“Seçkilər saxtalaşdırılsa prezident postunun legitimliyi şübhə altına alınacaq”
Mehman Əliyev: “Milli Şuranın seçki təbliğatı uğurla davam edir”
Hakimiyyətin bütün səylərinə rəğmən demokratik qüvvələrin məhdud imkanlarla apardığı seçki kampaniyası cəmiyyətdə siyasi aktivliyi ötən aylara nisbətdə artırmaqdadır. Amma o da etiraf olunmalıdır ki, seçkiyə sayılı günlərin qaldığı bir məqamda ölkədə qətiyyən seçki ab-havası hiss olunmur. Müsahibimiz “Turan” Informasiya Agentliyinin direktoru, Milli Şuranın Ictimai Əlaqələr Komissiyasının sədri Mehman Əliyevdir. M.Əliyevə ilk sualımız məhdud imkanlara rəğmən demokratik qüvvələrin apardığı təbliğat kampaniyasını necə dəyərləndirdiyi ilə bağlı oldu.
– Milli Şuranın namizədinin televiziya kanallarına çıxışı tam məhduddur. Milli Şura namizədinin həftə ərzində Ictimai Televiziyada on səkkiz dəqiqədən başqa seçicilərlə təmas qurmaq imkanı yoxdur. Seçki təbliğatının aparılması ilə bağlı vəsait problemi də yaşanır. Demokratik qüvvələrin seçki kampaniyası üçün vəsaiti çox azdır. Bu istiqamətdə hakimiyyətin imkanları qeyri-məhduddur. Milli Şuranın təbliğat kampaniyasına qiymət verərkən ölkədəki KIV-in böyük əksəriyyətinin nəzarətdə olmasını diqqətə almaq lazımdır. Bütün bunlarla yanaşı seçicilərlə sərbəst görüşmək imkanları yaradılmır. Cəmil Həsənlinin Mingəçevirdə keçirdiyi görüş də sübut etdi ki, hakimiyyət bütün namizədlərə bərabər imkanlar yaratmır. Mingəçevirdəki görüşdə müxtəlif təxribatlara yol verildi. Seçicilərlə görüş sona qədər təxribatçı qruplar üzündən mümkün olmadı. Bütün bu təzyiqləri, qeyri-bərabər şəraiti nəzərə alsaq, hesab etmək olar ki, Milli Şuranın seçki təbliğatı kifayət qədər uğurla davam edir. Sosial şəbəkələrdə keçirilən sorğular, aparılan diskusiyalar, əhali arasında səslənən bütün fikirlər göstərir ki, Cəmil Həsənlini çoxları qəbul edir və vətəndaşların böyük əksəriyyəti ona səs verməyə hazırdırlar. Bütün bunlar isə deməyə əsas verir ki, kampaniya kifayət qədər uğurla keçir.
– Cəmil Həsənlinin teledebatlarda kifayət qədər sərt mövqedən çıxış etməsi, hakimiyyətə qarşı sərt mesajlar səsləndirməsi təşviqat kampaniyasının gedişinə necə təsir göstərir?
– Bunun böyük təsiri var. Biz monitorinq aparırıq və onun nəticələri göstərir ki, teledebatlara diqqət onlar başlayandan üç dəfə artıb. Insanların saat yeddidə televizorun qarşısına keçməsinin səbəbi yalnız Cəmil Həsənlinin çıxışına baxmaq istəyidir. Digər namizədlərin çıxışı seçicilər üçün bir o qədər də maraqlı deyil.
– Hakimiyyət təmsilçilərinin teledebatlarda mövqeyinin alt-üst olması, gətirdikləri arqumentlərinin gülüş doğurması cəmiyyət tərəfindən necə qarşılanır?
– Ümumiyyətlə, vətəndaşlar hakimiyyət təmsilçilərinin çıxışlarını mənfi qarşılayırlar. Burada birbaşa görünür ki, digər namizədlər özlərini prezidentliyə iddialı göstərsələr də namizəd kimi aparmırlar. Onlar özlərini daha çox hakimiyyətin vəkili kimi aparırlar. Onlar bir tərəfdən Ilham Əliyevin, digər tərəfdən isə hakimiyyətin müdafiəçiləri kimi çıxış edirlər. Özlərini müxalifət kimi təqdim edənlərin də yeganə məqsədi Cəmil Həsənlini təhqir etmək, onu hövsələdən çıxarmaq, ictimai rəyi çaşdırmaqdır. Bu cür addımlar diqqətdən qaça bilməz. Ona görə də cəmiyyət tərəfindən sərt qarşılanır. Bu baxımdan Cəmil Həsənliyə yönələn bu çıxışlar əksinə, onun xeyrinə işləyir. Nəticədə Cəmil Həsənlinin nüfuzu daha da artır.
“Seçki saxtakarlığı ciddi fəsadlar yaradacaq”
– Seçki hazırda hakimiyyətin uzun illərdir formalaşdırdığı ənənəvi qaydalar əsasında davam edir. Hakimiyyət yenə öz “təbliğatını” apararaq, növbəti dəfə seçkiləri saxtalaşdırmağa hazırlaşdığını gizlətmir. Amma hazırda hakimiyyətin əsas qorxusu seçki saxtkarlığına getmək yox, sonradan onun bütün dünyada necə tanınacağı ilə bağlıdır. Seçki növbəti dəfə saxtalaşdırılarsa, bu hansı beynəlxalq fəsadlara səbəb ola bilər?
– Birinci əsas məqam səsvermədir. Əminəm ki, seçicilərin böyük əksəriyyəti Cəmil Həsənliyə səs verəcək. Ikinci məqam seçki prosesinin müşahidəçilər tərəfindən tam formada qeydiyyata alınmasıdır. Bax bu istiqamətlərdə ciddi işlər görülməlidir. Düşünürəm ki, bu istiqamətdə gərəkli addımlar atılacaq. Çünki bu işin aparılması üçün çoxlu adam səfərbər olunub. Bu addımlar indiyə qədər atılmayıb. Ona görə seçki mərhələsinin təsdiqi çox vacibdir. Düşünürəm ki, bu istiqamətdə də nailiyyətlər olacaq. Əlbəttə, seçki nəticələrinin əldə olunmasından sonra onların təqdimatı mərhələsi gəlir. Burada da beynəlxalq qurumlar öz sözlərini deyəcək. Əgər seçki saxtakarlıqları ciddi şəkildə qeydə alınaraq beynəlxalq təşkilatlara təqdim olunacaqsa, buna adekvat reaksiya olacaq.
– Bir müddət sonra Azərbaycandakı mandat alveri, “kürü diplomatiyası” və insan haqları pozuntuları ilə bağlı digər məqamlar AŞ PA-da gündəmə gətiriləcək. Bu məqamlar nədən xəbər verir?
– Bu, əslində Azərbaycan hakimiyyətinə növbəti xəbərdarlıqdır. Bu mesajlar hakimiyyəti bir daha seçki saxtakarlığından, vətəndaşlara qarşı zorakılığa yol verməkdən çəkindirməyə hesablanıb. Ona görə yenidən bu cür dinləmələr planlaşdırılıb.
“Hakimiyyətin legitimlik problemi olacaq”
– Avropa Məhkəməsi son parlament seçkiləri ilə bağlı bir neçə iş üzrə də kommunikasiya elan edib. Bu dəfə kommunikasiya elan olunan işlər pozuntu baş verən on dairəni əhatə edir. Bundan əvvəl iyirmi dairə üzrə kommunikasiya elan olunmuşdu. Prezident seçkiləri ərəfəsində belə bir addımın atılması cəmiyyətdəki siyasi aktivliyə necə təsir edəcək?
– Seçkilərdə qələbə qazanan, amma saxtakarlıq nəticəsində mandatdan məhrum olan bir sıra namizədlər var. Baş verən saxtakarlığın yenidən gündəmə gətirilməsi hakimiyyətə bir xəbərdarlıqdır. Bu o deməkdir ki, növbəti seçki saxtakarlığı ilə bağlı atılan addımlar uzun müddət çəkilməyəcək və daha tez reaksiya veriləcək. Amma bu seçkilərdə yüz iyirmi beş nəfər deyil, bir nəfər seçilir. Ona görə də bir nəfər məsələsi hakimiyyət üçün daha problemlidir. Seçkilər qeyri-demokartik keçirilsə və bu öz təsdiqini tapsa, o zaman prezident postunun legitimliyi beynəlxalq aləm tərəfindən ciddi şübhə altına alınacaq. Bu, qaçılmazdır.
– Elmar Məmmədyarov ABŞ-a səfəri zamanı çıxışında Azərbaycanın Amerikanın dəstəyinə önəm verdiyini bəyan etsə də, regiondakı təhlükələrə də toxunub. Hakimiyyət təmsilçisi yenə əvvəlki ritorikaya qayıdaraq Rusiyadan Azərbaycana qarşı olan təhdidlərə eyham vurub. Maraqlıdır ki, Putinin Bakıya son səfərindən sonra unudulan ritorikaya yenidən qayıdılıb. Bunun səbəbi nədir?
– Putinin səfərindən sonra münasibətlərin normallaşmasını elan etməsinə baxmayaraq, Rusiya ilə hakimiyyətin münasibətləri gərgin olaraq qalır. Məndə olan məlumatlara görə, Rusiya ilə münasibətlər yaxşı deyil və hakimiyyət Kremllə bir araya gələ bilməyib. Hakimiyyət Rusiya ilə yenə də problem yaşayır. Digər tərəfdən isə bu bir qədər spekulyativ bəyanatlardır. Hakimiyyət hər dəfə Qərbi Rusiya və Iran faktoru ilə qorxutmaq istəyir. Onlar bəyan edirlər ki, Qərbin regiondakı maraqlarını yalnız onlar qoruyurlar və onlar iqtidardan gedərlərsə, ölkədə vəziyyət qarışa bilər. Elə debatlarda da hər dəfə Milli Şura və onun namizədi gah Rusiyaya, gah Irana bağlanılır. Hakimiyyət bununla Amerikanı qorxutmağa, öz mövqelərini qorumağa çalışır.
“Hakimiyyət danışıqlara hazır olmadığından Melia gəlməyib”
– Novruz Məmmədov və Elmar Məmmədyarov ABŞ-a səfər etsələr də rəsmi mətbuatda iki dövlət rəsmisinin keçirdikləri təmaslarda seçki məsələsini müzakirə etdiyi barədə məlumat verilmir. Halbuki səfərdən əvvəl və sonra səslənən bəyanatlar seçki məsələsinə də toxunulduğunu deməyə əsas verir. Bəzi ekspertlər hesab edir ki, hakimiyyət ABŞ-ın dəstəyini ala bilmədiyindən bu məsələnin üstündən sükutla keçir…
– Bəli, bu səbəb ola bilər. Çünki hakimiyyətin seçki ilə bağlı ABŞ-dan dəstək aldığının əlamətləri görünmür. Hakimiyyət ABŞ-a münasibətdə Rusiya və Iran faktorundan ona görə istifadə edir ki, çünki bu seçkidir. Hakimiyyət ABŞ-ın növbəti seçki saxtakarlığına göz yummasını istəyir.
– Dövlət katibinin müavini Melia Bakıya buraxılmasa da Novruz Məmmədov və Elmar Məmmədyarov ABŞ-a səfərləri zamanı məhz eyni səviyyəli dövlət xadimləri ilə görüşlər keçirdilər. Bu ziddiyyəti necə izah etmək olar?
– Əslində Melianın Bakıya buraxılmadığı ilə bağlı yayılan xəbərlər bir qədər qeyri-müəyyəndir. Mən onun Bakıya buraxılmadığına inanmıram. Bu, texniki bir gediş ola bilər ki, Melia Bakıya gəlməsin. Hələlik rəsmi açıqlama yoxdur. Sadəcə olaraq Azərbaycan tərəfi danışıqlara hazır olmayıb. Azərbaycan rəsmilərinin keçirdiyi görüşlərə gəlincə, onlar bu ranqdan yuxarı məmurlarla görüşə bilməzlər. Bu tipli məmurların statusu ABŞ dövlət katibinin müavini səviyyəsində qəbulu zəruri edir. Daha yüksək səviyyədə danışıqlar üçün müəyyən hazırlıq getməli, Azərbaycan tərəfi müəyyən suallara açıq cavab verməlidir. Azərbaycan hakimiyyəti cavab verməyə hazır deyil. Ona görə bütün danışıqlar dövlət katibinin müavinləri səviyyəsində gedir.
– Belə məlumatlar var ki, ABŞ tərəfindən Azərbaycan qarşısında Putinlə aparılan danışıqlar və Gömrük Ittifaqı ilə bağlı sərgilənən təzyiqlərlə bağlı mövqe sərgilənməsi istənilib?
– Məncə, hazırda Azərbaycandan daha çox Vilnüsdə noyabrda keçiriləcək görüşlə bağlı hesabat tələb olunur. Azərbaycan Avropa Birliyinə inteqrasiya məsələsində mövqe sərgiləməlidir. Şərq tərəfdaşlığı proqramının davamının necə olacağı ilə bağlı Azərbaycandan mövqe bildirməsi tələb olunur. Çünki Azərbaycan keçən sammitdə üzərinə bir sıra öhdəliklər götürüb. Həmin öhdəliklər aktiv üzvlük istiqamətində ciddi addımlar atacağı ilə bağlıdır. Amma hazırda bəllidir ki, Azərbaycan bu öhdəliklərə hazır deyil.
Xəyal