Vəfa Quluzadə: «Kiyev dəfələrlə bəyan edib ki, Ukraynanı Avropaya inteqrasiya kursundan döndərmək mümkün deyil»
Bəzi KIV-lər Ukraynanın baş naziri Nikolay Azarovun hökumətin toplantısındakı fikirlərini bu ölkənin Gömrük Ittifaqına qoşulmaqla bağlı prinsipial razılığı kimi dəyərləndirirlər. Belə bir yozuma səbəb Ukraynanın baş naziri Nikolay Azarovun hökumətin sentyabrın 26-da keçirilən toplantısındakı bəyanatı səbəb olub. Baş nazir Ukraynanın Gömrük Ittifaqına üzvlüyü üçün heç bir maneənin olmadığını deyib.
Amma Ukrayna Gömrük Ittifaqında tam hüquqlu üzv şəklində qoşulmaq niyyətində deyil. Və son həddə Ukrayna bu təşkilatın yalnız bir sıra layihələrinin iştirakçısı ola bilər.
Politoloq Vəfa Quluzadə bildirdi ki, baş verənlərin fonunda Ukraynanın baş naziri bir daha təkrarlayır ki, Kiyev Avropaya inteqrasiya yoluna sadiqdir və xarici siyasət vektorunun əsas istiqamətini məhz bu xətt təşkil edir: “Kiyev dəfələrlə bəyan edib ki, Ukraynanı Avropaya inteqrasiya kursundan döndərmək mümkün deyil. Ukrayna Gömrük Ittifaqı ilə əməkdaşlığı yalnız öz maraqları çərçivəsində edəcək. Ukrayna Gömrük Ittifaqının fəaliyyətini öyrənmək üçün bir qrup müəyyənləşdirib və həmin qrupda baş nazirin müavini aparıcı şəxs olacaq. Bu, Ukraynanın Gömrük Ittifaqına daxil olması kimi dəyərləndirilməməlidir. Rusiya Ukraynanın ən iri qonşusudur və Ukrayna bu ölkə ilə əməkdaşlıqdan heç zaman imtina etməyib. Bütün ölkələr özlərinə sərf etdikləri formada Gömrük Ittifaqı ilə əməkdaşlıq edə bilər”.
Gömrük Ittifaqı ilə bağlı müzakirələrin qızışdığı bir zamanda Saakaşvilinin BMT-dəki çıxışı ilə Rusiyaya növbəti ciddi zərbəni vurduğunu deyən V.Quluzadə bildirdi ki, Rusiya iqtidarı baş verənlərdən çox narahatdır: “Çünki Saakaşvili çıxışı zamanı həm Gürcüstanın, həm də Qarabağın işğalına görə Rusiyanı suçlayıb. Ermənistanın Gömrük Ittifaqına sürükləməsinə görə Rusiya günahkar sayılıb. Əslində bu, həm Azərbaycanın, həm də Ermənistanın maraqlarına uyğundur. Ona görə Rusiyanın müstəqil KIV-ləri Saakaşvilinin bu çıxışını dəstəkləyiblər. Bu çıxışı ilə Saakaşvili nümayiş etdirdi ki, o güclü siyasətçidir. Prezidententlik müddəti bitəndən sonra o, həm Gürcüstanda, həm də dünyada güclü siyasətçi kimi qalacaqdır”.
Xəyal