Bir sitat və çoxlu suallar

Iki gün əvvəl Ilham Əliyev korrupsiyanın meydanının daraldılmalı olmasından danışdı. Sitat: “Biz korrupsiya üçün meydanı daim daraltmalıyıq. Bu bəla Azərbaycandan tamamilə silinməlidir, olmamalıdır”. 

Bir anlıq korrupsiyanın Azərbaycandakı hakim rejimi birləşdirən dəyər olduğunu unudaq. Korrupsiyanın yaptokratiya üçün həyat və idarəetmə tərzinə çevrildiyini yaddan çıxaraq.

Bütün diqqəti möhtərəmin dediklərinə fokuslaşdırıq.

Onun söylədiklərinə bir etirazımız varmı? Əlbəttə, yox.

Amma əvəzində çoxlu sualımız var: əgər daraldılmalı olan korrupsiya meydanıdırsa, bəs niyə “Azadlıq” meydanı yox edildi? Bir xalqın müstəqillik mübarizəsinin rəmzi olan meydanı qazıb oranı niyə qaraja çevirdilər?

Niyə “Azadlıq” meydanına xaricdən alınan traktorlara, taksilərə, kombaynlara baxış keçirilə bilir, amma xalqın ora toplaşmasına icazə yoxdur?

Daraldılmalı korrupsiya meydanıdırsa, bəs onda “Qələbə” meydanı hanı?

“Ukrayna” meydanı hanı?

Bu meydanlar xalqdan alınıb, sərbəst toplaşmaq faktiki olaraq yasaqlanıbsa, korrupsiyanın meydanı darala bilərmi?

Axı bir ölkədən korrupsiyanın silinməsinin ilk şərti o ölkədə xalqın meydanlara çıxmaq, özgürcə toplaşa bilmək haqqının olmasıdır. 

Bir ölkədə korrupsiyanın meydanı o vaxt darala bilər ki, azad sözün, fərqli fikirin, tənqidçi düşüncənin meydanı geniş olsun. Tənqidçi, müxalif qələmlərin basqı, təhdid altında olduğu ölkədə korrupsiya ləğv edilə bilməz, əksinə, çiçəkləndikcə çiçəklənər.

Bir ölkədə söz nə qədər azaddırsa, korrupsiya bir o qədər azdır.

Bir ölkədə toplaşmaq, seçib-seçilmək nə qədər sərbəstdirsə, korrupsiya da bir o qədər azdır. 

Bu təməl prinsipləri unudaraq, heçə sayaraq korrupsiyanın meydanını daraltmaq mümkündürmü? Mümkün deyil! Hətta bunu xəyal etmək belə gülməlidir.   

Normal ölkədə bu sadə həqiqətləri yazan bir müəllifin yazısını kimsə oxumaz. Qayıdıb ona deyərlər ki, hətta birinci sinif uşağının da bildiyi bir şeyi yazmaqdan utanmırsanmı?

Əlbəttə, utanırıq.

Amma nə etməli ki, çağdaş, modern, demokratik toplumlar üçün adidən adi, sadədən sadə həqiqəti illərdir hörmətli yaptokratlara heç cür anlada bilmirik.

Ya özləri anlamaq istəmirlər.

Ya da biz doğru anlada bilmirik.

Şikayət doğrudur, şikayət səbəbi səhv

Dünən oxudum ki, xalqın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin Xətaidə seçicilərlə görüşündə aranı qarışdırmaq istəyən öyrədilmiş adamlar guya döyüldükləri barədə MSK-ya şikayət ediblər.

Mən onların bu şikayətini doğru sayıram.

Sadəcə, şikayət səbəbi səhvdir. 

Könül istərdi ki, onlar bir qarın çörək üçün…

Beş-üç manat üçün bu vəziyyətə salınmalarından şikayətlənəydilər.

Şikayətlənəydilər ki, niyə bu hakimiyyət bizi mədəmizlə sınağa çəkir?

Səfalətlə imtahan edir ki, biz də sonda o bir qarın çörək, beş-üç manat pul uğruna kiminsə əlində alət olur, təxribatçıya, araqarışdırana, böhtançıya çevrilirik.

27 oktyabrmı, 9 oktyabrmı?

Dünən açıqladılar: bu il yay vaxtı oktyabrın 27-də ləğv ediləcək. Yəni saatlar bir saat geri çəkiləcək.

Ümumiyyətlə, bu yaz-yay saatı söhbəti Azərbaycan kimi ölkədə adama çox qeyri-ciddi görünür.

Çağın yüzillərlə gerisinə atılmış bir ölkədə saatları bir saat irəli çəksən nə olacaq, geri çəksən nə? 

Irəli çəksən mənasızdır – çünki onsuz da hər gün ölkə olaraq, toplum olaraq geri gedirsən.

Geri çəksən yenə mənasızdır – onsuz da bir gündə az qala bir il geri gedən ölkədə saatı bir saat geri çəkmək havayı zəhmətdir.

Odur ki, 27 oktyabrı boş verin.

Gəlin 9 oktyabrda doğruya səs verməklə Azərbaycanı irəli çəkək, onun çağdan bir az da qopmasına imkan verməyək. Barı bundan sonra ömür saatımızı həqiqətə, ədalətə, azadlığa quraq…