Zəvvarlarımız Həcc ziyarətinə oktyabrın 3-də gedəcək

Azərbaycan zəvvarları Həcc ziyarətinə oktyabrın 3-də yola düşürlər. Bu barədə Turan-a Qafqaz Müsəlmanları Idarəsinin şöbə müdiri Müqəddəs Payızov bildirib. Ziyarət təyyarə ilə olacaq. Bu məqsədlə 14 təyyarə reysinin həyata keçirilməsi gözlənilir. Zəvvarlar oktyabrın 3-dən başlayaraq 5 gün ərzində Səudiyyə Ərəbistanına aparılacaqlar. Bu il Azərbaycandan 3 mindən bir qədər çox zəvvarın ziyarətə getməsi gözlənilir. Təyyarələr Ciddə aeroportuna enəcək.

Suriyada, Iraqda silahlı toqquşmalar baş verdiyi üçün Azərbaycan tərəfi artıq 3 ildən çoxdur ki, avtobuslarla Həcc ziyarətinə getməyə son verib. Bu il Həcc ziyarətinə getmək üçün zəvvarlar 3750 manatla 4100 manat arasında vəsait ödəyiblər. Bu məbləğə bütün xidmətlər (qidalanma, oteldə qalmaq və s.) daxildir. Həcc ziyarətinin əməllərinin başa vuran hacılar vətənə qayıtmaq üçün artıq Ciddə deyil, Mədinə aeroportlarından istifadə edəcəklər. 

Zəvvarların səhhətlərinin nəzarətdə saxlanması üçün onlarla birgə həkim briqadası yola düşür. Həcc ziyarəti müddətində isə lazım gələrsə, təcili yardım göstərilməsi üçün kiçik həcmli tibb məntəqəsi yaratmaq nəzərdə tutulur. Həcc ziyarətinin ən son nöqtəsi olan qurban kəsilməsi bu il oktyabrın 15-16-na təsadüf edir ki, bu da bütün Islam dünyasında Qurban bayramı kimi qeyd edilir.