Tale Bağırzadənin istintaqı yekunlaşdı

Cinayət işi Sabunçu Rayon Məhkəməsinə göndərilib 

Qanunsuz narkotik saxlamaqda ittiham olunan gənc ilahiyyatçı Tale Bağırzadənin işi üzrə ibtidai istintaq başa çatıb. Cinayət işi baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib. Bu barədə “Turan”a vəkil Cavad Cavadlı bildirib.

Onun sözlərinə görə, ittiham aktında T.Bağırzadəyə qarşı yeni ittihamlar irəli sürülməyib: “Tale Bağırzadənin ictimai çıxışlarının dini-linqvistik ekspertizası Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən həyata keçirilib və cinayət təhqiqatının predmeti ola biləcək ifadələr aşkar edilməyib”.

Sentyabrın 30-da Bağırzadənin həbs müddəti başa çatıb. Vəkil qeyd edib ki, həbs müddətinin uzadılması haqqında yeni məhkəmə qərarı yoxdur. Vəkilin fikrincə, hazırda T.Bağırzadə faktiki olaraq qanunsuz həbsdə saxlanılır: “Istintaq Cinayət Prosessual Məcəllənin işin məhkəməyə verilməsindən sonra həbs müddətinin avtomatik uzadılması haqqında normalarına istinad edir. Amma Azərbaycan Konstitusiya Məhkəməsinin qərarı və Avropa Məhkəməsinin Azərbaycandan olan işlər üzrə presedentləri var ki, onlara əsasən, işin məhkəməyə verilməsi hələ həbs müddətinin avtomatik uzadılması demək deyil. Həbs müddətinin uzadılması istənilən halda məhkəmənin sanksiyası ilə həyata keçirilməlidir”. C.Cavadlı qeyd edib ki, bu pozuntulardan Avropa Məhkəməsinə şikayət veriləcək.

T.Bağırzadə martın 31-də qanunsuz narkotik saxlamaq ittihamı ilə həbs edilib. Bu, onun xütbəsində Azərbaycan hakimiyyətini kəskin tənqid etməsindən bir həftə sonra baş verib.