Demokratiyanı azad etmək vaxtdır

Azərbaycan mühasirəsi yarılmalıdır! (Saakaşvilinin BMT-dəki çıxışına sözardı)

Gürcüstan prezidenti Mixail Saakaşvili BMT tribunasından növbəti əfsanəsini yaratdı. Rusiyanın həqiqi üzünü göstərdi. Imperializmin mahiyyətindən danışdı, adını və formasını ifşa elədi.

Bir çoxları deyəcək ki, onun arxasında Amerika durur. Öz aramızdır, Amerikada heç kim bu mövzuda onun kimi açıq danışmayıb. Onun çıxışında elə maraqlı məqamlar var ki, şərh vermədən, oxucuya yenidən təqdim etmədən keçmək olmur. Amma bütün bunlarla yanaşı, Saakaşvili ölümə susamış biri kimi danışırdı. O, nəinki Gürcüstanın, hətta Azərbaycan və Ermənistanın da taleyindən nigarandır. O bilir ki, bölgədə sülh və sabitlik olmadıqca, onun ölkəsi də firavanlığa qovuşa bilməyəcək. Rusiya isə hər kəsdən bir parça qopartmış canavar kimi hamını bir-birilə üz-üzə qoymaq cəhdlərini dayandırmır.

Bu sətirlərin müəllifi də ötən günlərdə eyni arqumentlərlə əsaslandırılmış bir yazı təqdim etmişdi sizə. Rusiya qaranlıq siyasət yürüdür, ona görə də günəşlə düşmənçilik edir. Yəni, işıqla, şəffaflıqla. Siyasi proseslərin iri miqyasdakı proyeksiyası haqqında fikir yürütmək gündəlik analiz və riyazi paralelləşdirmə tələb edir. Saakaşvili bu mənada, bir çıxışı ilə bütün dünyanı şantaj etdi. O, mesaj verdi ki, “mən ölümdən qorxmuram, şərin qarşısında dururam, yetər ki, siz onunla maraq müqaviləsinə girməyin”. 

Onun duruşu və nitqindəki arxayınlıq, tarixə ekskursiyası və gələcək haqqında nigarançılığı həqiqi dövlət adamını xatırladırdı. Rusiya bu bölgədə inkişaf istəmir. Çünki inkişaf rahatlıq və azadlıq deməkdir. Kreml isə hər kəsi özündən asılı saxlamaq istəyir.

Cənubi Qafqaz düyünü

Gürcüstanda baş verən məxməri proses 2005-ci ildə Azərbaycanda öz inkişafını yürüdə bilmədi. Tiflisin demokratikləşməsinə o qədər də sərt müqavimət göstərə bilməyən Kreml Azərbaycandakı dəyişikliyin qarşısını zorla ala bildi. Ilham Əliyevin seçki qərargahının qeyri-rəsmi məsləhətçisi olan Ruşaylo (MDB-nin icraçı katibi, KQB zabiti) Azərbaycandakı dinc prosesə ağır zərbə vurdu. Qərb isə ölkədə baş verən hakimiyyətdaxili parçalanmaya ümid bəslədiyi üçün demokratik güclərin qələbəsinin təsbitinə yardımçı olmadı. Bununla da, Gürcüstanda başlayan proses yarımçıq qaldı.

Müşahidəçilər də təsdiqləyər ki, GUAM adlı təşkilat da məhz 2005-ci ildən sonra faktiki olaraq tarixin arxivinə qovuşdu. Bu, mahiyyətcə o demək idi ki, Qərbin, xüsusilə ABŞ-ın MDB ölkələrini Rusiyadan ayırıb-qorumaq planı baş tutmadı. Qərb bu proseslərə kompleks yanaşa bilmədi. Məsələləri yalnız güclü iqtisadi projelərlə yoluna qoya biləcəyini düşündü. Amma fakt faktlığında qalır, Rusiya özünün bütün imkanlarını ona sərf etdi ki, xırda post-sovet ölkələri onun xofunu unutmasınlar.

ABŞ Əfqanıstanda və Iraqda öz reputasiyasını xərcləyərkən, Rusiya ona neft satıb pul qazandı. Günün birində Yaxın Şərq və post-sovet ölkələrində qapalı rejimlərin hamisi Rusiya ilə açıq cəmiyyət carçısı ABŞ arasında elə də ciddi nüfuz fərqi qalmadı.

Demokratiya Cənubi Qafqazda Gürcüstanda uzun bir fasilə ilə gözləməli oldu. Amma qarşılıqlı əlaqədə olduğu ölkələrin biri Rusiya, digər ikisi Ermənistan və Azərbaycandırsa, Gürcüstan öz demokratiyasının üstündə necə əsməsin, onun üçün niyə təlaşlanmasın? Türkiyə ilə əlaqələrin Gürcüstan üçün qarantiya olmadığını hamımız bilirik.

Azərbaycan demokratiyanın qan tıxanıqlığı nöqtəsinə çevrildi və 2008-ci ildə ölkədə ilk gizli infarkt baş verdi. Ilham Əliyev alternativsiz seçkiyə getdi. Çünki dünya onun Azərbaycanı məhv edəcək qədər sərvət toplamasına göz yumdu. Tarix isə yenidən keçə bilmədiyi maneənin önündə dayanmalı  olub.

Bölgə Azərbaycanda ya batacaq, ya da xilas olacaq

Saakaşvilinin çıxışı o zamana təsadüf edir ki, Putin hərbi gəmisini Xəzər sahillərinə gətirib, sonra hərbi təlimlərə qoşdu. Ilham Əliyevlə şəkil çəkdirib, ona seçki dəstəyi verdiyini vizual olaraq tirajladı.

Azərbaycanda prezident seçkilərinə bir neçə gün qalır. Bu seçkilərin və seçkidən sonrakı proseslərin taleyi əslində, bölgənin taleyi demək olacaq. Azərbaycanda demokratiyaya keçid baş tutmasa, bölgə çox ciddi zədə alacaq. Gürcüstan demokratiyası da avtoritar sistemlərlə üzvi əlaqədən marginallaşacaq. Çünki demokratiya bir idarəetmə sisteminə çevrilmədikcə, şəfaflaşa bilmir. Bu halda, yenidən mahiyyətcə avtoritarizmə dönüş labüdləşir.

Azərbaycanda keçirilən seçkilər Avropa Birliyinin Cənubi Qafqazdakı dayaqlarının güclənməsi və məhv olması kimi dilemmanı özündə ehtiva edir. Çünki Rusiya faktiki, Avropa ölkəsi elan edilmiş Ermənistanı öz təsiri altına almaq üçün şantaja əl atmaqla, bölgədəki tarazlığı öz xeyrinə tərpədib. Azərbaycanın hansı yolu tutması isə bu məsələdə ciddi risk amili olaraq qalır. Bu riskin ən başlıca amili isə Rusiyaya siyasi-mənəvi baxımdan meyl edən indiki Azərbaycan iqtidarıdır.

Saakaşvili BMT-dəki çıxışında demokratiyadan danışarkən Ukrayna və Moldovanın adını çəkirdi. Rusiyanın zəiflətdiyi ölkələr sırasında isə Ermənistan və Azərbaycandan bəhs edirdi. Onun niyyəti çox açıq idi. Saakaşvili bir müddət əvvəl “Rusiya Azərbaycanda inqilab etmək istəyir” deyəndə də bu niyyəti güdürdü – Bakı üzə düşüb Kremlə “yox” deməlidir. Amma Əliyev onun kimi ingilisdilli olsa da, onunla eyni dəyərləri bölüşmür.

Belə davam edəcəkmi?

Sual maraqlıdır. Vəziyyət isə gərgindir. Iqtisadi layihələr də vəziyyəti xilas etmir. Bakı NABUCCO barədə o qədər ziddiyyətli bəyanatlar verib ki, indi hər kəsdə belə bir fikir yaranıb: “Bu hakimiyyətlə NABUCCO da Qarabağ kimi həllini tapacaq”.

Bu cür davam etmək, sadəcə, mümkün deyil. Azərbaycan hakimiyyəti Kremldən qopsa, demokratiya onun axırına çıxa bilər. Ayrılmasa, avtoritarizm Azərbaycanın axırına çıxmaq üzrədir artıq. Azərbaycansız Gürcüstan isə Saakaşvili demişkən, mühasirədədir. Bu cəhd mühasirəni yarmaq cəhdi olmalıdır. Demokratiyanı azad etmək vaxtdır.

Seymur Həzi