“Ona qarşı təzyiqlər qanunsuz olmaqla yanaşı, ölkədə söz azadlığını boğmağa yönəlib”
Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli jurnalist Mehman Hüseynovun saxlanılması ilə bağlı bəyanat verib. Bəyanatda deyilir:
“Azad və ədalətli seçki keçirməyi vəd edən, amma özünün qadağalara, təzyiq və həbslərə söykənən repressiya siyasətini daha böyük səylə davam etdirən Azərbaycan hakimiyyəti nə insan haqlarına, nə də demokratik seçki mühiti yaratmaq tələblərinə məhəl qoyur. Oktyabrın 2-də seçki proseslərini fəal işıqlandıran Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) əməkdaşı, tanınmış fotojurnalist və bloqçu Mehman Hüseynov heç bir əsas olmadan Baş Prokurorluq tərəfindən saxlanılıb.
Rəsmi açıqlamaya görə, Mehman Hüseynov guya hansısa cinayət xarakterli məlumatın araşdırılması məqsədilə dindirilir. Lakin dindirilmədə onun vəkilinin iştirakına qadağa qoyulub. Mehman Hüseynovun sosial şəbəkələrdə fəallığına, xüsusən də seçki ilə bağlı hazırladığı video süjetlərə görə hakimiyyətin qəzəbinə gəldiyinə şübhə yoxdur. Ona qarşı təzyiqlər qanunsuz olmaqla yanaşı, ölkədə söz azadlığını boğmağa yönəlib. Bu həm də hakimiyyətin növbəti dəfə seçkiləri saxtalaşdırmaq niyyətindən xəbər verir.
Biz beynəlxalq mükafatlara layiq görülmüş gənc jurnalist Mehman Hüseynova qarşı təzyiqləri dayandırmağı tələb edirik”.