YAP-ın öyündüyü sabitlik budur?

Tofiq Yaqublu ölkədəki son durumla bağlı fikirlərini «Azadlıq»la bölüşdü

«Məgər nefti yerin altına Heydər Əliyev və ya Ilham Əliyev doldurub?»

 Siyasi məhbus, Müsavat partiyası başqanının müavini, “Yeni Müsavat” qəzetinin köşə yazarı Tofiq Yaqublunun vəkili Nemət Kərimli bu günlərdə onunla görüşüb. Nemət bəy əməkdaşımıza bildirib ki, artıq qondarma cinayət işinin istintaqı yekunlaşıb və Tofiq bəylə birlikdə işin materialları ilə tanış olmağa başlayıblar. 

“Uydurma cinayət işinin istintaq materialları olduqca iri həcmlidir. Lakin onun artıq tanış olduğumuz hissəsi də bu işin təmamilə absurd, qondarma və saxta iş olduğunu artıqlaması ilə sübut edir. Bu işin hətta Azərbaycan məhkəmələrinin müstəqil olmaması, siyasi sifarişlər əsasında qərarlar çıxarması durumunda belə heç bir perspektivi yoxdur. Istintaq tərəfi məhkəmədə təxminən Azərbaycanın paytaxtının Mexiko olduğunu sübut etmək kimi mümkünsüz işi görməli olacaq”- deyə vəkil bildirib.

Vəkilin dediyinə görə, Tofiq bəy Pərviz Həşimlinin həbsinin siyasi sifariş olduğuna zərrə qədər şübhə etmədiyini və ona mənəvi dəstəyini bildirib. O, həm də prezidentliyə namizədlərin radio və televiziya debatlarını diqqətlə izlədiyini deyib. Cəmil Həsənlinin arqumentləri qraşısında iqtidar namizədinin vəkilinin və iqtidarın tapşırığı ilə saxta namizəd olmuş, buyruq qullarının necə nokauta düşdükləri ona ləzzət verib. Nemət bəy onu da deyib ki, Tofiq Yaqublu Ilham Əliyevi müdafiə edən təbliğatçıların tez-tez istifadə etdikləri və guya ki, onların xeyrinə olan arqumentlərlə bağlı öz fikirlərini deyib. O bildirib, yapçılar deyirlər ki, Elçibəy hakimiyyəti dövründə cəmiyyətdə dəhşətli çaxnaşma və gərginlik var imiş, ancaq H. Əliyevin gəlişi ilə sabitlik yaranıb. H.Əliyev hakimiyyəti qəsb edəndən dərhal sonra 6 rayonumuz işğal olunub və bu rayonların əhalisi qaçqın düşərək panika, çaşqınlıq içində respublikanın müxtəlif yerlərinə səpələniblər. Yüz minlərlə insanın qaçqın düşdüyü, daldalanmağa yer və həyatda qalmaq üçün bir tikə çörək axtardığı dörü necə sabitlik adlandırmaq olar? Prezidentliyin bir illiyinə həsr olunmuş tədbirdə H.Əliyev çıxışında dedi ki, iyirmi altı (26) rayonda icra başçıları bu vəzifəni özbaşına zəbt ediblər, onları mən təyin etməmişəm. Ölkənin 26 rayonuna quldurlar rəhbərlik etdiyi ölkədə sabitliyin yaradılmasından necə danışmaq olar? H.Əliyev hakimiyyətə gələndən ta atəşkəs dövrünədək Qarabağ müharibəsi başlayandan itirdiyimiz əsgərin sayından 3 dəfə artıq əsgər itirildi. Məgər bu sabitlik əlamətidir? 1994-cü ilin oktyabr ayında və 1995-ci ilin martında silahlı dövlət çevrilişlərinə cəhd və onların qanla yatırılması sabitliyin sübutumu sayılır? Hər gün hüquq mühafizə orqanlarının əməkdaşları bir körpünün altından H. Əliyevə sui-qəsd məqsədi ilə qoyulmuş bomba “tapırdılar”, bu idimi sabitlik? Deyirlər ki, Elçibəy hakimiyyəti dövründə adamlar qorxusundan bayıra çıxa bilmirdilər, hər yanda güllə atırlarmış. Afiyəddin Cəlilov, Şəmsi Rəhimov, Fətulla Hüseynov, Əli Ansuxski, Fərəməz Maqsudovun ailəsi, Qüdrət Həsənquliyevin qardaşı Nadir Həsənquliyev, general Rail Məlikov, jurnalist Elmar Hüseynov, akademik Ziya Bünyadov, ölkənin baş kriminalisti Rövşən Əliyev və neçə-neçə digər tanınmışların qətlə yetirilməsi YAP sabitliyinin nə olduğunu yaxşı sübut edir. Barmaqlarını qatlasınlar ki, Elçibəy dönəmində kiminsə burnu qanamışdı. Polkovnik Hacı Məmmədov DIN rəhbərliyi ilə birlikdə Qusardakı Qarabulaq istirahət mərkəzində oğurlayıb öldürdükləri adamların cəsədlərindən bir qəbiristanlıq salmışdılar. DIN-in adam oğurluğu və qətlləri ilə məşğul olduğu dövrü sabitlik adlandırmaq absurddur. Ramil Usubov özü canlı efirdə dedi ki, Heydər Əliyevin göstərişi ilə qatı cinayətkar ləzgi Abuzər Abuzərovun həbsxanadan qaçışını təşkil edib. Budurmu sabitlik? Elşad Abdullayevin yaydığı videomateriallarda aydınca görünür ki, ölkənin bütün güc strukturları insan oğurluğu və alveri ilə məşğuldur. Sabitlik bunamı deyirlər? Yeri gəlmişkən, həmin videomateriallarda Gülər Əhmədovanın apardığı mandat bazarlığı bizdə demokratiyanın və seçkilərin nə vəziyyətdə olduğunu aydın göstərir. Necə deyərlər, şərhə ehtiyac yoxdur.

Tanınmış vəkil əməkdaşımıza daha sonra deyib ki, müvəkkili iqtidar təbliğatlarının iqtisadi inkişaf, yol-körpü və park nağılları haqqında da fikirlər söyləyib. O deyib ki, yapçılar yeni yollar, körpüləri, parkları və yaraşıqlı binaları göstərib bunu Ilham Əliyevin uğuru kimi təqdim edirlər və müxalifəti bu reallığı görməməkdə suçlayırlar. Onda sual yaranir, bu yolları, körpüləri, yaraşıqlı binaları H.Əliyev niyə tikmirdi? Məgər I.Əliyev H.Əliyevdən ağıllı, müdrik və daha yaxşı idarə edəndir? Sözsüz ki, məsələ bunda deyil. Azərbaycan torpağının altından neft çıxır və bu neft dünyada rahat satıla bilən bir sərvətdir. Məgər həmin nefti yerin altına H.Əliyev və ya I.Əliyev doldurub? Dünyada bircə dənə sanksiya tətbiq edilməmiş neft ölkəsi göstərin ki, o, öz neftini sata bilməsin. Yoxdur belə ölkə. Neft satışında pullar çay kimi gəlir. Bu çay kimi gələn pulları hansı fərsiz daşa-betona xərcləyə bilməz? Tutaq ki, prezident I.Əliyev yox, Əli Əhmədov olaydı, məgər o, neft pullarına od vurub yandıracaqdı. O da gələn pulların 90 faizini xarici banklara, qalan 10 faizini də minnətlə xalqa xərcləyə bilərdi. Neft pullar ilə, karrupsiya layihələri ilə şəhərə bəzək-düzək vurmaq nə vaxtdan qəhrəmanlıq sayılır? Biz, ancaq bu hakimiyyətin neft pullarını uğurla oğurlamağından danışa bilərik. Bir də ki, şəhərin yaxşı görsənməsi hələ insanların yaxşı yaşaması deyil. Bir Pekinə, Şanxaya baxın. Onların yanında Bakı aul kimi bir şeydir. Bu şəhərlər fantastik gözəlliyə möcüzə kimi görünən tikililərə malikdirlər. Amma çinlilər qaraçı kimi Mərəzə küçələrində günə 5-6 dollar qazanmaq üçün şey-şüy satırlar. Nemət Kərimli sonda bildirdi ki, Tofiq bəy H.Əliyevi və I.Əliyevi  Azərbaycan dövlətinin qurucusu və qoruyucusu adlandıran yapçılara deyib ki, Azərbaycan ikinci dəfə müstəqilliyinə qovuşmaq uğrunda mübarizəyə 1988-ci ildən başlayıb. Milyonlarla insan meydanda “Azadlıq” hayqırırdı. Bu hərəkatın başında bugünkü demokratik müxalifətin liderləri durmuşdular. H.Əliyev isə bu prosesdə yox idi. O, Moskva ətrafındakı bağ evində özü üçün yaşayırdı. SSRI rəhbərliyi müstəqillik uğrunda mübarizə aparan xalqımızın üstünə qoşun yeritdi, yüzlərlə şəhid verdik. H.Əliyev ilk cəsarətini 1990-cı ilin yanvarın sonlarında 20 Yanvar şəhidlərinə başsağlığı verməklə göstərdi. YAP buna tarixi qəhrəmanlıq deyir, halbuki bu günədək çox çətin və şərəfli mübarizə yolu keçmişdir. Dövlətçilik uğrunda mübarizə həm də ərazi bütövlüyü uğrunda gedən döyüşlərdən keçirdi. O vaxt SSRI-nin müxtəlif guşələrinə səpələnmiş on minlərlə həmvətənlərimiz axışıb vətənə gəldilər və silaha sarıldılar. I.Əliyev isə Moskvada dəri gödəkçə ticarəti və kaziona biznesi ilə məşğul idi. O, hazıra nazir gəlib. Yeri gəlmişkən, Türkiyə Milli Istibarat təşkilatı kazino kralı Ömər Lütfi Tafadın ölümünü araşdırarkən, I.Əliyevin ona 6 milyon dollar uduzduğunu, borc əvəzinə Tiflis prospektindəki “Avropa” hotelini aşkar etmişdi. YAP indiki müxalifəti xarici ölkələrə işləməkdə suçlayır. Məhz YAP 1993-cü ildə xarici dövlətlərin təşkil etidiyi Gəncə qiyamını müdafiə etdi və elə həmin xarici dövlətlərin göstərişi ilə milli hakimiyyəti devirdi, nəticədə 6 rayonumuz getdi. Bu 20 ildə isə onların geri qaytarılması üçün bircə addım da atılmayıb.