Azərbaycan üzü gülməyən ölkələr siyahısında

Azərbaycanda iqtisadiyyat 1995-ci ildən bəri azı 8 dəfə artıb. Ancaq insanların üzü gülmürsə, bu artımın əhəmiyyəti nə qədərdir?

Azərbaycan müsbət  əhval indeksində 143 ölkə arasında 134-cü yeri tutub.

Azərbaycandan 8-9 pillə aşağıda – axırıncı yerlərdə  İraq və Suriyadır.

Gallup 143 ölkədə 15 yaşından yuxarı  insanlardan soruşub ki, “dünən doyunca gülmüsənmi və ya nədənsə doyunca ləzzət almısanmı və ya özünü doyunca dincəlmiş hiss etmisənmi və yaxud özünü hörmətli bir insan sanmısanmı və ya dünənki gündə maraqlı nəsə  öyrənmisənmi və ya etmisənmi?”

Bu suala hər bir ölkədə hər 100 nəfərdən neçəsi  “hə” cavabı veribsə, Gallup bunu  həmin ölkənin “Pozitiv Təcrübə İndeksi” adlandırır.

Azərbaycanda “hə” cavabı verənlər 55 faizdir. Başqa sözlə, Azərbaycanda cavab verənlərin 45 faizi dünənki gününü sevinclə yad etməyib.

Dünya üzrə “hə” deyənlər, müqayisə üçün, 73 faizdir.

Azərbaycandan daha  bədbin əhval yalnız Ermənistanda və Gürcüstandadır – burda “hə” cavabı verənlər 53 faizdir.  Belarusda eyni dərəcədə insanların üzü gülmür – 53 faiz.

143 ölkə arasında pozitiv əhval indeksində axırıncı yerlərdə olanlar:

Monteneqro – 52 faiz

Serbiya – 52 faiz

İraq – 47 faiz

Suriya – 46 faiz.

Gallup-ın sorğusunda birinci yerlərdə olanlar :

Paraqvay – 86 faiz

Venesuela – 86 faiz

Panama  – 84 faiz

Kosta Rika – 84 faiz

Kolumbiya – 83 faiz

Küveyt – 83 faiz

İsveçrə – 80 faiz

İsveç – 79 faiz

ABŞ – 77 faiz.

Gallup yazır ki, bu sorğu ilə hər bir ölkədə insanların öz həyatlarını özlərinin  necə qiymətləndirməsini öyrənib. Gallup-ın gəldiyi bir nəticə odur ki, bütün dünya üzrə göstəricilərə görə, gəliri yuxarı olanlarda (ayda 6500 dollardan yuxarı) gəlirin səviyyəsinin gündəlik emosiyalara elə bir böyük təsiri yoxdur. Başqa sözlə, pulu çox olanlar fikirləşir ki, xoşbəxlik ya bədbəxlik pulda deyil. 

Gallup hesab edir ki, onun sorğusu, faktiki olaraq,puldan asılı olmayaraq, insanların özlərinin öz gündəlik əhvallarını necə qiymətləndirdiyini göstərir.