45 illik Yadigar

Yaxşı müsavatçı elə cəbhəçi kimi bir şeydi. Ona görə də vaxtaşırı Müsavatdan və müsavatçılardan yazmaq elə müsavatçılıqdır. Yəni, cəbhəçilik…

Soruşacaqsınız ki, bəs pis müsavatçı kimdir? Qardaşlar, adam MÜSAVATçıdırsa, o necə pis ola bilər? Necə deyir mahnıda, “Bərabər yürüdük biz bu yollarda…”

Nədir yaxşı müsavatçı olmaq? Yəni, cəbhəçi olmaq?

Indiki zamanda çətin işdir. Savadlı olmaqdır, əqidəli olmaqdır, haqq sözü deməkdir, lazım olanda öz cəbhəndəki haqsızlığa etiraz edə bilməkdir, nəhayət, tanımadığın adamların mənəvi azadlığı uğrunda öz fiziki azadlığından keçməkdir. Indiki anda Yadigar Sadıqlı olmaqdır!

Yadigar Sadıqlı 70 il zindanda yatan, amma yuxuya getməyən bir dəyərin daşıyıcısıdır. Ona zindan əsər eləməz. Onu zindanda əsir eləməkmi olar?

Əliyevlərin bizə ən böyük yaxşılığı o oldu ki, insanlarımızı dərindən tanıdıq, toplumumuzun gücünə sahib olduq. Belə demək mümkünsə, üzü ağ çıxdıq bu sınaqlardan. Xeyirlə şərin savaşında motivi Tanrı yaradır, tərəfi insan seçir. Çünki bu savaşın mahiyyətindədir dünyanın taleyi, gələcəyi. Xırda-xırda ədalətsizliklərə göz yumub böyük ədaləti qalib eləmək mümkün deyil. Ona görə də dünyanın harasında olmasına baxmayaraq, xeyir xeyirdir, qarşısındakı da şübhəsiz şərdir. Xeyirin və ya şərin tərəfdarları olmur. Bu savaşa qoşulmayanlar şair demiş, “insanlığa biganədir”.

Fəqət, o insanlardan danışmaq xoş olur ki, onlar xeyrin cəbhəsindədilər. Yadigar Sadıqlı kimi…

Əslində, belə adamların çox olması tərəfdarlarından daha çox rəqiblərinə faydalıdır. O adamla polemika aparın ki, əks arqumentlərindən nəsə öyrənəsiz. Bu mənada, Yadigarın “facebook” polemikaları özlətdi yaman.

Günün birində bizim ölkəmizdə demokratiya olacaq. O gün elə də uzaqda deyil. Onu bizimlə günlər, həftələr ayırır. Zindanlar günahsız insanları ağırlamaqdan utanmayacaqlar. Tofiq Yaqublu azad olacaq, Daşqın Məlikov azad olacaq. Nigar kimi gənc qızlar qəfil qadanın cəzasını siyasi baxışlarına görə çəkməyəcəklər. Belə bir Azərbaycan sözsüz və mütləq olacaq. Heç kimin buna zərrə qədər də şübhəsi olmasın. Bu, bizim azərbaycanlılara sözümüzdür! Bəy sözümüz!

Amma o günlərdən, o qaranlıq günlərdən bizə bir yadigar qalacaq – Yadigar kimi insanların çəkdikləri məhrumiyyətlər. Yadigar üçün bu mübarizədə olmaq onun həyat həqiqətidir. Amma tarix elə gətirib ki, bu, ölkənin, millətin həqiqətinə çevrilib.

Hə, Yadigar 45 yaşını arxada qoydu. Onun ömrünün bu müdrik çağını dörd divar arasında keçirməsi də bir taledir – Azərbaycan ziyalısının taleyi…

Tarixçi Yadigar həbsxanada, tarixçi Cəmil Həsənli mübarizənin önündə. Görünür, bu günlər bizim tariximiz və tarixçilərimiz üçün çox mühüm günlərdir. Yadigarın doğum günü bu qızğın mübarizə günlərinə təsadüf edir. Bu da bir taledir, bəlkə də. Ona azadlıq arzulayıram, fiziki azadlıq. Çünki mənən azad adamlardandı Yadigar bəy. Onunla polemika eləməkdən ötrü lap darıxdım. Bircə azadlığa çıxsaydı, təzədən mübahisə edərdik, görək, mitinqə kimin partiyası daha çox insan cəlb eləmişdi…

Doğum günün mübarək, yaxşı müsavatçı!