadlığı var, siz isə məni oğurlayıb bura gətirmisiniz. Axırda mənə dedilər ki, sənə xəbərdarlıq edirik, seçki ərəfəsi aktiv olma, belə videolar, çağırışlar hazırlama. Mənim hazırladığım videoda qanunsuz heç bir şey yoxdur. Bundan sonra da tənqidi, satirik videolarımı davam etdirəcəm”.

“Xəbərdarlıq etdilər ki, səni yenə çağıracağıq”

M.Hüseynov deyir ki, dindirmə vaxtı ona heç bir təzyiq olmayıb: “Xəbərdarlıq edəndə dedilər ki, səni yenə çağıracağıq. Hesab edirəm ki, bu seçki ərəfəsi mənə, sosial şəbəkələrdə fəal olan digər gənc fəallara olan təzyiq növüdür”.
Qeyd edək ki, Mehman Hüseynov saxlanmazdan bir gün əvvəl prezidentliyə namizəd Cəmil Həsənli ilə bağlı videorolik hazırlayıb. Rolikdə Amerika rejissoru Rudolf Matenin 1962-ci ildə çəkdiyi “300 spartalı” filminin kadrlarından istifadə edilib. Film 300 spartalının Fermopil döyüşündə əfsanəvi qəhrəmanlığından bəhs edir. Bu döyüş e.ə. 480-ci ilin sentyabrında işğalçı fars ordusu ilə yunan əsgərləri  arasında olub. Sayı 250 min nəfərə qədər olan fars ordusuna qarşı 8 minlik yunan qoşunu vuruşub. Onlar 2 gün dar dərədə fars qoşununun qarşısını ala biliblər, amma mühasirədən ehtiyat etdikləri üçün çoxu geri çəkilib. Yalnız bir neçə yüz nəfərlik spartalı dəstə qalıb. Qəhrəmancasına döyüşsələr də sonda məhv ediliblər.
Mehman Hüseynov ötən il iyunun 6-da da da həbs olunmuşdu. Həmin vaxt onun barəsində Səbail Rayon Polis Idarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanmışdı. O, mayın 21-də Ictimai Palatanın Bakı meriyasının binası qarşısında razılaşdırılmamış aksiya keçirərkən polis əməkdaşlarına müqavimət göstərməkdə ittiham olunmuşdu. Həmin vaxt iyunun 12-də tutulan jurnalist bir gün sonra iyunun 13-də buraxılmışdı(“Azadlıq” radiosu).
M.Hüseynovun saxlanılması ilə bağlı dünən ölkənin aparıcı demokratik qüvvələrinin etiraz bəyanatları yayılıb.

Cəmil Həsənli: “Mehman Hüseynov hakimiyyətin qəzəbinə gəlib”

İlk belə bəyanat Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlidən gəlib: “Azad və ədalətli seçki keçirməyi vəd edən, amma özünün qadağalara, təzyiq və həbslərə söykənən repressiya siyasətini daha böyük səylə davam etdirən Azərbaycan hakimiyyəti nə insan haqlarına, nə də demokratik seçki mühiti yaratmaq tələblərinə məhəl qoyur. Oktyabrın 2-də seçki proseslərini fəal işıqlandıran Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutunun əməkdaşı, tanınmış fotojurnalist və bloqçu Mehman Hüseynov heç bir əsas olmadan Baş Prokurorluq tərəfindən saxlanılıb. Rəsmi açıqlamaya görə, Mehman Hüseynov guya hansısa cinayət xarakterli məlumatın araşdırılması məqsədilə dindirilir. Lakin dindirilmədə onun vəkilinin iştirakına qadağa qoyulub. Mehman Hüseynov sosial şəbəkələrdə fəallığına, xüsusən də seçki ilə bağlı hazırladığı videosüjetlərə görə hakimiyyətin qəzəbinə gəlib. Buna şübhə yoxdur. Ona qarşı təzyiqlər qanunsuz olmaqla yanaşı, ölkədə söz azadlığını boğmağa yönəlib. Bu həm də hakimiyyətin növbəti dəfə seçkiləri saxtalaşdırmaq niyyətindən xəbər verir. Biz beynəlxalq mükafatlara layiq görülmüş gənc jurnalist Mehman Hüseynova qarşı təzyiqləri dayandırmağı tələb edirik”.

AXCP və Müsavat bəyanat yaydı

Daha sonra AXCP də Mehman Hüseynovun saxlanmasına etirazını bildirən bəyanat verib: “Azərbaycan Xalq Cəbhəsi Partiyası gənc fəal, bloqçu Mehman Hüseynovun oğurlanaraq, hüquq-mühafizə orqanları tərəfindən təzyiqə məruz qalmasını şiddətlə pisləyir. Mehman Hüseynovun saxlanma forması, onun vəkili ilə təmas yaratmağa imkan verilməməsi özbaşınalıq və kobud qanun pozuntusudur. AXCP baş verənləri azad və tənqidçi düşüncəyə qarşı növbəti zorakılıq kimi dəyərləndirir. AXCP hakimiyyətdən tələb edir ki, növbəti səhvə yol verməsin və Mehman Hüseynov sərbəst buraxılsın.
AXCP hakimiyyəti öz məsuliyyətini dərk etməyə, hüquq və azadlıqlara hörmət bəsləməyə çağırır”.
Müsavat Partiyası da M.Hüseynovun saxlanmasına bəyanatla etiraz edib. Sənəddə M.Hüseynovun oktyabrın 2-də səhər saatlarında naməlum istiqamətə aparılması oğurluq kimi dəyərləndirir: “Mehman Hüseynovun oğurlanması əməliyyatını icra edənlər bu qanunsuz əməli saatlarla ictimaiyyətdən gizli saxlayıblar, onun harada saxlanılması haqda  informasiya verməyiblər. Mehman Hüseynovun saxlanılma forması, vəkili ilə görüşünə imkan verilməməsi özbaşınalıq və kobud qanun pozuntusudur. Əliyev rejimi onu demokratiya uğrunda fəal mübarizədən çəkindirmək, seçki kampaniyası dövründə artan siyasi fəallığının qarşısını almaq istəyir. Bu fakt həm də azad düşüncənin susdurulması cəhdi, rejimin gənclərə tətbiq etdiyi repressiyanın tərkib hissəsidir”.