Prezidentliyə adayların ITVdəki debatları getdikcə daha qızğın, daha kəskin, daha gərgin xarakter alır. Bu, doğal bir sürəcdir: seçkiyə yaxınlaşdıqca belə olmalı, adaylar daha çox səs uğrunda, daha qızğın, daha kəskin, daha gərgin debat sərgiləməlidirlər. Burada doğal olmayan nədir? Adayların böyük çoxluğunun yalançı-qondarma adaylığı, hakimiyətin klon-klounları olaraq ortaya çıxarılmaları. Onların kukla olduqları, əliyevçi rejimi qoruyub saxlamaq nədənilə, seçkiyə demokratik don geydirməkdən yana adaylandırılmaları getdikcə daha artıq görünməkdə, açılıb ağarmaqdadır.
Xalqa yağı Heydər Əliyev dövlətçiliyinin çoxillik, yorulmaz yükdaşıyanlarından olan “bitərəf” Zahid Oruc birinci debatdanca “bitərəflik” maskasını özü öz əlilə yırtmış, əliyevçi “bitərf” desant olaraq özünü-üzünü göstərmişdi. Özünü illərlə Heydər Əliyev dövlətçiliyinin fanatiklərindən biri olaraq göstərən bu adama çox sevdiyi dövlətçiliyin birdən-birə niyə “bitərəf” donu geyindirdiyi elə bil onun çoxillik maskasını yırtmaq üçündür. Cəmil Həsənlinin üzərinə mini tank kimi yürüyən, ondan dönə-dönə “sən dünənmi səmimiydin, bu günmü?” deyə soran Z.Orucdan sormaq gərəkir: sən əliyevçi kimi səmimisən, yoxsa “bitərəf” kimi? “Bitərəf” əliyevçi, əliyevçi “bitərəf” ola bilməz, belədirsə, onda sən nəsən?!
Bəlkə də, sonadək debatlara I.Əliyevin dublyoru olaraq yalnız Əli Əhmədov çıxarılacaqdı, ancaq onun şefinə qazandırdığı tərsinə reytinq tezliklə personal dəyişiklik gərəyi yaratdı. Dublyor-personajların dəyişkən dəyişikliyi də əliyevçi “sabitlik hakimiyətinə” gərəkən effekti qazandırmadı. Hakimiyətin 20 illik korrupsiya-soyğunçuluq kursundakı dəyişməzlik indiki dublyor-personaj dəyişkənliyini stimullaşdırır, bu dəyişkənliyə istər-istəməz dəyişməz xarakter verir. 20 illik korrupsioner-kriminal hakimiyət dublyorların, eləcə də əlaltı adayların debat uğursuzluğunu necə stimullaşdırırsa, Cəmil Həsənlinin uğrunu da eləcə stimullaşdırır.
Bir neçə söz Ədalət partiyası ilə bağlı. Ədalət partiyasının hansı ƏDALƏTIN yanında olduğu əzilən xalqa deyil, əzən hakimiyətə arxa durmağından, əzilən xalqın deyil, əzən hakimiyətin yanında olmağından görünməkdədir. Ölkə yaşılına – gəncliyə qara günlər yaşadan, ölkə dininə – islama türmə yolunu göstərən bir hakimiyətə yaşılların da, islamçıların da yanaşması bu sayaq ƏDALƏTlidirsə, onda ƏDALƏT nə deməkdir? Ədalət ərəb sözüdür, anlam-semantika baxımından davranışlarında, baxış-yanaşmalarında əxlaq, hüquq normalarına uyğunluq, doğru-düzgünlük sərgiləmə deməkdir. Elə bu baxımdan Ədalət partiyasının debatdakı dəyişkən personajları bu ölkədə insan hüquqlarını tapdaq eləyən, doğru-düzgünlüyün kökünü qazıyan hakimiyəti qınağa tutmaq yerinə, müxalifəti qınaq obyektinə çevirir. Acınacaqlı görsənişdir…
Milli dövlətçilik partiyası. Antimilli hakimiyətin özünün yaratdığı, başında bir çox baxımlardan rejimə bağlı adamın oturduğu bu partiyanın da, onun başında duran adamın da maskası gec-tez yırtılmalı idi, yırtıldı. Ola bilsin, Fərəc “milli dövlətçilik” ritorikası arxasında sonadək gerçək üzünü gizlətməyə çalışacaqdı. Ola bilsin, ancaq… Cəmil Həsənlinin gözlənilməz uğurları, çoxsaylı qondarma aday-opponentlərinə üstün gəlmək bacarığı hakimiyəti gerçəkdən-gerçəyə çətin duruma saldı. Çox da gözləmədiyi çətinliklə üzləşən hakimiyət daha bir aday-desantına – Fərəc Quliyevə – çoxdan daldalandığı səngərdən çıxıb Hafiz Hacıyev, Araz Əlizadə öncüllüyündəki “müxalifətçi” desantlara qatılmaq buyruğu verdi.
Bugünlər gözümüzün qabağında baş verənlər, ayrıca olaraq hər debat, Heydər Əliyev dövlətçiliyinin bir sərgiləməsidir. Burada dövlətçilik də, demokratiya da heydərizm rejissurasına bağlı parlaq tragikomediya görsənişləridir…