Türkel Kərimlinin işi Avropa Məhkəməsinə gedir

Bakı Apelyasiya Məhkəməsi gənclərin həbsi haqda qərarı qüvvədə saxladı

Fəxrəddin Mehdiyev: «Bu işin Avropa Məhkəməsi müstəvisinə çıxarılması Azərbaycanın məhkəmə sistemi üçün «üz qarası» olacaq»

AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli, eləcə də  dostları Ülvi Nuriyev və Coşqun Salahovun həbsilə bağlı Avropa Insan Hüquqları Məhkəməsinə şikayət hazırlanır. Bu barədə “Azadlıq”a gənclərin hüquqlarını müdafiə edən vəkil Fəxrəddin Mehdiyev məlumat verib.
Vəkil bildirib ki, bu cür inzibati xətalarla bağlı işlər üzrə Avropa Məhkəməsinə müraciət etmək üçün apelyasiya məhkəməsi ölkədaxili hüquqi müdafiə vasitələrindən istifadə baxımından son instansiya sayılır. Türkel Kərimli, Ülvi Nuriyev və Coşqun Salahovun barəsində isə dünən Bakı Apelyasiya Məhkəməsi qərar verib. Gözlənildiyi kimi, Nəsimi Rayon Məhkəməsinin gənclərin barəsində çıxardığı qərar qüvvədə saxlanılıb.
Apelyasiya Məhkəməsində Türkel Kərimlinin işinə Həsən Əhmədov, Ülvi Quliyevin işinə Vaqif Mursaqulov, Coşqun Salahovun işinə isə Əflatun Qasımovun sədrliyilə baxılıb. Gənclərin vəkili Fəxrəddin Mehdiyev guya, plakatların cırıldığı iddia olunan ərazidəki təhlükəsizlik kameralarının yaddaşındakı görüntülərin məhkəməyə təqdim olunaraq araşdırılması haqda vəsatət qaldırıb. Vəkil bildirib ki, video-görüntülər araşdırılsa, Türkel, Coşqun və Ülvinin nə plakat cırdıqları, nə də polisə müqavimət göstərdikləri sübut olunacaq. Vəkilin sözlərinə görə, ümumiyyətlə, belə bir hadisə baş verməyib. Sadəcə, hüquq-mühafizə orqanları olmayan olayı uyduraraq, gəncləri həbs ediblər.
Yeri gəlmişkən, Fəxrəddin Mehdiyev Nəsimi Rayon Məhkəməsində də belə bir vəsatət qaldırmışdı. Lakin məhkəmə vəsatəti təmin etməmişdi. Bu instansiyada da qərar eyni oldu – məhkəmə həqiqətin üzə çıxmasında maraqlı olmadığından vəsatət təmin edilmədi.
Vəkil onu da qeyd edib ki, gənclər hansısa əməli – inzibati xətanı törətməkdə günahlandırılırsa, bu ittiham sübut olunmalı, əsaslandırılmalıdır. Amma ortada heç bir əsaslandırma yoxdur.
Fəxrəddin Mehdiyev gənclər həbs olunarkən onlara qarşı yol verilmiş prosedur pozuntularını da məhkəmənin diqqətinə çatdıraraq, onlara hüquqi qiymət verilməsini istəyib. Vəkil bildirib ki, gənclər saxlanılarkən onların yaxınlarına təxminən bir sutka heç bir məlumat verilməyib; onların üçü də ac-susuz, bütün gecəni əməliyyatçının otağında saxlanılıb; bu iş üzrə birinci instansiya məhkəməsində proses qapalı keçirilib və s.
Vəkil həmçinin heç bir günahı olmayan gənclərin həbsində iştirakı olan şəxslərin müəyyənləşdirilərək cəzalandırılması, eyni zamanda, Türkel Kərimli, Coşqun Salahov və Ülvi Quliyevin həbsdə saxlanıldıqları müddətdə keçirdikləri sarsıntılara, fiziki sağlamlıqlarına vurulmuş ziyana görə gənclərə kompensasiya ödənilməsi haqda qərar çıxarılmasını istəyib.
Gənclər özləri də məhkəmədəki çıxışlarında iş materiallarında yazılanların tamamilə uydurma olduğunu bildiriblər. Deyiblər ki, onlar nə plakat cırıblar, nə də polisə müqavimət göstəriblər. Türkel Kərimli bildirib ki, onları cırdıqları iddia olunan plakatlar yapışdırılmış lövhəni keçib gedəndən bir xeyli sonra saxlayıblar. Saxlanılarkən onları polis bölməsinə dəvət ediblər. Gənclər səbəbini soruşsalar da, polis əməkdaşları deməyiblər. Onlar müqavimət göstərmədən maşına əyləşərək, bölməyə gəliblər.
Türkel Kərimli vurğulayıb ki, onların həbsi birmənalı şəkildə özbaşınalığın nəticəsidir.
Bütün bunlara baxmayaraq, məhkəmə gənclərin apelyasiya şikayətini təmin etməyib və Nəsimi Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Vəkil deyir ki, Avropa Məhkəməsinə göndəriləcək ərizə ilə bağlı artıq hazırlıqlar başlanıb: “Bu işin Avropa Məhkəməsi müstəvisinə çıxarılması Azərbaycanın məhkəmə sistemi üçün ”üz qarası” olacaq. Gənclərin günahsız olduğu bu qədər açıq şəkildə ortada olduğu halda, onları həbslə cəzalandırmaq, belə aşkar prosedur pozuntulara hüquqi qiymət verməmək sadəcə, biabırçılıqdır. Avropa Məhkəməsinin hakimləri də bu biabırçılığın şahidi olacaqlar”.

Aytən Məmmədova