Yeni Azərbaycan Partiyasının üzvü, deputat Aydın Mirzəzadə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun Ermənistan mətbuatına verdiyi müsahibəsi barədə sərt tənqidlər səsləndirib.
AzNews.az-ın məlumatına görə, A.Mirzəzadə Rusiya səfirimizə bir neçə sual ünvanlayıb: “Doğrudanmı, P.Bülbüloğlu belə müsahibə verib? Ermənistan saytında verilən fikirlər doğrudanmı ona məxsusdur və fikirləri təhrif edilməyib? Nəyə görə Azərbaycan səfiri Ermənistan saytına müsahibəsində bir dəfə də olsun Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyini səsləndirməyib və qonşu dövlətin Azərbaycanın ərazi bütövlüyünü tanımadığına etiraz etməyib? Niyə cənab səfir Azərbaycan mətbuatında Ermənistanın düşmən obrazının yaradılmasından narahatdır? Mətbuatımız torpaqlarımızı işğal edən qonşu dövlətə dostmu deməlidir, onun cəbhə xəttindəki provokasiyalarına susmalıdırmı, yoxsa Ermənistana dost və qardaş hisslərimi aşılamalıdır? Nəyə görə cənab səfir Azərbaycan gənclərinin torpaqlarımızı işğal edən Ermənistanın düşmən kmi tanımasını “partlayıcı mina” adlandırır və Azərbaycan və Ermənistanı tərəzinin eyni gözünə qoyur?” A.Mirzəzadə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımayana və ölkəmizə qarşı düşmən hərəkətlərini dayandırmayana qədər hər şeyin öz adı ilə adlandırılmalı və bu məsələdə Azərbaycan ziyalılarının cəmiyyətə nümunə olmalı olduğunu hesab etdiyini bildirib.
Xatırladaq ki, P.Bülbüloğlu Ermənistanın news.am saytına müsahibəsində belə deyib: “…Əfsus ki, vaxt bizim əleyhimizə işləyir. Sirr deyil ki, sizin də, bizim də mətbuatda düşmən obrazı təbliğ edilir. Buna imkan vermək olmaz. Bununla biz gələcək nəsillərdə partlayacaq minaların əsasını qoyuruq”.