Cəmil Həsənli – intellektlə cəsarətin vəhdəti

Fikrət Cəfərli

Milli Şuranın irəli sürdüyü namizədin xalqın namizədinə çevrilməsi onu göstərir ki, artıq səhvlərə yol vermək vaxtı deyil. Sonu görünən hədəfə doğru dəqiq və planlı taktikayla getmək məqamıdır. Artıq hakimiyyətin dəyişməsi prosesi start götürüb. Bu gün bütün xalq intellektlə cəsarətin vəhdətinin şahididir.
Öz intellekti, cəsarəti, dəmir məntiqi ilə xalqın namizədinə çevrilmiş dünya şöhrətli ziyalı, yazdığı kitablar dünyanın möhtəbər elm ocaqlarında dərslik kimi istifadə olunan, professor Cəmil Həsənli xalqın bu rejimdən qurtulması üçün üzərinə düşənləri də, düşməyənləri də edir. Qətiyyət, iradə nümayiş etdirir. 9 oktyabrda baş tutacaq prezident seçkilərinin mühüm bir nüansı da diqqətdən qaçmamalıdır. Azərbaycan xalqı, Cəmil Həsənlinin timsalında, demokratik cəmiyyətin qurulması üçün canından keçməyə hazır olan dəmir iradəli, intelleklə cəsarəti özündə birləşdirən lider qazandı.
Cəmil Həsənli hakimiyyətin seçki ərəfəsində yaratdığı ruh düşkünlüyünü 5-10 dəqiqəyə darmadağın edərək, xalqımıza yeni nəfəs, mübarizə ruhu və əzmi verdi. O, xalqı bu istibdaddan qurtarmaq üçün həyatı bahasına başa gəlsə belə sonadək mübarizə aparacağını bəyan etdi və çıxışları ilə bunu təsdiq etdi. Professor Cəmil Həsənlinin əsl sərkərdəyə xas olan iradəsi onun xalqın arxasında yox, önündə olacağını göstərir. Bununla da ölkənin ictimai-siyasi düzəninin və mübarizə üsulunun qətiyyətə söykənməsi, uğura nail olmağın yolunu göstərməklə yanaşı, cəsarət simvolu kimi yeni yanaşmanın təməlini qoydu.
Böyük İslam filosofu Əbu Nəsr əl-Fərabi deyirdi: “Həkim bədən üçün nədirsə, filosof da cəmiyyət üçün odur. Filosof insanların ruhunu müalicə edir, ədaləti təbliğ edir ki, xoşbəxtlik əldə olunsun. Rəhbər isə cəmiyyətin ürəyidir. Rəhbər filosof və imam olmalıdır. İnsan ictimai varlıqdır. O, digər insanların köməyinə ehtiyac duymur. Cəmiyyət insanın fiziki, intellektual və mədəni ehtiyaclarını ödəyir. Yəni insanla, fərdlə müqayisədə cəmiyyət daha mükəmməldir”. Bu gün professor, filosof Cəmil Həsənlinin məhz qurmaq istədiyi mükəmməl cəmiyyət də budur. Mukəmməl cəmiyyət insanlığın ali zirvəsidir.
İnamla demək olar ki, millətimizin ləyaqətli yaşaması üçün apardığı müqəddəs mübarizədə xalqımız öz namizədi Cəmil bəyi – uca ziyalısını, onu ağ günlərə aparacaq bir şəxsiyyəti tək qoymayacaq. Onun bu haqq mübarizəsinə dəstək verəcək. Azad cəmiyyət qurmaq istəyən xalq kimi mübarizəyə qoşularaq filosof və imanlı namizədinə etimad göstərəcək. Öz tarixini olduğu kimi azad yaşamaq istəyini də ləyaqətli insana etibar edəcək. Azərbaycanımıızın tarixini tarixçimizlə yazayaq…