Cəmil Həsənlinin Mingəçevir görüşünü pozmaq istəyənlər kimlər idi?

İnsan izdihamı aranı qatmaq istəyən bu adamların arzusunu gözündə qoydu

Məlum olduğu kimi, sentyabrın 29-da Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin Mingəçevir şəhərində seçicilərlə görüşü olub.
Səfərdə Cəmil bəyi Müsavat başqanı Isa Qəmbər, AXCP sədrinin müavinləri Gözəl Bayramlı və Nurəddin Məmmədli, Müsavat Partiyası Mərkəzi Icra Aparatının rəhbəri Arif Hacılı, NIDA Vətəndaş Hərəkatının, eləcə də prezidentliyə namizədin seçki qərargahının bir neçə üzvü, media nümayəndələri müşayiət ediblər.
Şəhərin Energetiklər qəsəbəsindəki A.Niftəliyev adına klubda baş tutmuş görüş barədə “Azadlıq”ın dünənki sayında geniş reportaj verilib. Reportajda da qeyd olunduğu kimi, tədbir boyu, eləcə də tədbirin sonuna yaxın bir neçə xüsusi öyrədilmiş adam tribunaya qalxmağa və Cəmil Həsənliyə qarşı təxribat törətməyə cəhd ediblər. Bəs kimlər idi bu adamlar?
Öncə onu vurğulayaq ki, tədbir boyu xüsusi “canfəşanlıq” edənlərdən biri Şəmsəddin adlı ağsaqqal bir kişiydi. Əldə etdiyimiz məlumatlara görə, bu adam vaxtilə şəhər mühafizə polisinin əməkdaşlarından olub. Görüşün əvvəlindən sonunadək aranı qarışdırmaq istəyən bu adam görüş başa çatdıqdan sonra da Müsavat başqanı Isa Qəmbərin olduğu maşına hücum edənlərdən biriydi. Hər kəsin gözü qarşısında Isa bəyin ünvanına ən nalayiq sözləri belə deməkdən çəkinmədi.
Təxribatçılar srasında vaxtilə Azərbaycan IES-də işləmiş adamlar da vardı. Yeri gəlmişkən, tədbirdən öncə jurnalistlərlə ayaqüstü söhbət edən stansiyanın direktoru Bəhmən Nəcməddinov ərazinin yaşayışçısı olduğunu və istirahət günü olduğundan yaşadığı qəsəbənin ətrafında gəzintiyə çıxdığını söyləsə də, görüşə qatılan müsəssiənin işçiləri direktorun və sex rəislərinin burada məhz onların tədbirə gəlib-gəlmədiklərinə nəzarət etmək üçün olduqlarını bildirdilər.

Ümumiyyətlə, aralarında bir neçə məcburi köçkünün, alverçinin, yerli sakinlərin təbirincə desək, şəhərdə kifayət qədər mənfi imic qazanmış bu insanların əvvəldən sonacan xüsusi bir missiyanı yerinə yetirdikləri bəlliydi. Hətta bir neçə yüngül əxlaqlı qadın tədbir başlanmazdan öncə polis tərəfindən zaldan çıxarıldı.
Yeri gəlmişkən, görüşü pozmaq istəyənlər arasında qadınların olması ən ağrılı məqamlardan biriydi. Görüşün ilk dəqiqələrindən Cəmil bəyi təxribata çəkməyə cəhd edən I qrup Qarabağ müharibəsi əlili, döyüşlərin birində belindən və onurğa sütunundan yaralanmış Sevil Rəsulova adlı bir xanımın olması acınacaqlı və ürəkağrıdan mənzərəydi. Bu qadın tədbirin ortasında da israrla Cəmil bəyə yaxınlaşmaq niyyətindən əl çəkmirdi. Halbuki, onun C.Həsənliyə ünvanlanacaq heç bir sualının olmadığı görüşün əvvəlindən ortadaydı.
Mühafizə, görüşə gələn insan izdihamı aranı qatmaq istəyən bu insanların arzusunu gözündə qoydu.

Azər