Hakim partiya yerlərdə görüş keçirə bilmir
Hakimiyyət nə qədər Milli Şuranın mitinqlərini, Cəmil Həsənlinin seçicilərlə görüşlərini cəmiyyətə əks istiqamətdə təqdim etməyə çalışsa da, bu görüşlərdən çəkilmiş fotolar, video görüntülər hakimiyyətin yalanını ifşa edir. Əslində insanların etimad göstərmədiyi, məcburən iştirak etdiyi tədbirlər YAP-ın tədbirləridi.
Heç kimə sirr deyil ki, hakim partiya bütün şəhər və rayon tədbirlərini inzibati resurslar hesabına həyata keçirir və büdcə təşkilatlarında çalışan insanları mitinqlərə şantaj edərək aparırlar.
Ötən gün redaksiyamıza daxil olan məlumatda bildirilir ki, Ilham Əliyevin təşviqat kampaniyası çərçivəsində Ucarda keçirilən görüşə rayonda fəliyyət göstərən bütün müəllimlərin gəlməsi tələb olunub və bu görüşdə iştirak etməyən müəllimlərin məktəbdən qovulacağı bildirilib. Bu kimi faktlar yüzlərlədir və hakimiyyətin cəmiyyətdəki nüfuzunun hansı səviyyədə olmasını müəyyən edir.
Faciə ondadır ki, hətta məcburiyyət qarşısında meydanlara toplaşan insanların sayı 30-u keçmir.
Məsələn, Şəmkir rayonunda Ilham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüş keçirilib. Verilən məlumata görə, rayonun icra hakimiyyəti bu görüşün izdihamlı keçməsi üçün bütün imkanlarını səfərbər edib. Ancaq görüşdən çəkilən şəkillər onu göstərir ki, insanlar YAP-a və onun namizədinə etimad göstərmir.
Göygölün Çaykənd və Toğana kəndlərində seçicilərlə görüşə də rayon rəhbərliyi xüsusi səy göstərib. Ancaq nəticə yenə də 600 minlik partiyanın potensialına adekvat deyil. Fotolardan görünür ki, 30-40 nəfər işinin xatirinə tədbirə qatılıb.
Tovuz, Qazax, Ağstafa rayonlarında da YAP-ın namizədinə insanların etimad göstərmədiyi, hakim partiyanın çətinliklə üzləşdiyi aşkar görünür.
Goranboyun Qazanbulaq, Goranlı, Qazançı, Qırıxlı kəndlərində də Ilham Əliyevin seçiciləri barmaqla sayılır. Bu görüşdə iştirak edən rayon sakini bildirir ki, görüşə gətirilmiş insanların simasından əsəbilik hiss olunur və adamlar 5-3 dəqiqədən sonra həmin yeri tərk edirlər.
Məcburi köçkün rayonlarından Laçın və Ağdamda keçiriliən görüşlər də istənilən nəticəni verməyib. YAP hakimiyyəti elə düşünür ki, qaçqınlara ev tikmək, çörək puluna 1 manat 65 qəpik artım etmək xalqın sevgisini qazanmaq üçün kifayətdir. Bu hakimiyyət insanları ya satın alır, ya da qorxudaraq istədiyinə nail olur.
Onu da qeyd edək ki, Bakı şəhərində prezidentliyə namizədlərin keçirdiyi mitinqlərə də hakimiyyət zorla insan yığır. Belə ki, Qüdrət həsənquliyevin və Hafiz Hacıyevin Yasamal rayonu ərazisində keçirilən görüşlərinə yaxınlıqdakı ali məktəblərin tələbə və müəllim heyəti səfərbər olunub, mitinqdə iştirak etməyənlərin isə cəzalanacağı bildirilib.
Bir sözlə, hakimiyyətin güvəndiyi, ümid etdiyi qüvvə Azərbaycan xalqı yox, əlində olan inzibati resurslardı.
Ilham Hüseyn