Elxan Şahinoğlu: «Həsən Ruhaninin son açıqlamaları və addımları ilə sanki Qərbin, Amerikanın simpatiyasını qazanmağa çalışır»
ABŞ dövlət katibi Con Kerri Irana qarşı sanksiyaların götürülməsi barədə qərarın bir neçə ay ərzində qəbul oluna biləcəyini deyib. Bunun üçün Tehran əməkdaşlığa getməli və təftiş üçün öz nüvə proqramının obyektlərini açmalıdır. Dövlət katibi bildirib ki, Tehranın sülh proqramı üçün lazım olan səviyyədən artıq uranı zənginləşdirməkdən könüllü surətdə imtina etməsi, bütün obyektlərə çıxışının açılması, o cümlədən yeraltı və Fordo da yerləşən hərbi kompleksin, inspeksiyadan keçirilməsi haqqında əlavə protokolun imzalanması münasibətlər üçün əsas olacaq.
Xatırladaq ki, bir neçə gün əvvəl son 34 ildə ilk dəfə olaraq ABŞ və Iran prezidentlərinin telefon danışığı olub. Bu da iki ölkə arasında gərginliyin yumşala biləcəyinə işarədir.
Yaxın gələcəkdə Iran-ABŞ münasibətləri nə vəd edir?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Həsən Ruhaninin son açıqlamaları və addımları ilə sanki Qərbin, Amerikanın simpatiyasını qazanmağa çalışdığını deyir. Iran prezidenti buna müəyyən qədər də nail olub. Ancaq bu o demək deyil ki, Ruhani heç bir addım atmasa, ona olan simpatiya yerində qalacaq, yaxud artacaq. ABŞ-ın, Qərb dünyasının inamını qazanmağın şərtləri var. Bütün nüvə mərkəzləri beynəlxalq ekspertlər üçün açılmalı, nüvə silahı yaratmayacağına dair təminatlar verməlidir. Məhz bundan sonra sanksiyaların götürülməsi istiqamətində müəyyən addımlar atıla bilər. Ancaq Ruhani oyun oynamağa, vaxt udmağa çalışacsa, onda yenə də Irana inam olmayacaq və Ruhaniyə indiki müsbət yanaşma dəyişəcək.
Ekspertin sözlərinə görə, ABŞ-Iran münasibətlərinin dəyişməsində Israil amili də vacib rol oynayır. Çünki ABŞ-ın əsas məqsədi bölgədə Israili qorumaq, onun təhlükəsizliyinin təminatını gücləndirməkdir. Israilin təhlükəsizliyinə ziyan vuracaq bir nömrəli ölkə isə Irandır. Israil Amerikanın Iranla yaxınlaşmasından çox narahatdır. Bu baxımdan Obamanın manevr imkanları geniş deyil. Çünki Ağ ev Israilin də maraqlarını hər zaman diqqətdə saxlamalıdır. Israilin Irandan ehtiyat etməsi səbəbsiz deyil. Iran konstitusiyasında Israilin dövlət olaraq yoxluğu vurğulanır. Iran bölgədəki silahlı qruplaşmalara dəstək verir. Ona görə Amerika-Iran yaxınlaşması baş tutsa, Israil ABŞ-dan tələb edəcək ki, o, Irandan real addımların atılmasını istəsin. Ruhani bu addımları atmasa, ona olan indiki baxışlar qısa müddətdə dəyişə bilər.
Fizzə