Ziyalıları ittiham etməkdənsə…

YAP-ın nümayəndələri, hakimiyyətə yaxın partiyalar dəridən-qabıqdan çıxırlar ki, Milli Şuranın namizədi Cəmil Həsənlini ardıcıl olmamaqda ittiham etsinlər. Ona görə də onun müxtəlif dövrlərdəki çıxışlarından guya ki, “sitat”lar gətirirlər. Nə demək olar?

Yaxşı olardı ki, I.Əliyevin səlahiyyətli nümayəndələri öz liderlərinin, öz partiyalarını yaradanların, öz komandalarının üzvlərinin 30-40 il bundan əvvəl, xüsusən də sovet dövründə dediklərindən və etdiklərindən də sitatlar gətirəydilər! Inandırım sizi, bu, çox, olduqca maraqlı olardı! Onda bilinərdi ki, siyasi ardıcıllıq necə olur?!

Ümumiyyətlə, debatlara baxanda qəribə mənzərə ilə rastlaşırsan. Başa düşmək olmur ki, hakimiyyətdə I.Əliyevdir, yoxsa C.Həsənli? 

Namizədlərin demək olar ki, əksəriyyəti I.Əliyevi özünə hədəf seçməkdənsə C.Həsənliyə qarşı birləşiblər, hamısı onu da ittiham edir, onu gözdən salmağa çalışır. 

Bunun özü I.Əliyevin yaratdığı növbəti seçki maskaradına bir aydınlıq gətirir. O ki qaldı o namizdlərə, onların adı namizəddir, bu adamlar ona görə qeydiyyatdan keçirilib ki, Milli Şuraya qarşı qara təbliğatla məşğul olsunlar. Onlar da bunu edirlər. 

Hərdən elektorata, xüsusən də narazı elektorata müraciət edirlər ki, bəs mənə səs verin. O adamların halına bir neçə gündən, seçkidən sonra baxacağıq, eləsi olacaq ki, adına heç sıfır bal da yazılmayacaq. 

O ki qaldı ardıcıllığa, sizə M.Qandinin bir fikrini xatırlatmaq istəyirəm. O deyirdi ki, məni ardıcıllıq maraqlandırmır, çünki mən həqiqəti axtarıram. 

Həqiqət axtarışı həmişə belə olur. Insan əsl həqiqəti bilmək və onu dilə gətirmək üçün bu vaxta qədər dediklərinin hamısının üstündən xətt çəkməyə, həqiqəti və yalnız onu dilə gətirməyə hazır olmalıdır. 

Təbii, demirəm ki, biz bütün həyatımız boyu öz fantaziyalarımıza gen-bol meydan verməliyik. Amma hətta B.Rassel deyirdi ki, mən heç vaxt bir mövqedə tam, axıra qədər israr edə bilmərəm, çünki yanıla bilərəm. 

Bu mənada bizi Milli Şuranın namizədinin bir neçə il bundan əvvəl hansısa bir məclisdə təsadüfən dediyi sözlər maraqlandırmır, bizim üçün bu gün əsas və maraqlı olan onun indi dedikləridir.

Üstəlik, biz C.Həsənlini son bir neçə gündə tanımamışıq. Bu adam ömrünün böyük hissəsini müxalifətlə birgə, onun sırlarında keçirib. Ona görə də keçmiş sarıdan da narahatlığımız yoxdur. 

Hiss olunur ki, YAP-ın nümayəndələri, hakimiyyətə yaxın partiyaların təmsilçiləri C.Həsənliyə qarşı başqa kompromat tapa bilmirlər, ona görə də yapışıblar kitablardan. 

Amma onlar bilməlidir ki, həmin kitablardan bu gün onların gətirdiyi “sitat”lar da YAP-ın yaratdığı mühitin nəticəsidir – bəli, bu ölkədə kitab nəşr etmək bir ziyalının imkanları xaricindədir. Ona görə də bir çox ziyalılar məcbur olurlar ki, öz kitablarında hakimiyyət, onun keçmiş və indiki liderləri haqqında bəzi fikirlər yazsınlar ki, həmin kitablar işıq üzü görsün. 

Onsuz da oxucu bu kitabları oxuyarkən həmin fikir və ithafların üzərindən ötüb keçir, onların hansı zərurətdən edildiyini başa düşür. 

Burada sovet dövründən bir sitat gətirəcəm. V.Leninin bir fikri vardı. O nə vaxtsa yazmışdı ki, elektron da atom kimi tükənməzdir. Müasir elmin bu fikri təkzib etməsinə baxmayaraq o vaxt atom, nüvə fizikası və kvant mexanikası kimi dərsliklərin girişinə bu fikri salırdılar. 

O vaxt tələbələr nə etməli idi? Onlar bu sitata gərə həmin dərslikləri oxumamalı idilərmi? Yox, oxuyurdular və başa düşürdülər ki, bu, kitabın müəlliflərinin günahından çox, zamanın və siyasi quruluşun nöqsanı idi. O dərsliklərin bir hissəsi çox gözəl dərsliklər idi, baxmayaraq onların girişində V.Lenindən sitat vardı.

Bu gün Azərbaycanda da belə vəziyyət hökm sürür, çünki V.Leninin təbirincə desək, üstqurum çox az dəyişib. Ona görə də C.Həsənlini və başqa ziyalıları öz kitablarına hakimiyyət haqqında bir-iki xoş fikir saldıqlarına görə qınamaq lazım deyil, buna görə hakimiyyətin özünü qınamaq lazımdır. 

Alim uzun müddət axtarışlar aparır, arxivdə çalışır və öz əməyinin işıq üzü görməsi üçün kiçik kompromisə gedir. Buna görə onları qınmağa dəyərmi? 

Son nəticədə bizim üçün əsas nədir? Hansısa sanballı tədqiqat, yoxsa siyasi hakimiyyət haqqında mücburiyyətdən yazılmış bir-iki xoş cümlə?