MSK Cəmil Həsənlinin şikayətini müzakirə edəcək

Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli bu həftə Mərkəzi Seçki Komissiyasına müraciət edərək İctimai Televiziyadakı debatlarda başqa bir namizədin – Hafiz Hacıyevin təhqir və təhdidlərinə məruz qaldığını deyib, onun qeydiyyatının ləğv edilməsini, barəsində hüquq mühafizə orqanlarına müraciət olunmasını xahiş edib.

Cəmil Həsənlinin seçki qərargahının üzvü Gülağa Aslanlı “Media forum” saytına açıqlamasında məsələnin MSK-da araşdırıldığını və növbəti iclasda müzakirə olunacağını bildirib: “Hafiz Hacıyev hakimiyyətin Cəmil Həsənliyə qarşı soyuq silahıdır. Ona qarşı cəza tədbiri görüləcəyi və namizədliyinin ləğv olunacağı inandırıcı deyil. MSK o cəsarətdə deyil ki, hakimiyyətin Cəmil Həsənliyə qarşı ortaya qoyduğu adamı cəzalandırsın. Çünki müstəqil deyil. Amma biz haqqımızı tələb edirik. Heç bir cəza tədbiri görülməyəcəyi halda məhkəməyə müraciət edəcəyik”.