Əmək qabiliyyətini itirmiş hakim komanda

Cəmil Həsənliyə qarşı irəli sürülən iddialar iqtidarın öz əleyhinə işləyir

Hakimiyyət Demokratik Qüvvələrin Milli Şurasının vahid namizədi Cəmil Həsənlini nüfuzdan salmaq üçün onunla bağlı yalnız bir “kompromat” tapıb: “Saxta pensiya”. Hər debatda hakimiyyət nümayəndələri bu məsələni qabardır. Və saxtakarlıqdan danışanda özlərinin pis vəziyyətə düşəcəyinin fərqinə varmırlar. Axı Cəmil Həsənliyə arayışı bu hakimiyyətin məbədgaha çevirdiyi Zərifə Əliyeva adına Oftomologiya Institutu verib.

Saxtkarlıq edilibsə, deməli, bunun məsuliyyəti adıçəkilən institutun üzərinə düşür. Cəmil Həsənli də debatların birində həmin institutun verdiyi arayışı YAP-ın icra katibi Əli Əhmədova təqdim edib. Bununla belə iqtidar nümayəndələri bu məsələni gündəmdə saxlayır. Ciddi-cəhdlə çalışırlar ki, Cəmil Həsənlini cəmiyyətə saxtakar kimi, ən yaxşı halda isə əmək qabiliyyətini itirmiş şəxs kimi təqdim etsinlər.

Saxtkarlıqla bağlı məsələyə toxunduq. Əmək qabiliyyətinin itirilməsinə gəlincə, burada da faktlar hakimiyyətin əleyhinədir. Əvvəla Cəmil Həsənlinin belə bir problemi yoxdur. Ikincisi, hakimiyyətin özündə bununla bağlı nümunələr var. Məsələn, ölkənin ikinci şəxsi, baş nazir Artur Rəsizadə. Onun 80 yaşı var. Hələ bir neçə il əvvəl məlumat yayılmışdı ki, o, autizm (özünə qapanma) xəstəliyindən əziyyət çəkir. Tutaq ki, bu məlumatın heç bir əsası yoxdur. Amma axı 2003-cü ildə Ilham Əliyev baş nazir təyin ediləndə, Artur Rəsizadə tutduğu postdan istefa verməsini səhhətilə əlaqələndirib. Onun bəyanatı hər kəsin yadındadır. Bəs sonradan onu yenidən baş nazir təyin ediləndə niyə hakimiyyətin nümayəndələrinin yadına dövlətin necə idarə ediləcəyi düşmədi?

Başqa bir nümunə: Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev. Onun 75 yaşı var. Səhhətində ciddi problem olduğu barədə mətbuat dəfələrlə yazıb. Bu yaxınlarda Almaniyaya müailicəyə getdiyi barədə xəbərlər yayılmışdı.

Yaxud, Bakı meri Hacıbala Abutalıbov. Onun xəstəliyi ilə bağlı hətta xarici mətbuatda sənədli-sübutlu materiallar yayımlanıb. Amma hakimiyyət Bakı boyda iri şəhərin idarə edilməsini bu adama tapşırıb.

Nəhayət, mərhum Heydər Əliyev Azərbaycanda ikici dəfə hakimiyyətə gəlməmişdən qabaq infarkt keçirib. Bunu onun oğlu Ilham Əliyev də atası ilə bağlı xatirələrində vurğulayıb. Hakimiyyətə gəldikdən sonra dəfələrlə səhhətilə əlaqədar uzun müddətli müalicəyə gedib. 1999-cu ilin yanvarı, 2000-ci ilin sentyabrı, 2002-ci ilin əvvələrində və nəhayət, 2003-cü ilin aprelində baş verənlər hər kəsin yadındadır. Siyahını uzatmaq da olardı, lakin ehtiyac yoxdur. Zənnimizcə, hər şey aydındır.

Azad