Milli Şuranın bu gün Bakıda Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda keçirdiyi sayca ikinci mitinqin nəticələrini siyasi liderlər yüksək qiymətləndirirlər.
Cəmil Həsənli: «Mitinq əsl seçki ab-havası ilə baş tutdu»
Milli Şuranın vahid namizədi Cəmil Həsənli hesab edir ki, keçirilən mitinq Azərbaycan xalqının dəyişiklik əzmində olduğunu bir daha nümayiş edirdi. Mitinqin nəticələrini çox yüksək qiymətləndirən C.Həsənli bu dəfəki aksiyanın da insanların öz haqlarına və hüquqlarına qovuşmaq istədiyini göstərdiyini düşünür: «Bu dəfəki görüş də yüksək səviyyədə, yüksək əhval-ruhiyyə ilə keçdi. Mitinq əsl seçki ab-havası ilə baş tutdu».
Əli Kərimli: «Cəmil Həsənlinin debatlarda səsləndirdiyi fikirləri xalq dəstəkləyir»
Milli Şuranın budəfəki aksiyasının da yüksək səviyyədə keçdiyini düşünən AXCP sədri Əli Kərimli vurğuladı ki, vətəndaşlar öz istəklərinə uyğun oaraq C.Həsənli ilə görüşə gəlmişdi: «Uzun illər ərzində Azərbaycan müxalifətinə qarşı aparılan birtərəfli kampaniyaya baxmayaraq bugünki mitinq göstərdi ki, xalqın arasında Milli Şuraya və onun vahid namizədi Cəmil Həsənliyə dəstək var. Cəmil Həsənlinin debatlarda səsləndirdiyi fikirləri xalq dəstəkləyir. Məhz buna görə də Cəmil Həsənlinin mitinqləri belə çoşqu ilə, kütləvi şəkildə, məhəbbətlə keçir. Mitinqlərin hər birində hiss olunur ki, Cəmil Həsənli daha çox xalqın namizədinə çevrilir, tərəfdarları artır. Bütövlükdə kampaniya yüksələn xətlə davam edir. Əminəm ki, növbəti mitinq bundan da izdihamlı olacaq».
İsa Qəmbər: «Bu seçki kampaniyasında Cəmil Həsənliyə rəqib yoxdur»
Müsavat başqanı İsa Qəmbər hesab edir ki, Milli Şuranın ikinci mitinqinin seçkinin liderini açıq şəkildə göstərdi: «Bu seçki kampaniyasında Cəmil Həsənliyə rəqib yoxdur. Çünki budəfəki mitinq 22 sentyabrdan daha çoşqulu, daha izdihamlı alındı. Mitinq həm iştirakçılarının sayı, həm də insanların əhval-ruhiyyəsi baxımdan fərqli idi. Baş verənlər proseslərin artan xətlə getdiyini göstərir. Cəmil Həsənlinin 22 sentyabr mitinqindəki çıxışı nə qədər xoşuma gəlmişdisə, bu dəfəki mitinqdəki çıxışı da bir o qədər xoşuma gəldi. Bir daha təsdiq olundu ki, istər televiziya debatlarında, istərsə də kütləvi aksiyalarda seçki kampaniyasının lideri Cəmil Həsənli və Milli Şuradır».
Xəyal