«Prezident seçkisində kimə səs verəcəksən» sualına cavabda əksəriyyət Milli Şura namizədinə üstünlük verib
Xəbər verdiyimiz kimi “Azadlıq” radiosu ötən həftə sorğu keçirmişdi. “Prezident seçkisində kimə səs verəcəksən” sualı ünvanalan sorğuda 2351 nəfər iştirak edib. Sorğu iştirakçılarının 77,2 faizi Milli Şuranın vahid namizədi Cəmil Həsənliyə səs verəcəklərini söyləyib. Hakim partiyanın namizədi, hazırkı ölkə başçısı Ilham Əliyev sorğuda 10,5 faiz səslə ikinci olub. Başqa səkkiz namizəd isə 0,3-lə 1,4 faiz arasında səs toplayıb.
Radionun bu yaxınlarda keçirdiyi başqa sorğuda da Milli Şuranın vahid namizədi birinci olub. “Debatlarda hansı namizədin çıxışı seçiminizə təsir etdi” sualına 909 internet ziyarətçisi cavab verib. Bunların 79,4 faizi Cəmil Həsənlinin üzərində dayanıb. Ikinci yerdə BAXCP sədri Qüdrət Həsənquliyev 4 faiz səslə, üçüncü yerdə isə Ümid partiyasının sədri Iqbal Ağazadə 3,9 faiz səslə qərarlaşıb. Ilham Əliyev 3,6 faiz səslə dördüncü olub. Başqa 6 namizəd isə 0,3-lə 1,9 faiz arasında səs toplayıb.
Göründüyü kimi Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin həm “Azadlıq” radiosunun, həm də başqa sorğularda rəqiblərini üstələdiyi göz önündədir. Seçicilərlə görüşü də bunu isbatlayır.