Özbəkistan prezidentinin qızı ailə sirlərini açdı

Özbəkistanın avtoritar prezidenti Islam Kərimovun qlamur qızları beynəlxalq ulduzlarla dolanır, təmtəraqlı həyat tərzi yaşayırlar. Amma BBC-nin Özbəkistan xidmətinə verdiyi müsahibədə prezidentin kiçik qızı Lola Kərimova-Tillayeva bildirib ki, Orta Asiyanın ən tanınmış hakim ailələrinin birində böyük düşmənçilik var.

“Biz bacımla 12 ildir ki, danışmırıq. Aramızda ailə və ya dostluq münasibətləri yoxdur”, – deyə xanım Kərimova-Tillayeva bildirib.

Lola Kərimova-Tillayevanın bacısı Gülnarə ilə münasibətləri barədə açıq şəkildə dedikləri Orta Asiyanın siyasi sülaləri ətrafındakı sükutu mediada bir müddətlik pozur. Xüsusən ailə əlaqələrinin olduqca mühüm olduğu regionda, bu cür açıqlamalar gözlənilməzdir.

Islam Kərimov 20 ildən çoxdur ki, Özbəkistanı dəmir yumruqla idarə edir. O, müxalif düşüncəni qəbul etməməkdə, həbsxanaları işgəncə ilə bol olan ölkəyə rəhbərlik etməkdə ittiham olunur.

Hakim elita zənginlik və imtiyazlarla yaşadığı halda, yüz minlərlə adi özbək xaricdə miqrant işçi kimi yaşayır, çünki onlar ölkə daxilində dolanışıq qazana bilmirlər.

Islam Kərimovun pop ulduzu, diplomat, moda dizayneri və filantrop olan böyük qızı Gülnarə tez-tez medianın diqqət mərkəzində olur. O həmçinin nüfuzlu iş qadınıdır və 75 yaşlı atasının davamçısı olacağı barədə fikirlər var.

Onun kiçik bacısı Lola Cenevrədə yaşayır. Vaxtilə onu “diktatorun qızı” adlandıran fransız onlayn jurnalı məhkəməyə verəndən sonra daha da məşhurlaşıb. O, hazırda Özbəkistanın UNESCO-da səfiridir.

“Bacım barədə məlumatları mediadan alıram”

Iş və şəxsi həyatlarındakı paralellərə baxmayaraq, görünür, iki bacının ortaq cəhətləri azdır.

“Yaxşı əlaqələrin olması üçün baxışlar, ya da xarakter oxşarlığı gərəkdir. Bizim münasibətlərimizdə belə bir şey yoxdur – heç vaxt olmayıb, indi də yoxdur. Biz tamamilə fərqli insanlarıq. Bildiyiniz kimi, bütün bu fərqlər vaxtla ancaq çoxalır”, – deyə Lola Kərimova-Tillayeva bildirib.

Xanım Kərimova-Tillayeva BBC-nin Özbəkistan xidmətinin ona elektron poçt vasitəsilə göndərdiyi 18 sualı cavablandırıb.

Açıq-aşkar bacısından uzaq durmaq indi Lola Kərimova-Tillayevanın işinə yaraya bilər. Çünki Gülnarə Kərimovanın adı Avropada fırıldaqçılıqla bağlı irimiqyaslı araşdırmadada keçir.

Isveç və Isveçrədə prokurorluq Gülnarə Kərimovanın hazırkı və keçmiş müttəfiqləri haqda rüşvətxorluq, çirkli pulların yuyulması ittihamlarıyla istintaq aparır. Məlumata görə, Gülnarə Kərimovanın Fransa və Isveçrədəki bəzi mülklərində axtarış aparılıb.

Lola Kərimova-Tillayeva isə bacısının da adı keçən araşdırmalar barədə danışmır, atasının da baş verənlərdən agah olub-olmadığını bilmədiyini deyir: “Bacım barədə bütün məlumatları xarici mediadan, o cümlədən BBC-nin saytından alıram. Mən Özbəkistana ildə cəmi 2-3 dəfə gedirəm. Atamla görüşlər zamanı isə siyasi məsələləri müzakirə etmirik”.

Islam Kərimovun 75 yaşı var və onun varisi barədə müzakirələr davam edir. Axı Orta Asiyanın ailə və klanlar siyasətində,prezidentlərin uşaqlarına adətən varis kimi baxırlar. Amma Lola Kərimova-Tillayeva deyir ki, bunda maraqlı deyil və onun üçün prioritet olan həyat yoldaşı Timur və üç uşağıdır: “Hazırda özümü siyasətçi kimi görmürəm”.

Bacısı Gülnarə isə işarə edib ki, prezidentliyə öz namizədliyini istisna etmir. Lola Kərimova-Tillayeva isə bunu mümkün saymır: “Bunun reallaşmaq şansını aşağı dəyərləndirirəm”.

Görünür ki, Kərimova bacıları bir çox sahələrdə baş-başadır. Hər ikisinin ayrıca xeyriyyə təşkilatı var.

Lola Kərimova-Tillayeva Özbəkistanda kimsəsiz və əlil uşaqlara yardım edən “Sən tək deyilsən” təşkilatı haqda ətraflı danışıb. O, bu işi öz “peşəsi” kimi təsvir edib.

Deyir ki, dərin imanlıdır və bir müsəlman kimi, var-dövlətini paylaşmağı özünə borc hesab edir.

Amma o, xeyriyyəçiliyini tez-tez sosial şəbəkələrdə yayan bacısını buna görə də tənqid edir: “Fikir vermişəm, gördüyün işlər barədə nə qədər çox danışsan, onlardan bir o qədər az həzz alırsan”.

Prezidentin qızı atasının siyasətinə qarşı…

Görünür ki, Lola Kərimova-Tillayeva, təkcə bacısından deyil, beynəlxalq hüquq-müdafiə təşkilatları tərəfindən dünyanın ən pis diktaturalarından biri kimi təsvir olunan ölkəsinin imicindən də özünü uzaq tutmaq istəyir. 2011-ci ildə o, məqalədə onu “diktatorun qızı” adlandıran fransız “Rue 89″ saytını məhkəməyə verib.

Məqalədə bildirilirdi ki, Lola xanım italiyalı aktrisa Moniua Bellucci kimi ulduzlara xeyriyyə tədbirlərinə qatılması üçün pul verməklə, ölkəsinin imicini təmizə çıxartmağa çalışıb.

O zaman mediada bir çoxları onun addımını atasını müdafiə etmək cəhdi kimi qiymətləndirdi. Amma BBC-nin suallarını cavablandırarkən o, ailəsinə birmənalı dəstək göstərməyib.

“Mən ”diktatorun qızı” sözünün işlədilməsinin düz və ya səhv olduğunu mübahisələndirməmişəm, çünki başa düşürəm ki, bu, siyasi termindir. Amma o kontekstdə, “diktatorun qızı” ifadəsi mənim şəxsiyyətimə çox təsir edib. Hər adam öz şəxsi keyfiyyətlərinə, işlərinə, münasibətlərinə və hərəkətlərinə görə mühakimə olunmaq kimi ayrılmaz hüquqla dünyaya gəlir”, – deyə o bildirib.

Görünür ki, onun, atasının siyasətinə qarşı tənqidi baxışları var.

Özbəkistan pambıq yığımında uşaq əməyindən istifadə etdiyinə görə illərdir ki, tənqid olunur. Lola Kərimova-Tillayeva deyir ki, ana olaraq, onun üçün bu məsələni dəyərləndirmək çətindir: “Amma belə faktlar varsa, acınacaqlı haldır və dünyanın heç bir ölkəsində baş verməməlidir. Zorun tətbiq olunmasını qətiyyətlə rədd edirəm. Məcburi əmək şəklində və ya hər hansı adama qarşı istənilən zorakılığa qarşıyam, xüsusilə uşaqlara qarşı zorakılığa”.

Lola Kərimova-Tillayeva atasının “radikal Islama qarşı mübarizə” adı altında müxalifəti sıxışdırması barədə iddialara da münasibət münasibət bildirib: “Radikallaşma problemi daha çox işsizliyin və imkanların olmamasının nəticəsidir. Bu iki faktor, əhalinin narazılığının əsas səbəbidir və ifratçılıq probleminə birmənalı şəkildə bağlıdır”.

O həmçinin bu cür problemlər güc vasitəsilə həllinə qarşı olduğunu bəyan edib. Bildirib ki, atasıyla onun əqidəsi bir-birinə uyğun gəlmir.

Islam Kərimov iyunda miqrant işçilərə qarşı gözlənilməz hücuma başlayıb, xaricdə iş axtaran özbəkləri “xalqı biabır edən tənbəl adamlar” adlandırıb: “Adam iyrənir ki, özbəklər bir tikə çörək üçün ora gedirlər. Özbəkistanda heç kim acından ölmür”.

Lola Kərimova-Tillayeva özünü ailəsindən uzaq tutmaq istəsə də, medianın onun özünün böyük var-dövlətinə marağı da az deyil. 2010-cu ildə o və həyat yoldaşı Timur Tillayev Cenevrənin Vandoeuvres rayonunda möhtəşəm ev alıb. Məlumata görə, evin qiyməti 46 milyon dollar olub.

Cütlük həmçinin Isveçrənin “Bilan” biznes jurnalında “ölkənin ən varlı adamları” siyahısında olub.

Aydındır ki, bir çox özbəyin yaşadığı çətinliklərə görə, Lola Kərimova-Tillyaeva bu cür məlumatların həssaslığından agahdır: “Biz özümüz də adımızı bu siyahıda görəndə təəccübləndik. Mən hələ də bu barədə həyat yoldaşımla zarafat edirəm. Mətbuatda gedən rəqəmlər ”reallıqdan uzaqdır”.

Var-dövləti barədə açıqlama verən xanım Kərimova-Tillayeva deyir ki, həyat yoldaşı ilə birlikdə ticarət və nəqliyyat şirkətində səhmləri var. Onun sözlərinə görə, nə özü, nə də həyat yoldaşı ailə əlaqələrindən faydalanmayıblar.

Məlumata görə, Timur Tillayev Özbəkistanda liderlik edən “Abusaxiy” nəqliyyat və idxal şirkətinə rəhbərlik edir.

Ev məsələsinə gəlincə, Lola Kərimova-Tillayeva deyir ki, evi ipoteka ilə alıblar və ilkin olaraq, qiymətin cəmi 18 faizini ödəyiblər. Qiymətin 46 milyon olduğu doğrudursa, o halda, ilkin ödəniş 8 milyon dollar deməkdir.

“Cenevrədəki ailə evimiz, bizim əsas evimizdir. Özbəkistanda Daşkənddəki mənzildən başqa bütün daşınmaz əmlakımızı satmışıq. Uşaqlarla Özbəkistana gedəndə, orada qalırıq”, – deyə o bildirib.

Lola Kərimova-Tillayeva deyir ki, o, ailəsilə Daşkəndə ildə cəmi iki-üç dəfə gedir (“BBC Azərbaycanca”).