Yalançı sorğulara ekspert rəyi

Qulu Məhərrəmli: «Bu sorğular təbliğat xarakterlidir və nəticələri inandırıcı deyil»

Mahal Ismayıloğlu: «Ölkədə keçirilən rəy sorğuları saxtakarlığı malalamaq üçündür»

Prezident seçkiləri yaxınlaşdıqca ölkədə namizədlərin cəmiyyətdəki nüfuzunu, insanların hansı namizədə səs vercəyini aydınlaşdırmaq üçün müxtəlif təşkilatlar rəy sorğusu keçirir. Bu sorğuların əksəriyyətində Ilham Əliyevin qalib gəldiyi, rəqiblərini yüksək faizlə məğlub etdiyi bildirilir.

Ancaq Azərbaycan reallığında bu sorğuların şəffaflığı şübhə doğurur və nəticələr cəmiyyətdəki əhval-ruhiyyəyə adekvat deyil. Digər tərəfdən, ölkəni 20 ildir zəbt etmiş rejim insanları siyasi mənsubiyyətinə, fərqli düşüncəsinə görə təqib edir və belə bir şəraitdə insanların kamera qarşısında öz fikirlərini olduğu kimi bildirməsi real görünmür. Çünki dövlət işində işləyənlər, ali məktəblərdə təhsil alanlar və digər kotiqoriyadan olan insanlar, Ilham Əliyevə dəstəyini ifadə etməyəcəyi təqdirdə müəyyən təzyiqlərlə üzləşəcəyini bilir.

Rəy sorğularının nə qədər şəffaf olduğunu və bu sorğuların nəticələrinin necə qiymətləndirildiyini ictimaiyyət nümayəndələri ilə müzakirə etdik.

Professor Qulu Məhərrəmli hesab edir ki, ölkədə keçirilən sorğular təbliğat xarakterlidir və reallığı əks etdirmir: “Bu sorğularda maraqlı olan şəffaflıqdan daha çox sorğuların hansı metodologiya ilə keçirilməsidir. Yəni kimlər arasında keçirilir, nə qədər sosial təbəqələr əhatə olunur. Hesab edirəm ki, seçki ərəfəsində keçirilən sorğular təbliğat xarakteri daşıyır və müəyyən dərəcədə auditoriyaya təsir etmək imkanı üçündür. Kimin imkanı böyükdürsə, daha çox sorğu keçirir və daha çox nəticə elan edir. Əgər azad, müstəqil, asılı olmayan sorğu təşkilatları sorğu aparırsa, bu sorğunu ciddi hesab etmək olar. Indiki şəraitdə isə sorğuların nəticəsi inandırıcı deyil və təbliğat ağırlıqlıdır. Sorğu müxtəlif dünya görüşlərini əks etdirməlidir. Əgər bir sorğuda hamı eyni sözü deyirsə, bunu ciddi sorğu hesab etmək olmaz”.

“Xalq qəzeti”nin keçmiş baş redaktoru Mahal Ismayıloğlu bildirdi ki, bu məsələdə əsas olan hansı təşkilatın bu sorğunu keçirməsidir: “Sorğu keçirən mətbuatın, informasiya agentliyinin kimə məxsus olduğuna baxsaq, həmin sorğunun hansı məqsədlə keçirildiyini anlamaq olar. Hakimiyyət də bu tipli metodlardan yararlanır. Dəhəşətli budur ki, Ingiltərədə də hansısa mənbələr rəy sorğusu keçirib və Ilham Əliyev 80 faiz səs toplayıb. Azərbaycanda bu ənənənin formalaşması psixoloji amillə, ölkədəki idarəetmə ilə bağlıdır. Ancaq seçicinin imkanı var ki, təzyiqlərdən qorxduğu üçün kameraya bir namizədin adın deyirsə, seçkilərdə istədiyi namizədə səs versin. Hesab edirəm ki, Azərbaycan seçicisi pərdə arxasında öz əqidəsinə, öz seçiminə xəyanət etmir. Bizim ölkədə keçirilən rəy sorğuları saxtakarlığı malalamaq üçündür”.

Ilham Hüseyn