Hakimiyyətin ümid çıraqları

Yapçılar 10 ildir həşir qopardırlar ki, Ilham Əliyevin alternativi yoxdur. Biz dəfələrlə yazmışıq ki, 20 illlik bir rejimin siyasi lider yetişdirə bilməməsi biabırçılıqdır. Bu məntiqlə belə çıxır ki, Ilham Əliyev olmasa, YAP heç bir məna ifadə etməyəcək və ölümə məhkumdur.

Ancaq sonrakı dövr, xüsusən də seçkilərə start veriləndən sonrakı dövr sübut etdi ki, bu rejim nəinki alternativ siyasi lider, hətta alternativ tərəfdar da yetişdirə bilmir. Namizədlərin teledebatından sonra aydın oldu ki, YAP-ın ən yaxşı müdafiəçisi Hafiz Hacıyevdir. Yəni Ilham Əliyevə “qardaşım” deyəcək “siyasi subyekt” Hafiz Hacıyevdir. Bu adamın cəmiyyətdəki nüfuzunu, fəaliyyət istiqamətini analiz etsək, “Allah düşmənimə də qismət etməsin” duası edərik. Ancaq rejim bu şəxsi özünə dost etdi. Faciə bununla da yekunlaşmadı. Ilham Əliyevə dəstək vermək növbəsi akademik Nizami Süleymanova çatdı. Nizami müəllim “Yeni Azərbaycan” qəzetinə verdiyi müsahibədə deyir: “Azərbaycan seçicilərinin 90 faizinin qəti mövqeyi bundan ibarətdir ki, Azərbaycanda cənab Ilham Əliyevin alternativi yoxdur. Ona görə də bütün xalqımız Ilham Əliyevə səs verəcək”. Bu sözü deyən adam, uzun illər ANS-in “Qulp” verilişində hakimiyyətə qulp qoyan, məmurları “girenko” adlandıran şəxsdi. “Qulp” verilişi yumoristik verilişdi və hamı bu verilişə əylənmək, gülmək üçün baxır. Yəni hakimiyyəti gülüş obyektinə çevirən adam, indi hakimiyyətin ağlamalı günündə “ağı” deyir. Hətta bu adam bir vaxtlar prezidentliyə namizəd də olub. Bədəbxtlik ondadır ki, özünü akademik adlandıran şəxs, ölkənin tanınımış profesoru Cəmil Həsənliyə qarşı şər-böhtan deməyi özünə rəva görür. Cəmil Həsənlinin gözündə problem olduğunu söyləyən Nizami Süleymanovun öz gözlərini nə ilə bağlayıblar ki, həqiqətləri görə bilmir?

Bu sadaladığımız iki fakt hakimiyyətin kimlərə ümid etdiyini, kimlərə möhtac olduğunu, Ilham Əliyevi kimlərin dəstəklədiyini göstərmək üçündür. Bu hakimiyyət öz yarıtmaz siyasəti ilə səmimi dostlar qazanmaq, əsl ziyalı dəstəyi almaq şansını da itirib.

600 minlik üzvü olan partiya, haqqında müxtəlif “əfsanə”lər gəzən müğənnilərin dilindən Ilham Əliyevə dəstək alacaq qədər, partiyaya üzv olmasını təklif edəcək qədər cılızlıq nümayiş etdirir. Cəmil Həsənliyə dəstək olduğunu ifadə edənlər isə ölkənin tanımış ziyalıları, öz sifətini hər zaman saxlamış insanlardı. 

Hafizlərin, Nizamilərin, Arazların, Qüdrətlərin, əlində yumurta tutmuş “zəhmətkeş”lərin ümidinə qalan hakimiyyət DƏYƏRlərdən danışır. Əslində, dəyərli insanları həbs edən, ölkədən didərgin salan, təxribatlara çəkən bir hakimiyyəti, satılmışların dəstəkləməsi qədər təbii heç nə yoxdur.

Cəmiyyətdə öz komandasına xəyanət edən insan kimi tanınanlar, bu gün kimlərinsə dövlətə xəyanət etməsindən danışır. Bir vaxtlar Əli Kərimliyə LIDERIM deyənlər, sonradan Ilham Əliyevə “liderimə xəyanət etməyə hazıram” deyəcək qədər alçala bildi. Indi bu alçalmışlar, Ilham Əliyevi yüksəltəməyə çalışır.

Saxta ziyalıların, saxta siyasətçilərin, saxta adamların ümidinə qalmaq, seçkini saxtalaşdırmağı etiraf etməkdir. Hakimiyyətin “ümid çıraq”ları qaranlığı dəf etmək gücündə deyil, xəfif bir meh bu çarağı söndürməyə yetər.

Atılmışların, satılmışların, vurulmuşların lideri olmaq, xalqın lideri olmamaq deməkdir. Hakimiyyətin yalnız pulu var. Pul isə hamını satın almaq gücündə deyil.