“Müxalifətə qarşı təqiblər səmərəsizdir və qeyri-sabit vəziyyətin güclənməsinə şərait yaradır”
Robert Bradtke: “Azərbaycan hakimiyyəti vətəndaşların yerdəyişmə azadlığı haqqında ATƏT-in əsas müddəalarından birini kobud şəkildə pozur”
ABŞ-ın yüksək vəzifəli diplomatları bir sıra ATƏT ölkələrində, o cümlədən Azərbaycanda vətəndaş cəmiyyəti fəallarının, jurnalistlərin və siyasi xadimlərin susdurulması ilə bağlı narahatlıqlarını bildiriblər.
“Bu tendensiya güclənib”, deyə ABŞ-ın ATƏT-dəki missiyasının rəhbəri Robert Bradtke Turan-ın müxbiri ilə söhbətində bildirib.
Ötən həftə Varşavada keçirilən xüsusi iclasın yekunlarını şərh edərkən Bradtke qeyd edib ki, Azərbaycanda ictimai və siyasi fəallar artmaqda olan təzyiqlər, o cümlədən açıq-aşkar təqibə məruz qalır, QHT-lərin fəaliyyəti qanunvericiliklə məhdudlaşdırılır və hətta Azad Fikir ictimai universiteti bağlanıb.
“Hökumət məmurları həmişə milli təhlükəsizliyə istinadla vətəndaş fəallarının susdurulmasına bəraət qazandırmağa çalışır, amma bu, ATƏT-in təhlükəsizlik anlayışlarına ziddir. Bu təqiblər tamamilə səmərəsizdir və uzaq gələcəkdə qeyri-sabit vəziyyətin güclənməsinə şərait yaradır”, deyə o qeyd edib.
Daha sonra Bradtke AXCP lideri Əli Kərimlinin işi üzərində xüsusi dayanıb. “Azərbaycan hakimiyyəti vətəndaşların yerdəyişmə azadlığı haqqında ATƏT-in əsas müddəalarından birini kobud şəkildə pozur. Bunun ən parlaq nümunəsi pasportdan məhrum edilmiş və xaricə gedə bilməyən AXCP lideri Əli Kərimlinin bu hüquqdan məhrum edilməsidir. 2006-cı ildən etibarən hakimiyyət ona qarşı 1994-cü ildən mövcud olan cinayət işinə istinad edərək, öz hərəkətlərinə bəraət qazandırmağa çalışır. Eyni zamanda, 1994-cü ildən sonrakı müddət ərzində Kərimli artıq pasportlarını dəyişib, amma həmin vaxt hakimiyyət bu cinayət işini xatırlamırdı”, – deyə o bildirib.