Korrupsioner kadrlarla, irəli!

Daha bir debat arxada qaldı. Bu debatda mənim ən çox yadımda qalan Əli Əhmədovun Cəmil Həsənliyə uyarısı oldu: sənə cinayət işi açılacaq! Bunu biz hamımız bilirik: C.Həsənliyə cinayət işi açılmalıdır – bu hakimiyətin DƏHŞƏTLI cinayətlərini dilə gətirdiyinə, açıb-tökdüyünə görə! Ancaq bir var bizim bunu bilməyimiz, bir də var Əli Əhmədovun deməyi. Ə.Əhmədov “kuxnadan” soraq verir. Bu rejim qalsa, seçkidən sonra ölkədə böyük tutqu-repressiyalar olacaq: qarşıdakı beşillikdə ölkəni azacıq da əngəl-dirəniş görmədən bütünlüklə soyub-yağmalamaq üçün!

C.Həsənli debatlarda açıq-açığına kriminal xarakter daşıyan bir çox faktlar açıqlayıb. Fiqurantlar kimlərdir? Prezidentin özü, nazirləri. Onun ən “yoxsul” naziri Ismət Abbsovun 27 yaşlı oğlunun Londonda 26 milyon dollarlıq mülkü olduğu ortaya çıxıb. Onun ən “yoxsul” idarə rəislərindən olan dəmiryol idarəsinin rəisi Arif Əsgərovun təkcə arvad sarıdan 28 milyon manatlıq oğurluğu ortaya çıxıb. Belə faktlar bir deyil, beş deyil. Sözsüz, bütün bu sayaq oğurluq-yeyinti-mənimsəmə faktlarına görə… professor Cəmil Həsənliyə cinayət işi açılmalıdır – axı, Ismət Abbasovun da, Arif Əsgərovun da, onlara tay bir çox başqalarının da arxasında regionun ən güclü, LIDER dövlətinin ən güclü,  LIDER prezidenti dayanır! Professor C.Həsənli bu gerçəyi qabaqcadan bilməli idi, bilmirsə, Əli Əhmədov deyən kimi, getsin müstəntiqlərə cavab versin. Cavab da yox, hesabat versin. Hesabat versin, bilsin: heydərizm rejimində prezidentdən hesabat istəyən (özü də dönə-dönə istəyən!) müstəntiqə hesabat verməlidir: kimsən? nəçisən? kimlərin, hansı Azərbaycana düşmən dövlətlərin diktəsilə prezidentdən hesabat istəyirsən? Elə bilirsiz deməyəcək? Deyəcək, lap artıqlamasilə: rejim qulluqçu-qoruyucularının əlində indi hər hansı müxalifətçi nədi, Rixard Zorgeni belə, ağlasığmaz boynunaalmalarda bulunduracaq texniki araçlar var. Elə bilirsiz neft-qaz pullarının hamısı oğurlanıb-mənimsənir? Elə olsaydı, 20 il duruş gətirməkmi olardı?! Milyardlar mənimsənirsə, hərbi-polis rejiminə də milyonlar buraxılır – özünüqoruma üçün! 

Uzun danışmağa gərək yox: istənilən prezidenti dəyərləndirməyin ən asan, ən düzgün yolu onun kadrlarına baxmaq, onları gözdən keçirməkdir. Kadrlarını göstər, deyim sən kimsən. Kadrların doğrudursa, sən də doğrusan, kadrların oğrudursa, sən də oğrusan. Bu, aksiomdur. Min dənə Əli Əhmədov, milyon dənə Zahid Oruc çıxar ortaya – gərəksizdir; onlar açıq, özü də çoxsaylı oğurluq faktlarını ört-basdır edə bilməzlər. Buna görə mənim ulusum belə deyir: ən böyük biclik düzlükdür! Anamdan eşitdiyim bayatıdır: 

Yükü yığdım düzünə,

Pərdə çəkdim üzünə.

Yığdım dünyanın varın,

Yenə verdim özünə.

Sən bu iki fəlsəfənin birini də saymır, özünə yaxın qoymursansa, onda… sonu bəlli Qəzzafisən. Mən o sayaq sonluğu düşmənimə də diləmərəm. Necə də acınacaqlı idi: “Məni öldürməyin, axı, mən sizin atanızam”. Ata Atatürk, Mahatma Qandi, Nelson Mandela, bizim çağlarda, Vatslav Havel idi. Onlar gerçəkdən ATA idilər – milləti özünə deyil, özünü millətə qulluqçu sayan doğru-düzgün, gerçək ATAlar!

A.Əlizadə debatda “adın unutduğu” politoloqun onun çıxışları ilə bağlı “Azadlıq” qəzetində yanlış bilgi verdiyini bildirdi. Politoloq onun hər debatda Cəmil Həsənliyə hücum çəkmək yerinə, ələ düşən olanaqdan yararlanıb sosial-demokratiya ideyalarını yaymalı olduğunu bildirmişdi. Başlanğıcdan rejimə qulluq-yarınma yolu tutduğu açıq görünən bu adam özünü bir cümləlik pensiya, bir cümləlik aylıq söyləməsi ilə duruya çıxarmağa çalışır. Rejimin xalqa yağı sosial siyasətini ardıcıllıqla ələşdirmək yerinə, bir cümləylə gözə kül üfürüb… Cəmil Həsənliyə, müxalifətə hücuma keçməyin adı nədir? Sosial-demokratiyanın Özgürlük, Düzgünlük, Birgəlik kimi bizim indiki sosial-siyasi durumumuzda çox gərəkli dəyərləri var – onlardan niyə danışmnırsan? Tapşırıq başqadır…