abs-azerbaycan2

Azərbaycan hakimiyyəti dilemma qarşısında

Qərb iqtidardan Rusiyanın şərtlərilə bağlı açıq mövqe sərgiləməyi tələb edir

Rusiya prezidenti Vladimir Putinin Bakıya səfərindən sonra Kremlin Azərbaycan hakimiyyətinə qarşı təzyiqlərinə ara verməsi Qərbin də diqqətini cəlb edib. Bu görüşün nəticələri məxfi saxlanılsa da, Qərbdə belə qənaət formalaşıb ki, Ilham Əliyev Putinin şərtlərini qəbul edib.
Diplomatik mənbələrdən sızan məlumatlara görə, Qərb üçün əhəmiyyət kəsb edən əsas məsələ Bakının Avrasiya Ittifaqı və Gömrük Ittifaqı ilə bağlı mövqeyidir.
Azərbaycanın bu qurumlara üzv olması Qərbin maraqlarına uyğun deyil. Doğrudur, Bakı belə bir niyyəti olduğunu açıq şəkildə nümayiş etdirmir. Amma yuxarıda qeyd etdiyimiz kimi Rusiyanın Azərbaycan hakimiyyətinə təzyiqlərinə ara verməsi müəyyən şübhələrin yaranması ilə nəticələnib. Bu baxımdan Qərb Azərbaycan hakimiyyətindən məsələ ilə bağlı açıq mövqe sərgiləməyi tələb edir.
Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri, administrasiya rəhbərinin müavini Novruz Məmmədovun və xarici işlər naziri Elmar Məmmədyarovun ABŞ-da keçirdiyi görüşlərdə bu məsələ xüsusi müzakirə mövzusu olub. Əslində, həm Novruz Məmmədov, həm də Elmar Məmmədyarov görüşlərdə oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkisi ilə bağlı ABŞ-ın yumşaq mövqe sərgiləməsi xahişində bulunublar. Hətta bununla bağlı müəyyən vədlərin verildiyi bildirilir. Lakin hər iki şəxsin keçirdiyi görüşlərdən sonra ABŞ-dan seçki ilə bağlı gələn reaksiyalar göstərir ki, müsbət nəticə əldə olunmayıb. Nümunə kimi ABŞ dövlət katibinin köməkçisi Tomas Meliyanın və bu ölkənin ATƏT-dəki səfirinin açıqlamalarını göstərmək olar. Meliya Azərbaycanda azad mediaya basqıların olduğunu bildirib. ABŞ-ın ATƏT-dəki səfiri də oxşar fikirlər səsləndirib. O hətta bildirib ki, seçkinin nəticəsinə etibar edilməsi üçün ilk sual məhz “seçkidən öncə azad media mühiti vardımı?” olacaq. Bu əslində ona işarədir ki, nəticələr tanınmaya bilər.
ABŞ-ın bu mövqeyi bir tərəfdən demokratiyaya verdiyi dəyərlə bağlıdırsa, digər tərəfdən Azərbaycan hakimiyyətinin Rusiyanın təklifləri ilə bağlı qərarının aydın olmaması ilə əlaqədardır. Hakimiyyət də qərarını açıqlamağa ehtiyat edir. Çünki hər iki halda ya ABŞ, ya da Rusiya ilə üz-üzə gələcək.
Beləliklə, Azərbaycan hakimiyyəti hazırda dilemma qarşısındadır. Iqtidarın vəziyyətdən necə çıxacağı heç komandanın özünə də aydın deyil.

Azad