Ramil Usubovun hədəsinə Milli Şuradan cavab

Nurəddin Məmmədli: «Nazirin bu mövqeyi Azərbaycanda demokratiyanın olmamasının birbaşa göstəricisidir»

Arif Hacılı: «Ramil Usubovun açıqlaması bütövlükdə demokratiya anlayışlarına uyğun deyil»

 Milli Şuranın keçirdiyi aksiyalara cəmiyyətdə yaranan maraq hakimiyyət dairələrində narahatçılığı bir qədər də artırıb. Rəsmilərin bu aksiyalarla bağlı açıqlamaları da məhz bundan xəbər verir. Daxili işlər naziri Ramil Usubov dövlət televiziyasına verdiyi açıqlamada seçkiqabağı aksiyaların sabitliyin pozulmasına yönəldiyini iddia edib. Nazirin sözlərinə görə, Milli Şuranın üzvləri və onu dəstəkləyən insanlar düşünür ki, seçkiöncəsi mərhələ nümayişlərlə, mitinqlərlə müşayiət olunsa, bu, daha demokratikdir, seçki ab-havasına daha uyğundur. Lakin bu, Azərbaycanın daxilində sabitliyi pozmağa olan cəhdlərdir. 

Daxili işlər nazirinin bu “məntiqli” açıqlamasına müxalifətdən də cavab gəlib.

AXCP sədrinin müavini Nurəddin Məmmədli Ramil Usubovun axtardığı və qurduğu sabitliyi feodalizm zeyniyətindən irəli gələn qəbiristanlıq sabitliyi adlandırdı. Çünki demokratik cəmiyyətlərdə hər bir vətəndaşın etiraz etmək haqqı var. Hakimiyyətin təkmilləşməsi, cəmiyyətin daha yaxşı inkişafı, insanların haqqının təmin edilməsi baxımından kütləvi aksiyalar, etirazlar, hətta mətbuat orqanında yazılmış bir cümlə istiqamətləndirici faktor kimi nəzərdə tutulur: “Nyu-Yorkda BMT-nin mənzil-qərargahı qarşısında bir qadın boynundan bir şuar asaraq 25-30 metr məsafəni sağa-sola gedirdi. 17 kamera onu çəkirdi. Dünyanın ən aparıcı telekampaniyalarının nümayəndələri həmin qadının etiraz etməsinin səbəbi ilə maraqlanırdı. Özü də etirazda nə qədər adamın iştirak etməsi demokratik cəmiyyətlərdə ikinci dərəcəli faktor kimi nəzərə alınır”.

N.Məmmədlinin sözlərinə görə, cəmiyyətdə etiraz varsa, hakimiyyət onu nəzərə almalı, etirazın səbəbləri araşdırılmalıdır və mütləq müvafiq tədbirlər görülməlidir. Azərbaycanda isə iqtidar orta əsr sabitliyi yaratmaq istəyir. Yəni hər şey bir nəfərdən asılı olsun, onun maraqlarına tabe olsun. Ölkəni quldurluq qaydaları ilə idarə etsinlər və heç kim də buna etiraz etməsin. Bu isə yolverilməzdir. Daxili işlər nazirinin bu cür mövqeyi də Azərbaycanda demokratiyanın olmamasının birbaşa göstəricisidir.

Müsavat Partiyası Icra Aparatanın rəhbəri Arif Hacılı Ramil Usubovun açıqlamasının bütövlükdə demokratiya anlayışlarına uyğun olmadığını qeyd etdi: “Mitinqlərin qadağan olunduğu ölkələr Çin, Türkmənistan, Şimali Koreyadır. Onlar demokratik ölkələrdirmi? Yaxud mitinqlərin keçirildiyi Avropa ölkələri, ABŞ demokratik deyilmi? Bu iki suala cavab verilsə, Ramil Usubovun açıqlamasının bütövlükdə demokratiya anlayışlarına uyğun olmadığını təsdiq etmək mümkündür”.

A.Hacılının sözlərinə görə, plüralist, açıq cəmiyyətin mövcudluğu, ifadə və ərbəst toplaşmaq azadlığı cəmiyyətin demokratikliyini göstərən əsas amillərdir. Yalnız belə cəmiyətlərdə azad və ədalətli seçkilərin keçirilməsi mümkündür. Dünyada hətta minimum demokratik şərait olan elə bir ölkə yoxdur ki, seçki kampaniyası dövründə davamlı kütləvi aksiyalar keçirilməsin.     

Fizzə