İqtidardaxili qruplaşmaların savaşı ölkə başçısının təşviqatını heçə endirib
İqtidardaxili qruplar arasındakı ziddiyyətlər Ilham Əliyevin seçki kampaniyasına təsirsiz ötüşmür. Hər halda hakim Yeni Azərbaycan Partiyasının (YAP) yerlərdə keçirdiyi görüşləri sönük keçir. Hakim partiya ciddi-cəhdlə görüşlərin gur keçməsinə çalışsa da, bu alınmır. Əlbəttə bu xalqın Ilham Əliyevə etimadının itməsi, hakimiyyətdən narazılığın pik həddə olması ilə izah edilə bilər. Əsaslı arqumentdir.
Amma nəzərə almaq lazımdır ki, hakimiyyətin əlində inzibati resurslar var. Bu resurslar hesabına YAP-ın mitinq-görüşlərinə xeyli adam yığmaq mümkündür. Deməli, səbəb heç də təkcə xalqın hakimiyyətdən narazı olmasında deyil.
Oxucuların yadına salaq ki, hələ seçki kampaniyasına start verilməsindən əvvəl “Azadlıq” qarşıdan gələn prezident seçkisinin keçirilməsinə nəzarət uğrunda hakimiyyət daxili qruplar arasında mübarizə getdiyi barədə məlumat vermişdi. Paşayevlər qruplaşmasının indiyə qədər bu işi aparan Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevi oyundan kənar vəziyyətdə saxlamağa çalışırdılar. Son anda istəklərinə çatdılar. Ramiz Mehdiyev seçki prosesində həlledici fiqur olmaq şansını itirdi. Bu mühüm siyasi hadisə prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədova və fövqəladə hallar naziri Kəmaləddin Heydərova tapşırıldı.
Yəni, seçkinin keçirilməsində əsas rol bu iki şəxsə verildi.
Lakin elə ilk debatda uğursuzluğa düçar oldular. Bəlli oldu ki, adıçəkilən şəxslər bu məsuliyyətli işin öhdəsindən gəlmək iqtidarında deyillər. Bu isə əks qruplaşmanın əlinə fürsət verdi.
Indi Ramiz Mehdiyev və komandası prosesə dəstək versə də, rəqib qruplaşmanın divident götürə bilməməsini də nəzərə alır. Yəni, PA rəhbərinin məqsədi rəqib qruplaşmanın prosesdən sonra hakimiyyətdə söz sahibinə çevrilməməsidir. Axı iqtidarın qaydalarına görə seçkini uğurla keçirən qruplaşma növbəti mərhələdə aparıcı qüvvə hesab olunur.
Istənilən halda seçkidə saxtakarlıq baş verəcək. Lakin bu saxtakarlığın gözgörəsi və biabırçı şəkildə baş verməsi seçkiyə məsul olan qruplaşmaya divident gətirməyəcək. Əksinə, bu həmin qruplaşmanın növbəti mərhələdə “vurulması” ilə nəticələnə bilər.
Azad