Yaptokratiyanı müdafiə edən adamların çətin vəziyyətdə düşdükləri situasiyaya fikir vermisinizmi? Bir sabiq baş prokuror vardı – Əli Ömərov. Övladlarına iş vermirdilər deyə, aylarca bir zamanlar uğrunda nə qədər ocağı qaraltdığı, nə qədər ailəyə bədbəxtlik bəxş etdiyi Əliyev hakimiyyətinə demədikləri qalmadı.
Belə nümunələrin sayını istənilən qədər artırmaq olar. Amma gəlin onların tarixdə hər zaman qınaq və ikrahla xatırlanacaq adları ilə bizə ayrılan bu köşə yerini doldurmayaq, əsas mətləbə gələk.
Bəli, biz bir az çətinə düşən kimi bir vaxtlar can-başla qulluq etdikləri sistemə dişinin dibindən çıxanı deyənləri az görməmişik. Nə vaxt ki, bu rejim onları yağ içində böyrək kimi bəsləyib…
“Gözün üstə qaşın var” deməyib…
Onlara zəngin, lüks həyat sürmək üçün hər şəraiti yaradıb…
Onların sadəcə karyera, vəzifə, maddiyyatla assosiasiya olunan eqolarını təmin edib, o vaxtadək dillərindən “ümummilli lider”, “dahi rəhbər”, “dünya şöhrətli siyasətçi”, “sönməz günəş” kimi əttökən, bayağı ibarələr düşməyib, amma elə ki, hardasa bunların maraqlarına toxunulub, vəzifədən qovulublar, işsiz qalıblar, biznesləri əllərindən alınıb, birdəfəlik şprislər kimi istifadə edilərək kənara atılıblar, o saat yadlarına həqiqəti söyləmək düşüb.
Nə vaxtki, başdan-ayağa zülm, zalımlıq, amansızlıq, müstəbidlik üzərində bərqərar olunan Əliyevçi sistemin dəyənəyinin bir ucu da bunları tutub, o saat başlayıblar bu hakimiyyətdə bir nəfərin də rüşvətə bulaşmadığını…
Korrupsiyanın rejimin damarlarına işlədiyini…
Oliqarxların harınlığını…
Inhisarların ölkənin belini qırdığını…
Hüquqsuzluğun, haqsızlığın, ədalətsizliyin xirtdəyədək çıxdığını açıq-açıq söyləməyə.
Hamının bildiyi bu adi həqiqətləri niyə yazıram…
Kiçik, amma önəmli bir müqayisə üçün.
Məsələn, Zaur Qurbanlı. Qorxunc bir xəstəlikdən əziyyət çəkir. Elə bir xəstəlikdən ki, məhbusluq həyatı onun üçün ölümün nəfəsini kürəyində hiss etmək kimi bir şeydir. Hər an hər şey baş verə bilər.
Bəs Zaur niyə həbsdədir? Dəyərlər uğrunda! Hansı ki, bu dəyərlər nə vəzifədir, nə hardasa şadlıq sarayı, hardasa supermarket sahibi olmaq, hardasa göydələn tikmək, hardasa villa sahibi olmaqdır. Söhbət azadlıq, hüquq, ədalət kimi bəşəri dəyərlərdən gedir. Hansı ki, yaptokratların sadəcə maddiyyata, sərvətə, vəzifəyə köklənmiş dünyagörüşləri, yaşam fəlsəfələri bunlar uğrunda həbsə düşməyi, sürgün həyatı yaşamağı, təhdidlər, təzyiqlər, repressiyalar dadmağı inkar edir. Onlara gülməli gəlir ki, adam da belə şeylərə görə öz ömrünü dəmir barmaqlıqlar ardında keçirməyə razı olar?
Zaursa hətta qorxunc xəstəliyin caynağındaykən həbsə razılaşır, amma bəşəri dəyərlərdən, çağdaş ideallardan vaz keçmir. Onları rejimin hansısa şirnikləndirici, maddi təkliflərinə dəyişmir.
Amma yaptokratlar iki gün vəzifəsiz qalan, oğul-uşaqları beş gün özünə iş tapmayan kimi ətəyini öpdükləri rejimi “baqaj”a qoyurlar, onu ifşa edən açıqlamalar, müsahibələr verirlər.
Nə vaxtadək öz maddi durumları yaxşıdır – Ilham Əliyev yaxşıdır. Elə ki, vəzifədən də, dəbdəbəli həyatdan da məhrum olurlar – hakimiyyət olur oğru, korrupsioner, rüşvətxor.
Zaur kimi gənclər bəşəri dəyərlər üçün həbsi belə göz önünə alır.
Amma bunların bir naziri özünə həbs təhlükəsi yarananda hansısa terrorçunu şəklini başı üstündən asdığı adamın göstərişi ilə açıb buraxdığını deyir, bir növ “məndən əl çəkin, elə etməyin açım sandığı, töküm pambığı” deyə şantaj edir.
Bu müqayiəsədən aydın deyilmi Azərbaycanda mübarizənin kimlər arasında getdiyi…
Bir yanda “bağda ərik var idi, salam-əleyk var idi, bağda ərik qurtardı, salam-əleyk qurtardı” əxlaqı ilə yaşayanlar, bir yanda ən ağır şərtlər altında belə müdafiə etdikləri dəyərlərin arxasında dimdik dayananlar, həbsdə belə, bu dəyərlər uğruna geri addım atmayanlar.
Bir yanda maddiyatçılar, bir yanda mənəviyyatçılar…
Bir yanda hər şeyi cüzdanı ilə müəyyənləşdirənlər, bir tərəfdə vicdanı ilə müəyyənləşdirənlər…
Onlar arasında seçim etmək doğrudandamı, çox çətindir?
Cüzdanınızdan əvvəl vicdanınız gəlirsə, əlbəttə, bundan asan seçim ola bilməz.