“Azerbaycan saatı” yenə vuruldu

Diktatorlara fərqli münasibət hər kəsi heyrətləndirməkdədir

 Azərbaycan müxalifətinin səsini Azərbaycan xalqına duyurmaq üçün Türkiyədən yayıma davam edən, Türksat Qərb paketində peyk vasitəsilə yayında olan “Azərbaycan Saatı” proqramı növbəti dəfə Azərbaycanın diktator hakimiyyəti tərəfindən vuruldu. Bu paketdə Azərbaycan Saatının yayımlandığı Qudüs TV də daxil olmaqla 18 Türk telekanalı yayılır. Bundan daha əvvəlki dəfə, may ayında Doğan qrupunun  CNNTürkün də içində yer aldığı Qərb tezlikləri vurulmuşdu. 

Maraqlıdır ki, Türkiyə dövlətinin rəsmi qurumları Azərbaycan hakimiyyətinin bu kosmik xuliqanlığına qarşı bu zamana qədər heş bir reaksiya verməmişdir. Sadəcə nəzərə almaq lazımdır ki, TürkSat Türkiyə dövlətinin informasiya və milli təhlükəsizlik sisteminə daxil olan mühüm və strateji elementdir. 

Bu, Azərbaycan Saatı televiziya proqramının yayıldığı 6-cı televiziya kanalıdır. Kudüs TV də yayımda olan, Bakı vaxtı ilə saat 21.00-da yayıma başlayan proqram 21.25-də vurulmuş, telekanalın yayımı əngəllənmişdir. Əngəlləmə Azərbaycanın daxilindən jammer tipli bir cihazla yapılmaqdadır. 

Türkiyədə belə hesab edirlər ki, əgər belə bir əngəllənmə Suriya və Yunanıstan tərəfdən olsaydı, Türkiyədə yer-yerindən oynardı. Amma qardaş  Azərbaycan xalqını diktatura rejimi altinda tutan diktator İlham Əliyevə qarşı səssizlik təkcə Azərbaycanda deyil, Türkəyə ictimaiyyətində də heyrətlə qarşılanır. 

Aydın Taş

Azadlıq qəzetinin Türkiyə təmsilçisi